“9 saat yaralı vəziyyətdə qaldım, sonra…”-ƏSLƏN İSMAYILLI RAYONUNDAN OLAN İKİNCİ VƏTƏN MÜHARİBƏSİ QAZİSİ, AİLƏNİN İKİ ÖVLADINDAN BİRİ, ÜÇ MEDALLI, BƏDƏNİNDƏ HƏLƏ DƏ QƏLPƏLƏR QALAN VƏTƏN SEVDALISI MİRMÖVSÜM MÖVSÜMZADƏ – FOTOLAR

Daha bir Vətən sevdalısı, daha bir İkinci Vətən Müharibəsi iştirakçısı…

Daha bir İgid, Qəhrəman Azərbaycan övladı…

Vətəni, Qarabağı yolunda sağlamlığından keçən daha bir Qazimiz…

Əslən İsmayıllı rayonundan olan Vətən sevdalımız Mirmövsüm Mirfəyyaz oğlu Mövsümzadə

Mirmövsüm Mövsümzadə 1995-ci il iyun ayının 13-də İsmayıllı rayonunun Topçu kəndində, sadə bir ailədə dünyaya gəlib…

Ailədə iki uşaq – bir bacı-bir qardaşdırlar…

2001-ci ildə Topçu kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub və 2011-ci ildə təhsilini başa vurub…

2013-cü ildə həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb və Lənkəran şəhərində yerləşən “N”saylı hərbi hissədə xidmətə başlayıb…

Manqa komandiri vəzifəsini icra edib və 2015-ci ildə hərbi xidmətini, Əsgərliyini başa vurub, yenidən evinə-ailəsinə dönüb…

Valideynləri ilə birlikdə Bakının “NZS” qəsəbəsində yaşayan Mirmövsüm İkinci Vətən Müharibəsinə kimi marketlərdən birində müdir müavini vəzifəsində çalışıb…

Və bir Vətən sevdalısı kimi 21 sentyabr 2020-ci il tarixində yenidən Ordu sıralarına qatılaraq, hərbi təlimlərdə iştirak edib…

27 sentiyabr 2020-ci il tarixində isə İkinci Qarabağ Savaşının başlaması ilə döyüşlərə, Vətənin müdafiəsinə atılıb…

Öncə Ağdam, sonra-1 oktyabr tarixindən Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi, 3 oktyabr tarixindən isə Tərtərin (Ağdərənin) Talış və Suqovuşan kəndləri istiqamətində qanlı döyüşlərdə iştirak edib…

Və elə oktyabrın 3-də Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə düşmənin üzərinə yürüdüyü zaman yanına atılan “Faqot” mərmisinin partlaması nəticəsində ağır yaralanıb…

Sağ diz qapağı sınıb (və hazırda diz qapağının üçdə bir hissəsi yoxdur, dizi tam qatlanmır), eyni zamanda, sağ bud sümüyü sınıb, bədəninin on müxtəlif yerindən qəlpə yaraları alıb, 8-9 saat yaralı halda qalıb…

Və İgid, Qəhrəman kəşfiyyatçılarımız tərəfindən xilas edilərək, döyüş bölgəsindən çıxarılıraq, əvvəlcə Naftalan şəhər xəstəxanasına çatdırılıb, oradan Yevlax, Kürdəmir, sonra isə Şəmkir rayon xəstəxanasına yerləşdirilib…

Uzun müddət müalicə-müayinədən keçib…

28 dekabr 2020-ci il tarixində isə Ordudan təxris olunub…

Səhhəti ilə bağlı 3-cü qrup əlillik (beş illik) dərəcəsi alıb, müharibə-Qarabağ əlilidir…

Müharibədən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə” “Ağdamın azad olunmasına görə” medalları, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub…

28 yaşlı Qazimiz həm də subaydır…

Bu yerdə qeyd edim ki, Qazimizlə iki gün öncə, 6 may tarixində Nizami Kino Mərkəzində İkinci Vətən Müharibəsi Şəhidi-Qərargah rəisi, kapitan Əsəd Həsənova həsr olunmuş “Şahdağ, cavab ver” filminin təqdimatında tanış oldum…

Qazimizlə, Vətən sevdalımızla bir araya gəldim, qısaca da olsa, söhbətləşdim, hal-əhvallaşdım…

Ona və cəmi Qazilərimizə Allahdan şəfa, can sağlığı, xoşbəxtlik arzuladım…

Və onu da məmnunluqla qeyd edim ki, belə bir İgid, Qəhrəman oğulla, Azərbaycan övladı ilə bir araya gəlməyimdən razı qaldım…

Çünki qarşımda İgidliyi, Qəhrəmanlığı qədər sadə, səmimi, təvazökar bir Azərbaycan övladı dayanmışdı…

Və hər birimiz belə Vətən sevdalısı oğlullara borcluyuq…

Məhz onların-Qazilərimiz və Şəhidlərimizin sayəsində bu gün bu Vətən torpaqlarında rahat, asudə gəzib-dolaşırıq…

Və ona görə Qazilərimizə və Nur üzlü Şəhidlərimizə heç zaman minnətdarlıq, ehtiram hissimizi unutmamalı, onlar qarşısında olan vəfa, insanlıq, vətəndaşlıq borcumuzu yaddan çıxarmamalıyıq…

Onlar bizlərdən ötrü gənc yaşlarında sağlamlıqlarından keçib, Vətən yolunda canlarını fəda ediblər…

Allah Şəhidlərimizin məkanlarını cənətlik, ruhlarını şad etsin, Mirmövsüm Mövsümzadə də daxil olmaqla, cəmi Qazilərimizin şəfasını versin!

Böyük Yaradan cəmi Qazilərimizi, Vətən sevdalılarımızı, içində də Mirmövsüm Mövsümzadəni qorusun!

Fəxrimiz və Qürurumuzdurlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bəzi yerlərdə yağış yağacaq-SABAH

Read Next

Mehriban Əliyeva Şuşa yolundan fotolar-PAYLAŞDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir