İkinci Vətən Müharibəsinin Şəhidi- SAMUXLU ORXAN RAMİZ OĞLU ƏRƏBOV: 29 YAŞININ TAMAMINDA, CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜNDƏ ŞƏHİD ANASINA “VƏTƏN NAMİNƏ” TƏŞKİLATININ “ŞƏHİD ANASI” MEDALI TƏQDİM OLUNDU, MƏZARI ZİYARƏT EDİLDİ, MƏCLİS DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB

Bu gün Samux rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Orxan Ramiz oğlu Ərəbovun ad günüdür.

Orxan Ərəbovun bu gün 29 yaşı tamam olur.

Bu, Şəhidin Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Orxan Ərəbov 1993-cü ilin avqust ayının 24-də Samuxun Qədili kəndində sadə bir ailədə dünyaya gəlib.

Ailədə iki qardaş olublar.

Qardaşı ailəlidir.

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Ordusunda xidmət edib.

Əsgərliyini başa vurduqdan bir müddət sonra yenə həyatını Ordu, hərb ilə bağlayıb.

Bir Vətən sevdalısı, bir hərbçi kimi İkinci Vətən Müharibəsində də iştirak edib və Suqovuşan istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Axırıncı dəfə ailəsi ilə, anası Gülzar xanımla sentyabrın 25-də, müharibədən iki gün öncə danışıb.

Şəhidliyi xəbəri isə ailəsinə sentyabrın 29-da verilib.

Və nəşi bir gün sonra, sentyabrın 30-da Qədili kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

Orxan evli, ailəli olsa da, övladı olmayıb.

Bir çox arzuları, xəyalları kimi, övlad arzusu da gözlərində qalıb…

***

Cənnətdəki ikinci doğum günü, 29 yaşının tamam olması ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Sonra Şəhidin yaşadığı evdə Cənnətdəki ikinci doğum günü ilə bağlı məclis keçirilib, adına ehsan verilib.

Məclisdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, bir daha Şəhidin ruhuna dualar edilib, “Quran” oxunub.

Həmçinin, Şəhidin ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki ikinci doğum günü təbrik olunub.

Ziyarət və mərasimdə Şəhidin ailə üzvləri, valideynləri, qohumları, kənd sakinləri, Samux, Bərdə, Goranboy və başqa bölgələrdən olan Şəhid ailələri, Qazilər, İcra başçısı Alı Qocayev başda olmaqla, Samux rayon İcra Hakimiyyətinin rəhbərliyi və başqa şəxslər iştirak ediblər.

Eyni zamanda, qeyd edək ki, Şəhidin anası Gülzar Nəbi qızı Ərəbovaya Qubalı Şəhid anası Tünzalə Abduləlimovanın rəhbəri olduğu “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsi təqdim olunub.

Vəsiqə Şəhid anasına təşkilatın təmsilçisi Kamil Həmzəoğlu tərəfindən təqdim edilib.

Şəhid anası da öz növbəsində Tünzalə xanıma “Vətən Naminə” təşkilatına minnətdarlığını, təşəkkürlərini ifadə edib.

Ziyarət və məclis təxminən 3 saat çəkib.

Məqamı Uca, Cənnətdəki ikinci ad günü mübarək olsun!

Nur içində yatsın!

12:40

***

FOTOLAR:

15:50

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyev Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni ilə-TƏLTİF OLUNDU – FOTOLAR

Read Next

Hədəflərimiz…-RAQİF ALLAHVERDİ YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir