“Bir çox evlər su altında qalıb, mənim özümün valideynlərimlə birgə yaşadığım evə də yağış suları dolub…”-ELDƏNİZ SƏLİMOV XAÇMAZLILARA SƏSLƏNDİ, ONLARI SƏBRLİ OLMAĞA ÇAĞIRDI, YARANMIŞ VƏZİYYƏTİN ARADAN QALDIRILACAĞINA ƏMİNLİYİNİ BİLDİRDİ – FOTOLAR

Artıq iki gündür yağan aramsız yağışlar bir çox bölgələrimizdə, o cümlədən, Şimal rayonlarımızda, Xaçmazda, xüsusilə, Xaçmaz şəhərinin özündə çox ciddi fəsadlar yaradıb.

Evlərin çoxunun zirzəmilərinə, birinci mətrəbələrinə yağış suları dolub, bəzi evlər isə hətta su altında qalıb.

Küçələrdə, həyətlərdə yağış sularının hündürlüyü az qala 40-50 sm-ə çatıb.

Odur ki, Xaçmazdakı vəziyyətlə əlaqədar rayonun deputatlarından biri-Eldəniz Səlimovla əlaqə saxladıq.

Etikxeber.az-a açıqlamasında millət vəkili yağışın hələ də kəsmədiyini, davam etdiyini bildirərək, rayonda, onun kəndlərində, Xaçmaz şəhərinin özündə ciddi fəsadlara səbəb olduğunu, vətəndaşların evlərinə, mülklərinə ciddi ziyan vurduğunu bildirib:

“İki gündür ki, yağış durmadan-dayanmadan yağır. Rayonda, kəndlərdə, xüsusilə, Xaçmaz şəhərində çox ciddi fəadlar yaranıb. Evlər-eşiklər, iş yerləri yağış suları ilə dolub, hətta su altında qalan evlərimiz də var. Şəxsən mənim özümün valideynlərimlə birgə yaşadığımız evə də yağış suları dolub. Mənim də, ailəmin də xaçmazlılardan digər bir fərqimiz yoxdur…Ancaq bununla belə, vəziyyətin, fəsadların aradan qaldırılması üçün də ciddi işlər, tədbirlər görülməkdədir. Rayon rəhbərliyi, aidiyyatı strukturlar hamısı ayaq üstədir. İnanın iki gündür yuxu nədir bilmirəm…Həmçinin, digər aidiyyatı dövlət qurumları ilə əlaqə saxlanılıb, kömək istənilib və vəziyyətin aradan qaldırılması üçün hər kəs əlindən gələni edir, etməyə çalışır. Vətəndaşlarımızı da çox yaxşı anlayıram, gözəl başa düşürəm, çətin vəziyyətdədirlər, evlərini-eşiklərini yağış, su basıb.

Ancaq Xaçmazın deputatlarından biri kimi vətəndaşlarımıza, əziz xaçmazlılarıma səslənmək, müraciət etmək istəyirəm ki, bir qədər səbrli, təmkinli olsunlar, bir daha milli həmrəylik nümayiş etdirsinlər. İnanıram və qəti əminəm ki, belə də olacaq, ayrı cür dəola bilməz…Dövlət, hər kəs özü üzərinə düşəni görür və görməyə çalışır, heç kim əlini yanına salıb, dayanmayıb… Bu, təbii fəlakətdir, nə vaxt, haçan olacağı bilinmir. Ona görə vətəndaşlarımızı, xaçmazlılarımızı bir qədər də səbrli olmağa dəvət edirəm. Heç kəs diqqətdən kənarda qalmayıb və qalmayacaq, hər kəsə kömək ediləcək, üzləşdikləri fəsadlar aradan qaldırılacaq. Dövlətimiz çox güclüdür, bu günə kimi, çox çətinliklərin öhdəsindən şərəflə, layiqincə gəlib və bu imtahandan, bu çətinlikdən də elliklə üzüağ, alnıaçıq çıxacaq”-deyə, millət vəkili sözlərinə əlavə edib.

11:37

Etikxeber.az

Read Previous

“Bilməli olan hər kəsə agah oldu ki, Prezidentin işğaldan azad olunmuş ərazilərə səfəri “Qarabağ Azərbaycandır və nida” sözlərindəki həmin o nidanıdır…”-BƏHRUZ MƏHƏRRƏMOV YAZDI

Read Next

Qalibiyyət səfəri-QƏNİRƏ PAŞAYEVA YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir