Milli Məclisin növbəti iclası: SPİKER 15 İYUNDAN DANIŞDI, KOMİTƏ SƏDRİNİN MÜAVİNİ YENİDƏN NAXÇIVANLA BAĞLI MƏSƏLƏ QALDIRDI, MİLLƏT VƏKİLİ İNTERNET PROBLEMİNDƏN SÖZ AÇDI…- YENİLƏNİB – (6)

Bu gün saat 11:00-da Milli Məclisin (MM) növbəti plenar iclası keçiriləcək.

Etikxeber.az-ın məlumatına görə, ilkin olaraq, gündəliyə 7 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır: 

  1. “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
  2. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
  3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
  4. Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
  5. “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
  6. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
  7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş)

Qeyd edək ki, iclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

İclasda həmçinin, cari məsələlərlə bağlı müzakirələr açılacaq.

Deputatlar yenə bir-birindən iki metr aralıda əyləşəcək, tibbi masklar və əlcəklərdən istifadə edəcəklər.

Eyni zamanda, karantin rejimi ilə əlaqədar bu dəfə heç bir KİV təmsilçisi MM-in iclasını izləmək və işıqlandırmaq üçün parlamentə buraxılmayacaq.

08:35

***

MM-in iclası öz işinə başlayıb.

İclası spiker S. Qafarova aparır.

11:01

***

 S. Qafarova bildirib ki, bir neçə gündən sonra xalqımız tariximizə qızıl hərflərlə yazılmış 15 iyun – Milli Qurtuluş Gününü qeyd edəcək:

 “Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin dönüş nöqtəsidir, xalqımızın, Azərbaycan dövlətçiliyinin sözün həqiqi mənasında xilası tarixidir.  Bu tarixi yaradan, yazan isə milli, müstəqil dövlətçiliyimizin banisi Ulu Öndər Heydər Əliyevdir. Heydər Əliyevin yüksək səriştəsi, liderlik bacarığı, zəngin dövlətçilik təcrübəsi Azərbaycanı siyasi təlatümlərdən, beynəlxalq təcriddən xilas etdi. Ölkəmizdə hökm sürən özbaşınalıq aradan qaldırıldı və ictimai-siyasi sabitlik təmin olundu. Qısa müddət ərzində Ümummilli Liderin rəhbərliyi ilə köklü islahatlar başlandı, dövlətçiliyin əsasları yaradıldı. Buna paralel olaraq, cəmiyyətimizin ideoloji əsasları formalaşdırıldı, azərbaycançılıq məfkurəsi dövlət ideologiyası kimi qəbul edildi. Demokratik inkişaf, insan hüquqları ilə bağlı çox ciddi islahatlara start verildi”.

Spiker qeyd edib ki, qurtuluş tarixi məhz MM-də yazılmağa başlanıb: 

“Ulu Öndərin parlamentimizə rəhbərlik etməsi Azərbaycan parlamentarizm tarixinin parlaq bir səhifəsini təşkil edir. O vaxta qədər siyasi çaxnaşmaların, marginal qrupların mübarizəsinin mərkəzi olan Azərbaycan parlamenti Heydər Əliyevin rəhbərliyi ilə demokratiya məbədinə, Azərbaycanın gələcək inkişaf yolunun müəyyən olunduğu strateji bir mərkəzə çevrildi. Ulu Öndər məhz parlamentin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi”.

Sonra parlamentin iclas zalında MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar hazırladığı video-material nümayiş olunub.

Tədbirdə çıxış edən deputatlar Milli Qurtuluş Günü ilə əlaqədar fikirlərini bölüşüblər, bu günün Milli tariximizdəki rolunu və əhəmiyyətini xüsusi vurğulayıblar, seçiciləri maraqlandıran məsələlərdən söhbət açıblar.

MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev Avropa Parlamentinin Ermənistanın Dağlıq Qarabağa üçüncü yol çəkməsi əleyhinə verdiyi bəyanatı Azərbaycan diplomatiyasının uğuru və Avropa Parlamentinin obyektiv qərarı kimi dəyərləndirdilər.

***

Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıb.

“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini ikinci oxunuşda MM-in İqtisadi siyasət, sənaye və sahibkarliq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Müzakirələr zamanı çıxış edən deputatlar 2019-cu ilin dövlət büdcəsinin icrasını yüksək qiymətləndirdiblər, qeyd və təkliflərini veriblər. Bir sıra məsələlərə Maliyyə naziri Samir Şərifov tərəfindən aydınlıq gətirilib.

Müzakirələrdən sonra “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

***

“Milli Məclisdə Naxçıvana getməli olan, eyni zamanda Naxçıvandan Bakıya gəlməli olan vətəndaşların problemini qaldırdım”.

Bunu MM-in Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa deyib.

Qeyd edib ki, hökumət ancaq online bilet almağa imkan tanıyıb, elə insan var ki, nə interneti var, nə də kartı.

“Bilet almada qeydiyyat məsələsi məhdudiyyəti də qoyulub. Nə qeydiyyatdır bu? Kimlər qalıbsa siyahıya alın göndərin, əlavə sıxıntı niyə yaradırsınız? Üstəlik bilet pulu da yoxdur. Maliyyə nazirinə müraciət etdim ki, təcili əlavə təyyarələr üçün pul ayrılmalıdır. Bilet pulu olmayan vətəndaşlar dövlət hesabına biletlə təmin olunmalıdır. Əgər vəsait yoxdursa, şəxsən mən öz maaşımdan 20 nəfərə bilet almağı öz öhdəmə götürürəm. Hesabı göstərin ora keçirim. Ümid edirəm ki, bilet Bunlar xarici ölkə vətəndaşı deyillər, 3 aydır evlərindən didərgin düşüblər, ana gedib Naxçıvanda əsgərlikdəki oğluna baş çəkməyə, yol bağlanıb qalıb orada. Üç aydır xeyirxah insanların gətirdiyi azuqə ilə ayaqda qalır. Naxçıvanlıları bu ağır şəraitdən çıxması üçün bütün zəruri addımlar atılmalıdır”-deyə, o, əlavə edib.

13:10

***

Sonra MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə təklif olunan dəyişiklikləri ikinci oxunuşda təqdim edib.

O, dəyişikliyin ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması sahəsində görülən tədbirlər çərçivəsində məhkəmələrin fəaliyyətinin monitorinq sisteminin təkmilləşdirilməsi məqsədini daşıdığını deyib. Layihə səsə qoyularaq ikinci oxunuşda təsdiqlənib.

Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi ikinci oxunuşda təqdim olunarkən Əminə Ağazadə bildirib ki, bu dəyişikliklər Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə əlaqədardır. Belə ki, ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə məcəlləyə bir sıra dəyişikliklər təklif olunur. Bu dəyişikliklər “Elektron məhkəmə” informasiya sisteminin tətbiqini, müasir informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə edilməklə, xüsusi hallarda cinayət prosesinin videokonfrans vasitəsilə davam etdirilməsini təmin edən yeni maddələrin əlavə edilməsini, həmçinin bu sahədə müasir informasiya vasitələrinin tətbiqini nəzərdə tutur.

Bu layihə də səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

***

Daha sonra Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı məlumat verib.

O, deyib ki, layihəyə əsasən Naxçıvan Muxtar Respublikasının Babək qəsəbəsinə şəhər statusunun, Cəhri və Nehrəm kəndlərinə isə qəsəbə statusunun verilməsi nəzərdə tutulub. Komitə sədri son illər Babək rayonunda geniş abadlıq, quruculuq tədbirlərinin həyata keçirildiyini, onlarla inzibati bina, məktəb və xəstəxanaların, sənaye müəssisələrinin, park və xiyabanların salındığını bildirib. Rayonun Cəhri və Nehrəm kəndlərində sosial-iqtisadi inkişafın və məşğulluq səviyyəsinin yaxşılaşdığı, yeni istehsal və sosial-mədəni obyektlər qurulmaqla hər iki kəndin müasir tipli qəsəbəyə çevrildiyi diqqətə çatdırılıb. Qanun layihəsi səsə qoyularaq təsdiqlənib.

“Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov təqdim ediblər. Təklif olunan dəyişikliklərin ekoloji təhlükəsizliyin qorunması məqsədi daşıdığı vurğulanıb. Layihə qoyularaq qəbul olunub.

MM Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Mülki Məcəllədə, Şəhərsalma və Tikinti Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihələri təqdim edib. O, dəyişikliklərin tikinti sahəsində səlahiyyətləri həyata keçirən qurumların dəqiqləşdirilməsi üçün hazırlandığını diqqətə çatdırıb. Sənəd səsə qoyularaq təsdiqlənib.

“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov qeyd edib ki, layihə tibb müəssisələrinin akkreditasiyasının keçirilməsi qaydalarını və buna görə tutulan dövlət rüsumunun dərəcələrini müəyyən edəcək. Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İclasın sonunda S. Qafarova Milli Qurtuluş Günü münasibətilə bir daha təbriklərini çatdırıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana bundan sonra da yeni-yeni uğurlar arzulayıb.

17:20

***

“Milli Məclisdə ölkədə internet probleminə toxundum və dedim ki, ölkə rəqəmsallaşır və təcili olaraq ölkə üzrə fiber-optik internet çəkilişi üçün lazım olan 300 milyon vəsait Rabitə nazirliyinə ayrılmalıdır”.

Bunu da öz növbəsində millət vəkili Razi Nurullayev qeyd edib.

Bildirib ki, büdcədə rabitə xərcləri kəskin azaldılıb.

“Bu gün ölkədə internet imkanlarının artırılması üçün işlərin aparılmasına ciddi vəsait çatışmazlığı var. 2019-cu il üçün ümumi rabitə sahəsinə 50 milyon manat ayrııb. Bu sahəni araşdırdım və 2014-cü ildən bu sahəyə münasibət biganə olub. 2013-2014-cü illərdə ölkə üzrə fiber-optik internet zolağının çəkilməsi üçün 300 milyon azn vəsait hesablanmışdı. Əli Abbasov nazir olan zaman bu məsələ həll olunmaq ərəfəsində idi. Hazırda elektron məhkəmə tətbiqi üçün qanuna dəyişiklik edilir və ölkə pandemiya dövründə sürətlə rəqəmsallaşmalıdır. Bu gün insanlar rabitə, nəqliyyat və texnologiyalar nazirliyini internet imkanlarını genişləndirə bilməməsinə görə günahlandırır. Amma, bunun ən ümdə səbəbi vəsaitin olmamasıdır. Indi hər fəaliyyət internet üzərindən aparılır və internetə olan təlabat daha da artacaq. Bunun üçün də ölkə üzrə fiber-optik kanalların çəkilməsi üçün lazım olan 300 milyon manat vəsaitin neft fondundan ayrılmasına ehtiyac var. Bu gün internet ölkə üçün uşaq pulu qədər vacib məsələdir və inanıram ki, hökumət və maliyyə nazirliyi bunu ciddi şəkildə nəzərdən keçirəcək”-deyə, millət vəkili sonra bildirib.

Etikxeber.az

Read Previous

“Ev heyvanları ilə bağlı sui-istifadəyə yol vermək olmaz: Kimsə düşünməsin ki, heyvanı 1-2 saat özü, sonra da başqaları gəzdirə bilər”-KAMRAN ƏLİYEV – YENİLƏNİB – (2)

Read Next

“Avroparlament rəsmilərinin son bəyanatı bizim növbəti uğurumuz, ermənilərin növbəti ifşası, uğursuzluğu oldu”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir