Anası tərəfindən təkbaşına böyüdülən, tək övlad, İkinci Vətən Müharibəsinin başa çatmasına saatlar qalmış Şəhid olan Rəşad Ələkbərov: BU GÜN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜDÜR…- FOTOLAR – YENİLƏNİB

Bu gün Gəncənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Rəşad İlqar oğlu Ələkbərovun doğum günüdür.

Rəşad Ələkbərovun bu gün yubiley-25 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki ikinci ad günüdür.

Etikxeber.az xəbər verir ki, əslən Gədəbəyli olan Rəşad Ələkbərov 15 sentyabr 1997-ci ildə Gəncə şəhərində anadan olub. 

O, həm də evin-ailənin tək oğlan övladı olub.

Anası, Birinci Qarabağ Savaşının iştirakçısı Nailə xanım tərəfindən yataqxanada və təkbaşına böyüdülüb.

Rəşad 2012-ci ildə  Gəncə şəhər 44 nömrəli məktəb-liseyin  9-cu sinfini  bitirib. 

2016-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edib.  

Hərbi xidmətdən əvvəl və sonra video operator işləyib.

Rəşad Ələkbərov 2020-ci ilin iyul ayında, Tovuz hadisələrindən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsinə gedərək müharibədə iştirak etmək üçün müraciət edib. 

27 sentyabr 2020-ci il tarixində İkinci Vətən Müharibəsinin başlaması ilə əlaqədar ölkə Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Rəşad  Ələkbərov yenidən hərbi xidmətə çağrılıb.

O, Vətən müharibəsi zamanı Xocavənd rayonunun Ağoğlan (Hadrut) qəsəbəsi, Füzuli rayonu, Şuşa şəhərinin Daşaltı kəndi və Xankəndi şəhəri istiqamətindəki döyüşlərdə qəhrəmanlıqla vuruşub, bu ərazilərin işğaldan azad edilməsində fədakarlıq göstərib, Şuşa fatehlərindən olub. 

Rəşad Ələkbərov Şuşanın azad edilməsindən bir gün sonra və Qələbənin qazanılmasına cəmi saatlar qalmış, 9 noyabr 2020-ci il tarixində  Laçın dəhlizi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb. 

Nəşi 3 gün sonra, 12 noyabr 2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. 

Rəşad Ələkbərov Şəhidliyindən sonra İgidliyinə, Qəhrəmanlığına görə, ölkə Prezidenti tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Rəşad eyni zamanda, subay olub.

Ötən ilin sentyabr ayının 15-də, Cənnətdəki ilk doğum günündə isə adını daşıyan “Şəhid bulağı”nın izdihamlı açılışı olub.

10:30

***

Cənnətdəki ikinci doğum günü ilə bağlı bu gün saat 11:00-da Gəncə şəhər Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Anasına, əzizlərinə Allahdan səbr və dözüm arzulabnıb, Cənnətdəki ikinci doğum günü təbrik edilib.

Həmçinin, adına ehsan-say süfrəsi açılıb.

Eyni zamanda, Şəhidin ad günü tortu kəsilib.

Məzarını ziyarətdə və ehsan süfrəsində Şəhidin anası, yaxınları, din xadimləri, Gəncə, Goranboy və digər bölgələrdən olan Şəhid ailələri və başqa şəxslər iştirak ediblər.

Məqamı Uca, məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü, yubliey- 25 yaşı mübarək olsun!

Nur içində yatsın!

12:45

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Səmərqənddə bir araya gələn Azərbaycan və Türkiyə liderləri-NƏDƏN DANIŞDILAR? – FOTO

Read Next

Ermənistanın təxribat törətdiyi istiqamətdə HHM sistemi çökdürüldü-14500-DƏN ÇOX DÖYÜŞ SURSATI ƏLƏ KEÇİRİLDİ VƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir