“Zirvələr bizimdir və bizim olacaq!”-MİLLƏT VƏKİLİ ALİ BAŞ KOMANDANIN QARABAĞA SON SƏFƏRİNDƏN YAZDI

Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev və onun ən yaxın, ən sadiq silahdaşı, ölkənin Birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Qarabağımıza, işğaldan azad olunmuş ərazilərimizə, Füzuli, Xocavənd və Şuşamıza növbəti səfərlərini etdilər.

Bu, tarixi 44 günlük İkinci Vətən Müharibəsindən, parlaq Zəfərimizdən ötən cəmi bir necə ay ərzində Qarabağımza edilən sayca beşinci tarixi səfərdir.

Bu, beçinci səfər, növbəti Zəfər, növbəti Qələbə, növbəti Tarix, növbəti Dərsdir.

Düşmənə, onun havadarlarına vurulan növbəti zərbədir,onlar üzərindəki növbəti mənəvi-siyasi Qələbədir.

44 günlük İkinci Vətən Müharibəsinin, parlaq 10 noyabr Zəfərinin, möhtəşəm 10 dekabr “Zəfər Paradı”nın davamıdır.

Zəfər dalında Zəfərdir, Qələbə ardınca Qələbədir!

Zəfər, Qələbə estafetimiz də bir an olsun belə, dayanmır, səngimir.

Hələ davamı gələcək, hələ çox çəkəcək, hələ çox Zəfərlər qazanacağıq, hələ çox Qələbələr çalacağıq, hələ çox İmzalar atacağıq imzalar içində.

Çünki İlham Əliyev kimi Qalib Sərkərdəmiz, örnək LİDERimiz, Azərbaycan kimi güclü, qüdrətli dövlətimiz, Müzəffər, Rəşadətli Ordumuz, İgid, Qorxmaz Əsgərimiz var.

Bəli, bu səfər də bir çox əlamətləri, əlamətdarlıqları, ilkləri ilə yadda qaldı.

 Belə ki, Füzuli-Hadrut avtomobil yolunun təməli atıldı, Hadrutda dövlət bayrağımız qaldırıldı, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməli qoyuldu, Hünərli kəndindəki Alban məbədi ilə tanışlıq baş verdi, tarixi Tuğ və Azıx kəndlərinə, Azıx mağarasına baş çəkildi, terrora məruz qalan Daşaltı kəndinin bərpası ilə bağlı tapşırıqlar verildi…

Bir daha məkrli, alçaq düşmənə və onun qanlı havadarlarına gözdağı verildi, bu səfər bir daha Qarabağın Azərbaycanın olduğunun, kimsənin, heç bir qüvvənin onu yenidən bizdən qopa, ayıra bilməyəcəyinin, Qarabağımza tam sahibləndiyimizin mesajı, uyarısı, xəbərdarlığı, açıq və birmənalı bəyan oldu.

Ali Baş Komandanımızın bildirdiyi kimi, bütövlükdə 44 günlük şanlı müharibəmiz, bizim Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir.

Azərbaycan müharibədə Zəfər çaldı, düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi. Hadrut qəsəbəsi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun mərkəzi sayılırdı.

Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunandan sonra keçmiş vilayətin Martuni və Hadrut rayonları birləşdirildi və Xocavənd rayonu yaradıldı. Bu əraziyə qədim tarixi adı – Xocavənd adı qaytarıldı.

Müharibə dövründə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunun 50 faizdən çox hissəsi və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun 100 faiz ərazisi işğalçılardan azad edildi.

Ölkə başçının bəyan etdiyi kimi, bəziləri müharibənin yekunlarını şərh edərkən deyirlər ki, Azərbaycan yeddi rayonu azad edib, bu, belə deyil.

Biz yeddi rayonu, Şuşa şəhərini, Suqovuşan qəsəbəsini, Talış qəsəbəsini, keçmiş Hadrut rayonunu, keçmiş Martuni rayonunun böyük hissəsini azad etmişik və tarixi ədaləti bərpa etmişik. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərkən tarixi nailiyyətlərə imza atdı.

Biz xalqımızın yeni tarixini yazdıq, şanlı qəhrəmanlıq tarixini yazdıq və azad edilmiş torpaqlarda bu gün böyük quruculuq işləri aparılır, böyük infrastruktur layihələri icra edilir. 

Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq.

Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik.

Ali Baş Komandan Azıxda olarkən dedi:

“Buradan isə gözəl mənzərə açılır. Azıx kəndi, bax, oradadır. Bax, buradan daha yaxşı çəkmək olar. Biz bu zirvəni qət etmişik. Bütün zirvələri qət edəcəyik. Elə zirvə yoxdur ki, onu biz qət edə bilməyək. Gəlin, bir yerdə deyək: “Azıx Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”.

Bəli, bütün Zirvələr bizimdir, bizim olacaq, bütün Zəfərlər bizimdir, bizim olacaq, bütün Qələbələr bizimdir, bizim olacaq!

Dağlı-aranlı bütün Qarabağ bizimdir, Qarabağ Azərbaycandır və Qarabağ Azərbaycanındır!

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Şəhid övladları-TÜRKİYƏDƏ – FOTOLAR

Read Next

Daha 840 yeni yoluxma-DAHA 9 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir