“YEDDİ PARA – YAĞLIVƏND” – BAHAR MURADOVA HƏM YAZDI, HƏM ÇAĞIRIŞ ETDİ

(Nənəmizin kəndi)

Hər zaman kənddən və orada yaşayanların məşğuliyyətindən söhbət düşəndə anamın bir sözü daim qulaqlarımda səslənir.

“Yaxşı ki, o vaxtı məcbur olub şəhərə (yəni rayon mərkəzinə) köçdük, atanız kənd adamı deyildi. Yoxsa bir belə uşağı saxlayıb böyütmək, oxutmaqmı olardı?

Bir neçə dəfə şəhərə məcburi köçmələrinin səbəbini soruşsam da, “uzun əhvalatdır, böyüyəndə danışaram “, demişdi. Hər dəfə də bərk-bərk tapşırmışdı:

-Nəbadə atanızın yanında bu barədə söhbət açasınız ha, yadınızda qalsın ki, o bu mövzuda danışmağı xoşlamır.

Görəsən nə baş verib ki, anamın təbirincə desək, gecəynən kəndi tərk etməli olublar. Bəs oradakı evimiz necə olub, bu illər ərzində niyə biz o evi görməmişik?… Ümumiyyətlə isə mən o kəndi ilk dəfə 11 yaşımda bir neçə günlük Lələlidə yaşayan Telli xalamgilə gedərkən görmüşdüm.

Onda da bizim evimizin yerini bilirmi deyə soruşanda, “yox, mən bilən sizin yurdunuzda indi ev yoxdur” cavabını almışdım. Cavabın məni qane etmədiyini gördükdə isə, “atangilin məhləsi kəndin o biri başındadır, düzü oraları yaxşı tanımıram “, demişdi.

Atam Yeddi para adlanan bu kəndin sakinlərinə Muradxanlılar deyilən “Kovxalı” məhəlləsində dünyaya göz açmışdı. Özü də hələ doğulmamış atası Camal kişi ailəsinə əlvida deyərək bu dünyadan köçmüşdü. Anası, Rənşəllili Allahverdi kişinin qızı Bəyim nənəm də bu məhəlləyə “gəlmə” sayılırdı. Hələ lap gənc yaşlarından həddən artıq gözəlliyi və zirəkliyi ilə seçilirmiş.

Camal babamın birinci evliliyindən qalan bir oğlunu özünün dörd övladından seçməyən nənəm ailəsi üçün bütün çətinliklərin öhdəsindən layiqincə gəlirmiş. Lakin ötən əsrin iyirminci illərində inqilab sonrası kəndlərdə gedən ictimai-siyasi proseslər, insanların yüz illər ərzində adət etdikləri həyat tərzinin dəyişməsinə səbəb olmuş, az qala hər kəs şəxsi həyatını, qohumluq münasibətlərini, həyət bacasında nə əkib becərməsini, necə heyvan saxlamasını da Şura hökumətinin planlarına uyğun qurmaq məcburiyyətində qalıbmış.

Getdikcə vəziyyət daha da ağırlaşmış, kolxoz quruculuğu ilə isə qaydalar daha da sərtləşibmiş. Hər evdən ən azı bir nəfər kolxozda işləməli, üstəlik də çoxsaylı vergilər ödəməliymiş.Həm kolxozda işləmək,həm də uşaqlara baxmaq onsuz da çətin durumda olan nənəmi çıxılmaz vəziyyətə salıbmış.

Bir sözlə nənəm bu dünyanın bir çox sevincini, daha çox sayda isə kədərini və ağrılarını 100 ildən artıq yaşamış tipik Azərbaycan qadını idi. Yazı-pozu bacarmırdı. Nə məktəb üzü görmüşdü, nə də ki hesab bilirdi. Yaşadığı regionun ərazisindən yalnız bircə dəfə bir necə günlüyə kənara çıxmışdı. O da oğlu Cavad Böyük Vətən Müharibəsində yaralanıb Bakıdakı hospitallardan birində müalicə olunarkən başılovlu onu yoluxmağa gəlmişdi.

Bakı şəhəri də yaddaşında elə o hospitaldan ibarət olaraq qalmışdı. Mən dəfələrlə ondan bu səfəri haqda danışmasını istəyəndə, göz yaşlarını saxlaya bilmədən “nənəsi ölsün Cavadın, nə yaşadı, nə gördü ki” deyərdi. Bir daha o hadisəni bütün təfərrüatına qədər əzbərləmiş kimi danışar, sanki cavan ömrünə son qoymuş bədənindəki çoxsaylı qəlpə yaralarını indi görürmüş kimi əlləri ilə üzünü qapayaraq, için-için ağlayardı. Sonra da göz yaşlarını silərək, “pinə eləmirəm balalarım var” deyərdi. Və hər dəfə də sözünü “kərəminə şükür ilahi,” deyə bitirərdi.

BAHAR-1

Böyük oglu Sərxan müharibədən qayıtmamışdı. Heç qara kağızı da gəlməmişdi. İtkin düşüb demişdilər. Səfixan adlı oğlu,Nisə adlı qızı qalmışdı. Nənəm daim onların boyunu sevər,” Sərxanımın yadigarlarıdır” deyərdi. Üstündən illər keçməsinə baxmayaraq sağ olduğunu düşünər, bir gün geri qayıdacağına ümid bəsləyərdi.

Onun haqqında danışanda isə ağladığını heç görməmişdim. Hər dəfəsində gözlərini uzaq məchul nöqtəyə dikərək “Sərxan balam məndən getdi”, sonra da “kərəminə şükür, ilahi, özün bilən məsləhətdir” deyərdi.
Özünün söylədiyi kimi qənirsiz gözəl olan qızı Əzizin faciəli taleyi ilə isə bütün ömrü boyu barışa bilmədi. Gecələri xısın-xısın ağladı, gündüzləri isə buna bais olanları sevindirməmək üçün başını dik tutdu.
Ümid yeri isə ən cox sevdiyi üçüncü oğlu Əvəz idi.

Zatən artıq sevmək üçün də ondan başqası qalmamışdı. Nəsibinə atasızlıq düşmüşdü atamın. Çox çətin uşaqlıq və yeniyetməlik dövrü keçirmişdi. Erkən yaşlarından çox parlaq istedadı olduğu məlum olmuşdu. Gözəl səsi, baməzə söhbətləri və ünsiyyətcilliyi ilə qısa müddət ərzində nəinki rayonda, hətta ətraf regionlarda belə məşhurlaşmışdı.

Artıq el şənliklərində iştirakı və mükəmməl ifaçılıq qabiliyyəti ilə əsil xanəndə olacağına böyük inam formalaşdırmışdı. Və elə olmuşdu da. El sənətkarlarından öyrəndiklərini daha sonralar ustadı Seyid Şuşinskidən aldığı dərslə daha da möhkəmləndirmişdi.

Bəyim nənəm bu vaxtadək itirdiklərini Əvəzdə tapacağına inanmağa başlamışdı. Amma deyir sən saydığını say…..
Demə nənəmin görəcəkləri hələ qabaqda imiş. Ciyərparasının istedadı, get-gedə məşhurlaşması, səsini yazdırmaq üçün Bakıdan dəvətlər alması bədxahlarını hərəkətə gətirmiş, sənət yarışında ondan geridə qalanlar toy şənliklərinin birində erməni kamançaçının əli ilə ona sürmə vermiş, səsinin batırılmasına nail olmuşdular.

Binəva nənəmin əzablarının sayı-hesabı yox idi. Gecə-gündüz ağlamaqdan gözlərinə qara su gəlmişdi. “Kərəminə şükür ilahi,” təki canı sağ olsun, quru nəfəsini balalarının üstündən əskik eləmə,” deməkdən başqa çarəsi qalmamışdı. Bu sözləri onun dilindən cox tez-tez eşidərdim.

BAHAR

Əli hər yerdən üzüləndə, həyatının bütün mərhələlərində zamanı üçün əcaib hesab etdiyi hadisələrlə rastlaşanda, kasıb qohum-qardaşlarının son ümid yeri saydıqları əkin-biçinlərini leysan, dolu aparanda, quraqlıq nəfəslərini kəsəndə ilahinin kərəminə bel bağlayardı. Qonşu toyuğuna daş atılanda, başqasının malına xor baxılanda, övlad valideyn üzünə ağ olanda, böyük-kiçik, yaxşı-yaman bilinməyəndə, ağsaqqal-ağbircək öyüdünə etina edilməyəndə yenə “kərəminə şükür ilahi”, gələrdi dilinə nənəmin.

Faşizmin əlindən aldığı iki oğlunun və talesiz qızının itkisindən yanıb-qovrularaq, sağ qalanlar üçün hələ də qorxduğunu söyləyəndə kitabdan oxuduqlarımı ona danışar, təsəlli tapması üçün nə Hitlerin nə də faşizmin daha bizə gücü çatmayacağını deyərdim. O isə dərindən köksünü ötürər, “kərəminə şükür ilahinin, düşmən evimizin icindədir” deyərdi.

Sonralar bir çoxumuz bu düşmənin kim olduğunu anlayacaqdıq, amma mən bir də onu anlayacaqdım ki, yazıq nənəm heç də təkcə evimizə, süfrəmizin başına yol tapmış erməniləri deyil, eləcə də erməniçiliyə xidmət edən, sapı özümüzdən olan baltaları da nəzərdə tuturmuş. Mənim zamanında sadəlövh hesab etdiyim, amma zaman-zaman cox müdrik insan olduğunu hələ də dərk etməkdə olduğum biçarə nənəm!
Necə də ağır, məşəqqətli bir tale yaşadın. Yaxınların, doğmaların üçün uzaq düşməndən daha çox yaxın soydaşlarının törətdikləri səni daha çox ağrıtdı. Gözünün qarşısında, həyatda olan Əvəzinin dərdi qəlpə yarasından həyata əlvida deyən Cavadının və itkin Sərxanının dərdindən daha ağır gəldi sənə. Erməni-müsəlman davalarında itirdiklərin yalan oldu.

Tanıyıb-bildiklərinin ,hətta doğmalarının belə biganəliyi, göz götürməzliyi sənə daha çox əzab verdi.
Kərəminə şükür dedin ilahiyə, bütün bunları necə götürürsən, deyə qəzəb püskürdün. Bəzən asi düşdün. Yaxşı xatirimdədir, anam bu asi düşmələrindən yaman qorxardı. Tanrıya dua edər,səni bağışlamasını istərdi.

İndi nə sən varsan, nə də sənə görə tanrıya minnətci düşən anam. 

Bir zamanlar nəinki qonşuluğa xilaf çıxan təcavüzkar ermənilərə acıq döyüşlərdə qan udduran, eləcə də uzaq tarıxdə Əmir Teymurun qoşunlarına “yağlı fəndlə” üstün gəlməyi bacaran fəndgir və cəsur övladlarının onu düşmən tapdağından xilas edəcəyi günü gözləyən doğma kəndin Yağlıvənd də sənin kimi yüz minlərlə nənələrimizin, on minlərlə şəhər və kəndlərimizin acı taleyini yaşamaqdadır. Bədxahlarımız isə
hələ sağdırlar və təəssüf ki, bu dünya durduqca da duracaqlar.

İndiki halda səni təkrar etmək və sənin yerinə “Kərəminə şükür ilahı” demək istəmirəm.

Çünki indi BİZ varıq.

Dil və Əməl birliyi olan Xalqımız vardır. Ən əsası hamımızı bir ideya, bir məqsəd uğrunda birləşdirməyə qadir olan bir məmləkitimiz vardır.

Odur ki, hamımızı bu “taleni” dəyişmək üçün DÖVLƏTİMİZƏ dəstək olmağa çağırıram.

Bahar MURADOVA,

Milli Məclis (MM) sədrinin müavini

Etikxeber.az

Read Previous

“Müəllimlərin işinə məsuliyyəti, məktəb-valideyn münasibətlərinin düzgün qurulması…” – DEPUTAT

Read Next

“Sərhəd mühafizə orqanları dövlət sərhədlərimizin qorunması sahəsində vəzifələrini şərəflə yerinə yetirəcək” – PREZİDENT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir