Goranboyun Birinci Qarabağ Şəhidi Müstəqim Məmmədovun-QƏHRƏMANLAR, QAZİLƏR AİLƏSİ…VƏ İLLƏRDİR DİQQƏTDƏN, QAYĞIDAN KƏNAR QALAN ŞƏHİD AİLƏSİ, ƏLİLLİK DƏRƏCƏSİ HƏLƏ DƏ VERİLMƏYƏN İLQAR MƏMMƏDOV…MƏMMƏDOVLAR AİLƏSİ ARTIQ HAQQ ETDİKLƏRİ MÜNASİBƏTİ GÖRƏCƏKLƏRMİ? – FOTOLAR

Bu gün, 19 fevral tarixində, saatlar öncə daha bir Şəhid ailəsində oldum, daha bir Şəhid ailəsini ziyarət etdim…

Təkcə Şəhid ailəsində deyil, həm də Vətən sevdalıları, Qazilər ailəsində…

Sözün əsl və gerçək mənasında Qəhrəmanlar ailəsində…

Qəhrəman Goranboyun 32 il yağı düşmən qarşısında mərd-mərdanə dayanan, sipərə çevrilən Qəhrəman Tap Qaraqoyunlu kəndinin Birinci Vətən Müharibəsi Şəhidlərindən olan Müstəqim Abdulla oğlu Məmmədovun ailə üzvləri, həyat yoldaşı Dursun xanım, övladları Birinci və İkinci Qarabağ Savaşının, Aprel döyüşlərinin iştirakçıları-İlqar Məmmədov, Maqsud Məmmədov,Fərrux Məmmədov və nəvəsi Vüqar Maqsud oğlu Məmmədovla görüşdüm…

Məmmədovlar, Qəhrəmanlar ailəsi ilə görüşə də Goranboyun İgid, Qəhrəman oğlullarından, İkinci Vətən Müharibəsinin Qazilərindən olan iki medallı, üçüncü qrup əlil Fuad Mahir oğlu Həsənovla getmişdim…

Bu ailə haqqında Fuaddan çox eşitmişdim və bu gün, saatlar öncə bir daha gözlərimlə və əyani şəkildə şahid oldum…

Təpədən-dırnağadək Vətənpərvər, Vətən sevdalısı, Qəhrəman ailə…

Qarşılarında baş əyiləcək ailə…

Ailənin sahibi, 1943-cü il təvəllüdlü Müstəqim kişi, Müstəqim Məmmədov Birinci Qarabağ Savaşı zamanı Qəhrəmanlıq dastanı yazan Vətən övladlarından olub…

Döyüşüb, vuruşub və 1992-ci ilin iyununda Tərtər-Ağdərə istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb, kənd qəbiristanlığında torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb…

Və həmin gündən ailənin bütün yükü, bütün çətinliyi Şəhid xanımının-Dursun xanımın, Dursun ananın çiyinlərinə düşüb…

Həyat yoldaşı kimi İgid və Cəsur olan Dursun ana övladlarına həm ana, həm də ata, arxa-dayaq olub…

Ot kökü üstə bitər deyib atalarımız…

Və Şəhidimizin, Müstəqim Məmmədovun övladları da ataları kimi Qəhrəman, Vətənpərvər, Vətən sevdalısı olublar…

Dünən də belə olublar və bu gün də belədirlər…

Bir müddət öncə dünyasını dəyişmiş ikinci qrup müharibə əlili Elnur Məmmədov, 1989-cu ildən 1994-cü ilə qədər Birinci Qababağ Savaşında iştirak etmiş Maqsud Məmmədov və həm Birinci Qarabağ Savaşının, həm Aprel döyüşlərinin, həm də İkinci Qarabağ Savaşının iştirakçısı olmuş İlqar Məmmədov Şəhid atalarının adına layiq oğullar olublar…

Eyni zamanda, Müstəqim kişinin nəvələri də həm Aprel döyüşlərində, həm İkinci Vətən Müharibəsində iştirak ediblər…

Maqsud Məmmədovun iki övladından biri, tək oğlu, 1996-cı il doğumlu Vüqar Məmmədov 2015-2017-ci illərdə Vətənin keşiyində dayanıb, hərbi xidmətdə olub…

Və bir Əsgər kimi Aprel döyüşlərində iştirak edib…

Ancaq çox təəssüflər olsun ki, Vüqar təxminən bir ay öncə minaya düşüb və sol ayağı dizindən aşağı amputasiya olunub…

Və elə bu gün xəstəxanadan evə buraxılıb…

Yaşadığı qorxuc hadisəyə, sağlamlığını itirməsinə baxmayaraq, çox nikbindir, çox pozitivdir…

Həm Birinci Qarabağ Savaşında, həm MAXE-çavuş kimi Aprel döyüşlərində iştirak etmiş İlqar Məmmədov isə İkinci Vətən Müharibəsinin elə ilk günü, sentyabrın 27-də, axşam saatlarında Talış uğrunda döyüşlərdə çox ağır şəkildə yaralanıb…

Hərbi aşpaz olan İlqara döyüşlərdə iştirak etməmək göstərişi verilsə də, o, Talışa girən ilk Vətən sevdalılarından, ilk Vətən fədailərindən olub…

İlqar düz 7 yerindən…qarın nahiyəsindən, ayağından, başından və digər orqanlardan mərmi və güllə yaraları alıb…

Gəncədə və Bakıda uzun müddət hospitallarda müalicə alıb, əməliyyat olunub…

Düz bir ay komada olub…

Və hələ də səhhətində ciddi problemlər yaşanmaqdadır…

İlqar Aprel döyüşlərindən sonra Müdafiə Nazirliyi tərəfindən bir neçə medalla təltif olunub…

İkinci Vətən Müharibəsindən sonra isə Ali Baş Komandan tərəfindən “Laçının azad olunmasına görə” “Cəsur döyüşçü” mealları ilə təltifləndirilib…

Amma və lakin…

Səhhətində müharibənin izləri qalsa da, səhhətində ciddi problemlər yaşansa da, İlqara hələ də əlilik dərəcəsi verilməyib…

Məsələ aylardır uzana-uzana, uzadıla-uzadıla gedir…

Yalnız bu yaxınlarda Müdaifə Nazirliyinin Hərbi-Tibbi Komissiyası tərəfindən şəhadətləndirilib…

Eyni zamanda,3 övlad atası İlqarın ailəsinə son 7-8 ayda bir qəpik də olsun pul daxil olmur…

Sadəcə, yaxınlarının, əzizlərinin dəstəyi, yardımı ilə ailəsini birtəhər dolandırıb bu aylar ərzində…

Və bu durum İlqarı, Vətəni, Qarabağı yolunda ölümlərdən dönən Vətən sevdalısını çox narahat edir, çox üzür, çox incidir…

Ümumiyyətlə, bir Şəhid ailəsi olaraq, Məmmədovlar ailəsi ötən illərdə daim diqqətdən, qayğıdan uzaq qalıblar….

Birinci Vətən Müharibəsi Şəhidləri ailələrinin böyük əksəriyyəti mənzillə təmin olunsalar da, Məmmədovlar ailəsi bu məsələdə də kənarda qalıblar, kənarda saxlanılıblar…

Qəhrəmanlar, Qazilər-Məmmədovlar ailəsi haqq etmədikləri etinasızlıq, biganəliklə üzləşiblər…

Bu gün isə Şəhid ailəsinin-Məmmədovlar ailəsinin üzvü İlqar Məmmədov laqeydliklə, biganəliklə, hasqsızlıqla üz-üzə qalıb…

Nə əlillik dərəcəsini ala bilir, nə səhhətinə uyğun işlə təmin olunur, nə də maddi-mənəvi dəstək alır…

Yolverilməz və qəbul edilməsi mümkün olmayan bir vəziyyət…

Nə İlqar Məmmədov, nə də bütövlükdə Məmmədovlar ailəsi bunu, bu etinasızlığı haqq edir…

Odur ki, artıq həm İlqar Məmmədova, həm də Məmmədovlar ailəsinə gərəkən, Haqq etdikləri münasibət, yanaşma göstərilməli, onların problemlərinin həllinə həssaslıq nümayiş etdirilməli və problemlərinin çözümünə çalışmalı, nail olunmalıdır.

Bunları etmək isə dövlət qurumlarının və cavabdeh məsul şəxslərin, məmurların birbaşa borcudur, vəzifəsidir.

Və onlar artıq borclarını, vəzifələrini yerinə yetirməlidirlər.

Bəhanələrə artıq yer yoxdur!

Və bu gün belə bir ailə ilə tanışlığımdan çox və çox məmnun qaldım…

Belə bir ailə ilə tanışlığımdan Qürur duydum, Fəxarət hissi keçirdim…

Qürur duydum, Fəxarət hissi keçirdim ki, belə bir ailə ilə bir arada oldum…

Qürur duydum, Fəxr hissi keçirdim ki, Goranboyumuzun, Azərbaycanımızın belə bir Qəhrəman, Mərd, İgid ailəsi var…

Allah Məmmədovlar ailəsini qorusun, bundan sonra onlara acı, kədər, itki yaşatmasın!

Böyük Yaradan Şəhid Müstəqim Məmmədovun məkanını cənnətlik, məqamını Uca etsin, oğlu İlqar Məmmədovun və nəvəsi Vüqar Məmmədovun şəfasını versin, onların problemlərinin həllinə kömək olsun!

Milyon kərə Amin!

BİRİNCİ VƏ İKİNCİ QARABAĞ SAVAŞININ, APREL DÖYÜŞLƏRİNİN İŞTİRAKÇISI İLQAR MƏMMƏDOV…

APREL DÖYÜŞLƏRİNİN İŞTİRAKÇISI VƏ BİR MÜDDƏT ÖNCƏ MİNAYA DÜŞMÜŞ 26 YAŞLI VÜQAR MƏMMƏDOV…

QƏHRƏMAN ŞƏHİD XANIMI VƏ QAZİLƏR ANASI DURSUN ANA…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 3690 yeni yoluxma-DAHA 29 ÖLÜM…

Read Next

Qəhrəman, Qazilər-Mirzəyevlər ailəsi…YARALANMASINDAN 1 il 4 AY KEÇMƏSİNƏ BAXMAYARAQ, HƏLƏ DƏ ƏLİLLİK DƏRƏCƏSİNİ ALA BİLMƏYƏN 3 MEDALLI NAİL MİRZƏYEV… İŞSİZ QAZİLƏR AİLƏSİ İŞLƏ TƏMİN TƏMİN OLUNACAQMI? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir