“Karantində Türkiyədə təhsil alan bir tələbəmiz var onunla əlaqədəyik…”-DEPUTAT NÖVBƏTİ DƏFƏ ÇAĞIRIŞ ETDİ

Milli Məclisin (MM) komitə sədrinin müavini Sahib Alıyev növbəti dəfə seçicilərinə, tərtərlilərə müraciət edib.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Doğma tərtərlilər, deputatınız olaraq son 10 gündə bu, üçüncü çağırışdır ki, mən sizə edirəm!

Siz ötən əsrin 90-cı illərinin o qanlı-qadalı günlərində təkcə qəhrəmanlığınzla yox, həm də ayıq-sayıq davranışınız və az sonra bildirəcəyim daha bir neçə müsbət keyfiyyətlərinizlə fərqləndiniz. Biz indi də sınaq qarşısındayıq. Bundan öncə də vurğulamışdım və başqa ölkələrin də təcrübəsi göstərir ki, indi qarşılaşdığımız COVİD-19 adlı koronavirus zərər yetirmək, can almaq potensialı baxımından 90-cı illərin əvvəllərində torpağımızı işğal edən, etnik təmizləmə siyasəti yeridən düşməndən- geosiyasi viruslardan daha təhlükəlidir.

Hazırda bu virus üzərində qələbənin ən doğru, effektli yolu ona yoluxmamaq və başqalarını da yoluxdurmamaqdır. Onun üçün də bu günlərdə hamı bir nəfər kimi dövlətimiz adından irəli sürülən bütün tələblərə əməl etməli, kimlər evdə qalmalıdırsa evdə qalmalı, işləmələri gərəkənlər isə virusa yoluxmamaq üçün tövsiyyə olunan qaydalar çərçivəsində davranmalıdırlar.

Tərtərlilər bu məsələdə digər soydaşlarımızdan daha həssas, daha məsuliyyətli olmadırlar. Öncə də dediyim kimi orada hərbiçilərimz də var ki, onların bu virusa yoluxmalarına heç cür imkan verməməliyik. Unutmamalıyıq ki, virus öz-özünə yayılmır, onu yayan biz insanlarıq.Mən sosial şəbəkədəki videolarda gənclərimizin, hətta balaca uşaqlarımızın belə “Evdə Qal” çağırışlarını izləyir, inanmaq istəyirəm ki, 90-cı illərin əvvəlində və 2016-cı ilin aprelində bir addımlıqlarında ağır döyüşlər gedərkən tərtərlilər necə birlik, mətnlik, soyuqqanlılıq sərgiləmişdilərsə, yenə də o cür hərəkət edəcəklər.

Tərətər camaatı ötən əsrin 80-ci iilərinin axırı, 90-cı illərin əvvəllərində həm də qaçqın və köçkünlərimizə göstərdikləri xeyirxahlıqları, yardımsevərlikləriylə iz qoydular. İnanıram ki, yenə də bütün bu müsbət keyfiyyətlərininizi göstərəcək, tanıdıqlarınız, əliniz çatanlar arasında çətinliklərlə üzləşənlərə bacardığınız yardımları əsirgəməyəcəksiniz. Bu il həcc ziyarətləri bəlli səbəbdən baş tutmayacaq dindarlarımıza bildirirəm ki, fikrimcə, indi din yolunda ən böyük xidmət məhz yardıma ehtiyac duyanların dadına çatmaqdır.

Hazırda Bakıda olan, müxtəlif səbəblərdən rayona dönə bilməyən tərtərlilərdən xahişim budur ki, hər hansı bir çətinliklə üzləşdikləri halda mənə xəbər etsinlər. İndi burada karantində Türkiyədə təhsil alan bir tələbəmiz var onunla əlaqədəyik, heç bir problemi yoxdur və tezliklə evə buraxılacaq. Dövlətimizə gəldikdə xarici medianı ardıcıl izləyənlər bilirlər, Azərbaycan koronavirusun vurduğu və vura biləcəyi zərərləri mümkün dərəcədə azaltmaq üçün sistemli tədbirlər görən bir dövlət olaraq digərlərinə örnək göstərilir.

Və yəqin orasını da bilirsiniz ki, bir çox dövlətlərin rəhbərləri cənab Prezidentimizin və Birinci vitse-Prezidentimizin özlərinin bir illik məvaciblərini koronavirusla mübarizə fonduna keçirmələindən sonra buna bənzər addımlar atmağa başladılar. Bir neçə dövlət qurumu hazırda çoxlu sayda müəssisə və şirkətlərinin dayanması səbəbindən çətinliklərlə üzləşən sahibkarlara, işlərini itirənlərə, sosial baxımdan həssas təbəqənin bütün təmsilçilərinə yardım proqramı üzərində işləyir və bildiyimə görə artıq onun reallaşmasına sayılı günlər qalır.

Bunun üçün bir milyard manat vəsait ayrılıb, lazım gəldiyi halda yəqin yenə də ayrılacaq. Çünki Azərbaycan dövləti, dövlətimizin başçısı cənab İlham Əliyev fors-major hallarda həmişə çətinliklərlə üzləşən vətəndaşların yanından olub, onlara sözün hər anlamında yiyə durub, dardan çıxarıb. Aprel döyüşləri zamanı evləri dağılanlar, xətər görənlər Prezidentimizin xanımıyla birgə bütün təhlükələri gözardı edərək o günlərdə Tərtərə gəldiklərini, onlarla görüşdüklərini və cəmisi 7 aya 250-dən çox dağılan, xətər görən evlərin hamısını ya yenidən tikdirib, ya da təmir etdirərək istifadələrinə verdiklərini yaxşı xatırlayırlar.

Bir daha vurğulayıram ki, dövlətimiz iş yerini itirməsi və digər səbəblərdən çətinliklərlə üzləşən vətəndaşına yenə də yiyə duracaq. Çox yaxın günlərdə biz bunu görəcəyik. Amma elə adamlar var ki, müəyyən yardıma məhz bu gün, bu saat, bu dəqiqə əşhədü- ehtiyac duyurlar. Bilirəm ki, Tərtər Rayon İcra Hakimiyyəti bu yöndə müəyyən addımlar atır. Biz də fərd olaraq köməyə ehtiyac duyanlara imkanımız nəyə çatırsa onu etməliyik.

Və özümüzdən çox digərlərinin bu qəbildən olan xeyirxah əməllərini sosial şəbəkədə də paylaşsaq pis olmaz. Çünki yaxşlıq sözün hər iki anlamında paylaşdıqca artır.Mən sizə güvənirəm və bilirəm ki, biz bu sınaqdan da üzü ağ çıxacağıq. Hamınızı bağrıma basır, Allaha ismarlayıram! Biz birlikdə güclüyük!”

Etikxeber.az

Read Previous

“Görərsiniz, evimizə şəhid kimi qayıdacağam!” deyirmiş…”- ŞƏHİD İBRAHİM VƏLİYEVİN ÖLÜMÜNDƏN 40 GÜN KEÇDİ, MİLLƏT VƏKİLİ ONUN İGİDLİYİNDƏN SÖZ AÇDI

Read Next

“Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramının müzakirəsi gedir…”-İBRAHİM MƏMMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir