20 yaşlı tək övladını Şəhid vermiş İlhamə Məmmədova ölkə Prezidentinə müraciət etdi: “İSTƏYİRƏM Kİ, ÖVLADIM “QARABAĞ” VƏ YA “AZƏRBAYCAN BAYRAĞI” ORDENİ İLƏ TƏLTİF OLUNSUN!”

Gəncə şəhərində yaşayan Şəhid anası İlhamə İsmayıl qızı Məmmədova Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərova, Müdafiə naziri, general-polkovnik Zakir Həsənova, Müdafiə nazirinin Birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevə, Müdafiə nazirinin müavini, general-leytenant Hikmət Mirzəyevə və Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərova müraciət ünvanlayıb.

Etikxeber.az-a daxil olan müraciəti olduğu kimi təqdim edirik:

“Hörmətli cənab Prezident!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-İlhamə İsmayıl qızı Məmmədova Gəncə şəhərində yaşayıram, İkinci Vətən Müharibəsi Şəhidi Ramal Məmmədovun anasıyam. Ramal mənim gözümün ağı-qarası tək və subay övladım idi. Tək övladını cəmi 20 yaşında Vətən yolunda Şəhid vermiş tək-tənha anayam. Tək övladım Vətənini, Qarabağını məndən, tək anasından üstün tutdu və Azərbaycan Ordusunun Əsgəri kimi İkinci Vətən Müharibəsi zamanı Füzuli rayonu istiqamətində Vətən yolunda canını fəda etdi, qəhrəmancasına Şəhidlik məqamına ucaldı. Tarix, Dastan yazan Vətən sevdalılarımızdan birinə çevrildi, Qələbə və Zəfər Şəhidlərimizdən oldu.

Ramaldan sonra həyatım çökdü, ocağım söndü, arxam-dayağam, havam-nəfəsim getdi, tək-tənha qaldım. Çox çətindir, çöx dözülməzdir. Allah kimsəyə bala, övlad, oğul dərdi, itkisi, acısı yaşatmasın! Mən yaşadım, biz Şəhid ailələri, Şəhid anaları yaşadıq, kimsə yaşamasın!

Nə qədər ağır və çətin olsa da, balamın ruhunun, xatirəsinin yaşaması və yaşadılması xatirinə ayaqlarım üstə durmağa çalışıram. Çünki Ramalımın məndən savayı kimsəsi yoxdur. Və Ramalımla, İgidimlə, Qəhrəmanımla Fəxr edir, Qürur duyuram. Fəxr edir, Qürur duyuram ki, Ramal kimi bir Oğulun, Qələbə və Zəfər Şəhidinin Anasıyam!

Qeyd edim ki, Şəhidliyindən sonra Ramalım Müzəffər Ali Baş Komandanımız kimi Sizin müvafiq sərəncamlarınızla üç medalla təltif olunub. Bunlara görə də Sizə bir daha minnətdarlığımı ifadə edirəm.

Çox hörmətli və çox dəyərli İlham Heydər oğlu, Müzəffər Ali Baş Komandanımız!

Bu müraciəti ünvanlamaqla, bir Dərdli, Yaralı, həm də Qəhrəman oğlun Qəhrəman anası kimi bir xahişimi Sizin nəzərinizə çatdırmaq istəyirəm. Bəli, qeyd etdiyim kimi, övladım üç medalla təltilf olunub. Amma tək və yeganı övladını Şəhid vermiş tək-tənha ana kimi istəyirəm ki, Ramalım Haqqı olan ali ordenlərimizdən biri-“Qarabağ” və ya “Azərbaycan Bayrağı” ordeni ilə də təltif olunsun. Orden də balamın Haqqıdır.

Ona görə xahiş və rica edirəm ki, tək övlad olduğunu, Füzuli kimi çox ağır, çox çətin bir döyüş bölgəsində Şəhidlik məqamına ucaldığını nəzərə alaraq, Ramalımı adıçəkilən ordenlərimizdən biri ilə də təltif edəsiniz. Bugünəcən bir Şəhid anası kimi heç kimdən heç nə istəməmişəm, kimsəyə nədənsə ötrü ağız açmamışam.

Amma balamın ruhunun, xatirəsinin yaşaması, yaşadılması, əbədiləşdirilməsi üçün ilk dəfədir Müzəffər Ali Baş Komandanımız kimi Sizə müraciət edirəm. İstəyirəm ki, müraciətim, xahişim tərəfinizdən nəzərə alınsın, övladım ordenlə də təltif olunsun və xatirəsi əbədiləşdirilsin, adına məktəb və ya digər təhsil, mədəniyyət ocaqlarından biri verilsin. Mən bu həyatda olmayanda da balam anılsın, xatırlansın, unudulmasın. Odur ki, bir daha rica edirəm-səlahiyyətlərinizdən istifadə edərək, növbəti sərəncamlarınızdan birində övladımı medalla təltif edəsiniz.

Onu da deyim ki, bugünlərdə keçirilən növbədənkənar prezident seçkilərində xalqımızın mütləq əksəriyyətinin səsi ilə növbəti dəfə ölkə Prezidenti seçilmisiniz, növbəti parlaq Qələbə çalmısınız. Bu münasibətlə Sizi, Müzəffər Ali Baş Komandanımızı təbrik edir, işinizdə, Azərbaycan naminə fədakar, yorulmaz fəaliyyətinizdə uğurlar, nailiyyətlər arzulayıram.

Allah Sizi, gözəl ailənizi və Azərbaycanımızı qorusun!

Etikxeber.az

Read Previous

“Göyçaya ən sonuncu gələn mənim balamın nəşi oldu…”-AİLƏNİN İKİ OĞLAN ÖVLADINDAN BİRİ, CƏMİ 19 YAŞLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ HƏSƏN BAYRAMOVUN ANASI RƏSMİYYƏ BAYRAMOVA – FOTOLAR

Read Next

Aİ səfiri XİN-ə-ÇAĞIRILDI VƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir