Dahiyanə bir şeirin tarixi… YAZIÇI YAZDI

… Lap köhnənin söhbətidir. Həm aspiranturada təhsil alır, həm saathesabı dərs deyir, həm televiziyaya süjetlər yazır, həm də o dövrdə çox populyar olan gənclik qəzeti ilə əməkdaşlıq edirdim. Vəziyyət onda da elə indiki kimi idi. Ki yəni, təmiz, ləyaqətli yaşamaq üçün gərək o vaxt da gecə-gündüz çarpışaydın. 

Çalışdığım qəzetin tirajı yarım milyona çatırdı. Burada yazı dərc etdirmək nəinki “kənardan” gələnlər üçün, lap elə qəzetin öz rəsmi əməkdaşları üçün də əmri-mahal idi. 
Mən ədəbiyyat şöbəsində çalışırdım. Şöbə müdirimiz çox tanınmış bir şair idi.
Mən adətən nəsrə janrında olan yazılara baxırdım. Poeziya “məsələləri” isə müdirin “kurasiyasında” idi.
Onda şeir yazanlar indikindən dəfələrlə, bəlkə də yüz dəfə çoxdu. Mətbuatda çap olunmaq hər oğulun işi deyildi. Bəs necə, bir şeirlə bir gündə məşhur olmaq mümkündü. Hələ qonorarı demirəm…

Redaksiyaya hər cür adam gəlirdi. Qəzet, dediyim kimi, gənclik qəzeti idi. Amma redaksiyaya hər cür adam gəlirdi. Qoca, ortayaşlı, gənc… həvəskar və professionallar. Bir neçə yaşlı akademik, keçmiş nazir, milis işçisi də təqaüd yaşında şeir yazmaq, şair olmaq arzusuna düşmüşdü və öz yazılarının çap olunması üçün orda-burda adam axtarırdılar. Təbii ki, redaksiya ən çox şeir yazan gənclər gəlirdi.
Yadımdadır, o vaxtlar redaksiyaya tez-tez gələnlər arasında dağınıq saçlarına vaxtsız dən düşmüş, əsəbi görünüşlü bir adam da vardı. İndi adını unutduğum (bir az düşünsəm, bəlkə yadıma da düşə bilər onun adı) həmin adam arada özünün müxtəlif janrlarda qələmə aldığı yazılarını gətirirdi. Amma bu, işin “texniki” tərəfi idi. Adama elə gəlirdi ki, o, redaksiyada daha çox öz sevimli “şair kumirinin” əsaslı “reklamıni”, təbliğini aparmaq üçün ayaq döyürdü. Düzü, şöbə müdiri- tanımış şair, nə bu adamı xoşlayırdı, nə də onun “kumirini”. Hətta, bəzən həmin adam redaksiyaya gələndə müdir otağı tərk edirdi. Amma bu “dağınıq saçlarına vaxtsız dən düşmüş” qələm əhli öz işində idi; otaqdakı boş stullardan birində əyləşib öz sevimli şairini uzun-uzadı tərifləyir, yeri gələndə onun şeirlərindən palaz-palaz sitatlar gətirirdi.
Redaksiya əməkdaşlarının bir çoxu bu qəribə “azarkeşi” görəndə söz atmaqdan qalmırdılar: “Kumirin” necədir? O, indi nə yazır, nə üzərində işləyir?” Bu adam sevincək öz dostunun yaradıcılıq planları barədə məlumat varir, ondan iqtibaslar gətirirdi. Çoxları deyirdi ki, bu adam “o adamın”, yəni kumirin təşəbbüsü ilə nəyinsə müqabilində redaksiyalarda təbliğat işi aparır… Yeri gəlmişkən, bu orijinal adamın “kumiri” və dostu modernist şair idi, öz aləmində mücərrəd, abstrakt şeirlər yazırdı. İndi belələrinə “postmodernist” deyirlər. (Yeri gəlmişkən, mən bu məsələdə son vaxtlar bir az da irəli gedib, onlara “neoneopostmodernist” deyirəm. Yəni müasirin müasiri…)
Bir dəfə otaqda tək idim, əlim dinc durmadı, mən də bir “ekstravaqant” bir şeir yazmaq qərarına gəldim. Düzü, bu yazılan “şeirdən” baş açmaq hər adamın işi deyildi; lap elə özümün də… İndi o “şeiri” unutmuşam. Amma ona bənzərini yenə atüstü quraşdırmaq olar. Məsələn, belə:

Alnımda hər gecə gül-çiçəkli ildırımlar çaxır.
Gözləri kor olan ağaclat uzaqdan mənə baxır fağır-fağır.
Gecələr tavanımdan damır yuxularımın yağış damlaları,
Mən hələ doğulmasam da, artıq çoxdan olub ömür yarı.
İşlərim “hamardır” dəvənin beli kimi,
Kədərim çiçək açıb payızda kükrəməyən bahar seli kimi.
Qərənfillərin gözündə sönür qəndillərin işıq qəlpələri,
Nə sənin ürəyinin eşqi tükənib, nə mənim könlümün təpəri.
Balıqların gözündə açılır qaranlıq gecələrin yaxası,
Sən bu qərib dünyanın nökəri və ağası.
Eh, sən haradan tanıyasan Homeri, Dantesi, Molyeri.
Nə vaxtdır yanağında od tutub yanır xal yeri…
Ayaqlarım məzarlıqda kölgə tək sürünən kiçicik qəbir,
Mənə heç vaxt səbir verməyin, verın bürkülü Sibir.
Göylərdən mənə sarı boylanır içi yağışsız, tənha bir bulud.
İstəməsən məni unutma, amma istəsən elə birdəfəlik unut…
Uzaqda çalırlar bir yanıqsız ud…
O yağan yağışın ətəyindən tut…

Bəli, təxminən belə bir “şeir”.
Son nöqtəni qoyar-qoymaz qapı açıldı, “dağınıq saçlarına vaxtsız dən düşmüş” qələm dostumuz özünü otağa təpdi. İşarə elədiyim yerdə, yaxınlıqdakı stolda əyləşdi. Məni tək görüb xeyli ürəkləndi; axı bəzən onu otaqdan bir bəhanə ilə çıxarmaq istəyirdilər. Mən isə çalışırdım ki, onun xətrinə dəyməyim. Hər necə olsa da ədəbiyyatı sevən adamdı.
O, yenə böyük bir şövqlə sevimli “kumirindən” söhbət açıb onun ünvanına bir xeyli mədhnamə söylədi. Cibindəki əzilmiş kitabın arasından bir dəst vərəq çıxarıb uca bir avazla əsl poetik “nümunələrdən” parçalar oxumağa başladı. Dilim dinc durmadı. Dedim ki, indi mən sənə elə bu qəbildən bir şeir oxuyacam, öz fikrini deyərsən. Və başladım mürəkkəbi qurumamış, indi sizin oxuduğunuz həmin “şeiri”, ona oxumağa.
Şeir sona çatar-çatmaz “kumirin” dostu üzümə baxıb acizanə tərzdə dilləndi:
-Xahiş edirəm bu şeiri mənə verin.
Soruşdum:
-Neyniyirsiz bu cızmaqaranı? Bəyəm bu, şeirdir?
Mənim zarafatla dediyim bu söz deyəsən yerinə düşməmişdi.
Bayaqdan üzümə yalvarış dolu baxışlarla baxan bu adam birdən-birə əsib-coşmağa başladı, hiddətlə qışqırdı:
-Mən bilirəm, bütün ədəbiyyat adamları mənim dostumun paxıllığını çəkir. Heç kəsin gözü götürmür onu. Bu şeir də onundur. Biz onunla dünən görüşmüşük. O, mənə dedi ki, bu redaksiyaya şeir göndərib. Mən üslubundan bilirəm ki, bu, məhz onun şeiridir. Bəli, həmin şeirdir… Gələcəkdə bu şeirin əlyazmasının qiyməti milyonlarla manat olacaq…

Mən indiki təbirlə desək, az qala şoka düşmüşdüm. Belə getsə, bu zalım oğlu infarkt-zad keçirə bilərdi. Əlimin altındakı kağız parşasın- “şeir” yazılmış vərəqi ona uzatdıb dedim:
-İstəsəniz çapdan əvvəl mən bu şeiri sizə təqdim edə bilərəm. Ta niyə hirslənirsiz ki?
O, cəld ayağa durub təzim etdi. İrəli uzatdığım kağız parçasını az qala göydə qapıb öpdü, bağrına basdı, gözünün üstə qoydu:
-Bu, mənim dostumun ən dahiyanə əsəridir…
Ta bu sözlərin müqabilində mən nə deməli idim ki?

Firuz MUSTAFA

Etikxeber.az

Read Previous

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə 7809 ərizə və şikayət daxil olub – AÇIQLAMA – YENİLƏNİB

Read Next

Türkiyə hər zaman Azərbaycanın yanındadır – BOZKIR – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir