“Əhali sayı 50 min nəfərdən az olan kiçik rayonların birləşdirilməsi vacibdir…”-ZAHİD ORUCDAN ÇOX ÖNƏMLİ TƏKLİFLƏR – VİDEO

2021-ci ilin yekunlarına həsr olunan Hesabat dünyada böyük iqtisadi-hərbi toqquşmalar şəraitində, son 75 ildə misli görünməmiş gərginlik mühitində keçir. Ona görə  də Hökumət təkcə ötən ilki fəaliyyəti ilə əlaqədar deyil, eləcə də xalqımıızın bu günü və sabahı ilə bağlı açıqlamalar verməsi çox doğru olar.

Vətən müharibəsində qələbədən sonra nəinki ölkəmizdə, eləcə də bütövlükdə Qafqazda “müharibə əvəzinə, sülh iqtisadiyyatı” quran Azərbaycan indi regionda sanksiyalara məruz qalmayan yeganə ölkədir.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə Hökumətin hesabatının müzakirəsi zamanı dilə gətirib.

Çıxışı olduğu kimi təqdim edirik:

“Dünyada “sanksiyalar ittifaqı” formalaşdıran və bloklara qoşulmağı tələb edən dairələrin siyasəti qarşısında, heç bir qütbün forpostu olmadan, son 200 illik tariximizdə bənzəri olmayan siyasət gerçəkləşdirilir. İndi ölkəmizin əhəmiyyəti coğrafi və əhali miqyasımızı qat-qat aşır. Prezident İlham Əliyevin xarici siyasət kursu bütün region dövlətləri üçün nəfəsliyə çevrilib, xilas yoludur. Nəinki Qara dəniz bağlanıb, indi şimala gedən ənənəvi ticarət yolları da bloklanıb.

Halbuki biz təkcə Qarabağda deyil, bütövlükdə Qafqazda əsrlərlə mövcud olan bağları bərpa etməyə çalışırıq. Ona görə də hökumət ölkə rəhbərinin siyasətini tamamlamağı, xalqla aktiv işləməyi, düzgün kommunikasiya qurmağı, aydın mesajlar verməyi, çevik və operativ qərarlar qəbul etməyi bacarmalıdır. Bizə böhran şəraitində effektiv çalışan hökumət gərəkdir. Axı müharibələr həm də yeni ticarət qaydaları və fürsətlər gətirir. Xarici təzyiqlərdən və risklərdən kənarda qalaraq, qonşu ölkələrdə açılan imkanları və son 30 ildə itirilən fürsətləri dəyərləndirmək Rusiya-Ukrayna savaşının sülh müqaviləsi ilə bitəndən sonra, Azərbaycanın dünya üçün əhəmiyyəti daha da artıracaqdır.

Biz Avropa Birliyi ilə xarici ticarətdə 40 faizə çatan ticarət dövriyyəsinə malikik, mühüm transmilli layihələrlə Qərblə bağlıyıq, lakin qonşularla qurulan iqtisadi əlaqələr indi sınaq qarşısındadır.

Onlardan birini mütləq xüsusi vurğulamalıyıq:

  • Üç il əvvəlki statistikaya görə, Azərbaycanın idxalında taxılın 82 faizi, kartofun 64 faizi, hazır şəkərin 99 faizi, düyünün 21 faizi, mineral gübrənin 87 faizi Rusiyanın payına düşür. Nəzərə alsaq ki, yaz əkin-səpini qarşısında bir azdan mineral gübrənin çatışmazlığı hiss olunacaq, tədbirlər görülməsə, gələcəkdə kənd təsərrüfatı məhsullarının qiymət artımı qaçılmazdır. İxracda qeyri neft-məhsulları arasında pomidorun 99 faizi, fındığın 46 faizi, faraş kartofun 92 faizi, digər tərəvəzlərin 85 faizi Rusiyaya ixrac olunur. Beləliklə, Azərbaycanın xarici iqtisadi əlaqələrində Rusiya və Türkiyə yüksək payı olan ölkələrdir. Qeyri-neft ixracımızın tam yarısı bu 2 ölkənin payına düşür. Banklararası hesablaşmalar və pul köçürmələrində problemlər, pul göndərişlərinin azalmasının yaratdığı çətinliklər iqtisadi siyasətimizdə dəyişikliklər tələb edir. İxrac və idxalda diversifikasiya qaçılmazdır.
  • Daxili problemlər sırasında, icbari tibbi sığorta sistemi ilə bağlı əhalinin narahatlığının artdığı inkarolunmazdır. Adi müayinə avadanlığı dövlət səhiyyə sistemində azlıq təşkil etdiyi üçün özəl xəstəxanalara göndərilən pasienti aylarla növbədə gözlədirlər və belədə Semaşkodan qalan sovet səhiyyəsi daha cəlbedici görünür. Sığorta sisteminə keçiddən öncə texniki-iqtisadi əsaslandırma, texnoloji bazanın hazırlığı bir nömrəli məsələ kimi nəzərə alınmalıydı.
  • Əhalinin kommunal ödəmələrinə diqqət edək. Ötən ilki qərarlar üzündən kommunal xərclər orta statistik vətəndaş üçün istehlakın eyni qaldığı şəraitdə təxminən 50 faiz artıb. Qida inflyasiyası rəsmi məlumata görə 20% olduğu şəraitdə ünvanlı sosial yardım alanların sayı isə əvvəlki illərlə müqayisədə eyni qalıb.
  • İcra hakimiyyəti sistemində aparılan islahatlar haqda bir neçə söz: Gəncənin bir rayonu ləğv edilərək, vahid inzibati idarəçiliyə keçildi. Təqdirolunacaq addımdır. Regionlarda idarəetməni çevik və mobil etmək, xərcləri daha ünvanlı həyata keçirmək üçün əhali sayı 50 min nəfərdən az olan kiçik rayonların birləşdirilməsi vacibdir. Azərbaycanda əhalisi 17 min nəfər olan bir, əhalisi birlikdə 70 min təşkil edən 3 rayonun vahid bir mərkəzdə birləşdirilməsi, islahatların davam etdirilməsi zəruridir.
  • Bakıda nəqliyyatın təşkili üzrə ölkə rəhbərinin verdiyi son qərarlar ötən on illər
    ərzində bu sahədə sabit və dayanıqlı idarəçilik mexanizminin yaradılmasının vacibliyini göstərir. Qurum əvvəllər Bakı Şəhər İH-nin tərkibində olub, sonra Nəqliyyat Nazirliyinin tabeçiliyinə verilib, onun ardınca “BNA” yaradılıb, nəhayət, yenidən əvvəlki statusunu bərpa edib. Lakin biz hələ də paytaxtın effektli nəqliyyat sisteminin qurulması üçün görüləcək işlərin hədsiz çox olduğunu görürük”

Etikxeber.az

Read Previous

“Ruslar Ukraynanın yol şəbəkəsinin törətdiyi çətinliklərlə əlaqədar hərəkətsiz qalıb və manevr etməklə bağlı istəksizlik nümayiş etdirir”-BRİTANİYA KƏŞFİYYATI

Read Next

İqtisadi, enerji təhlükəsizliyimizin təmin edilməsində-DAHA BİR ADDIM – JALƏ ƏLİYEVANIN BAXIŞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir