AZƏRBAYCANIN ZƏFƏRİNİ TƏMİN EDƏN SİYASƏT-Ziyad Səmədzadə yazdı

Dağlıq Qarabağ münaqişəsinə son qoyan Azərbaycan indi nəinki 30-cu ilini yaşadığımız müstəqilliyimizin, ötən 200 illik tarixinin ən şərəfli dövrünü yaşayır. Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması bir dövlət kimi Azərbaycanın bütün dünyada mövqelərini daha da möhkəmləndirən, söz sahibi kimi imicini yüksəldən olduqca mühüm tarixi-siyasi amil oldu.

Torpaqlarımızın azad edilməsinə hesablanmış hazırlıq işlərinin təməllərini müəyyən edən Heydər Əliyev idi

Bu gün çox düzgün haqlı olaraq Azərbaycan ictimaiyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini Heydər Əliyev ideyalarının həyata vəsiqə alması kimi dəyərləndirir.

Çünki torpaqlarımızın azad edilməsinə hesablanmış hazırlıq işləri dahi strateq kimi Heydər Əliyevin Azərbaycanın inkişafı ilə bağlı müəyyən etdiyi siyasi kursun uğurlu davamının məntiqi nəticəsi idi.

Bu kurs isə 1993-cü ildən başlamışdı və Azərbaycan üçün olduqca əlverişsiz şəraitdə – 1994-cü ilin əvvəllərində Füzuli istiqamətində işğal olunmuş torpaqlarımızın azad edilməsi ilə nəticələnmişdi. Sonrakı dövrdə isə Heydər Əliyevin böyük uzaqgörənliklə nail olduğu atəşkəs Azərbaycanın torpaqlarının azad edilməsi üçün kompleks şəkildə – yəni iqtisadiyyatımızı inkişaf etdirməklə, ordumuzu gücləndirməklə, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin maraqlarına uyğun beynəlxalq hüququ təmin etməklə hazırlıq işlərinin aparılması üçün tarixi zəmin yaratdı.

Bu gün dönüb geriyə baxanda görürük ki, müxətlif istiqamətlərdə aparılan hazırlıq işləri vəhdət təşkil edərək qələbəmizin əsasını təşkil etmişdir. Görünən həm də odur ki, bu hazırlıq zəncirinin hansısa bir həlqəsində olan boşluq gələcəkdə Azərbaycanın hərbi yola əl atmaq məcburiyyətində qalacağı təqdirdə ciddi problmlər yarada bilərdi. Amma bu hazırlıq işlərinin təməllərini müəyyən edən Heydər Əliyev idi. Tarix isə həmişə sübut edib ki.ö Heydər Əliyevin müəllifliyi ilə atılan istənilən addım Azərbaycanın dövlət və milli maraqlarını bütün siyasi dövrlərdə layiqincə və qətiyyətlə təmin edib.

Bu yazıda da məqsədimiz ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərilyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görülən işlərin təhlilidir.

Heydər Əliyev siyasi hakimiyyətə qayıtdığı ilk vaxtdan Dağlıq Qarabağ probleminin beynəlxalq ictimaiyyətə çatdırılması üçün əzmlə çalışdı

1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə gəldiyi zaman, qeyd etdiyim kimi, ordu dağılmışdı. Ölkədəki siyasi gərginliyə baxmayaraq Heydər Əliyevin Ermənistanın işğal siyasətinə beynəlxalq hüquqi-siyasi qiymətin verilməsi üçün də yorulmadan çalışırdı. Bunun nəticəsidir ki, 1993-ci ilin iyul-oktyabr aylarında BMT Təhlükəsizlik Şurasının iclaslarında Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 3 qətnamə qəbul olunmuşdu.

Xatırladım ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsindən birincisi olan 822 saylı qətnamə 1993-cü il aprelin 30-da qəbul edilib. Sənəddə işğalçı qüvvələrin Azərbaycanın Kəlbəcər rayonunu və digər işğal olunmuş rayonları dərhal tərk etməsi tələb olunurdu.

1993-cü ilin iyul ayının 23-də Ermənistan silahlı birləşmələri Azərbaycanın Ağdam rayonunu işğal etdi. Bu hadisə göstərdi ki, Ermənistan BMT TŞ-nın qəbul etdiyi 822 saylı qətnaməyə əhəmiyyət vermir. BMT TŞ-nın iyulun 29-da keçirilən iclasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 853 saylı qətnamə qəbul olundu. Sənəddə bütün hərbi əməliyyatların dərhal dayandırılması və işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycanın digər işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsız çıxarılması tələb edilirdi. Qətnamədə həmçinin Azərbaycan vətəndaşlarının bir hissəsinin məcburi köçkün kimi yaşamasından narahatlıq ifadə olunurdu.

1993-cü ilin avqustundan Ermənistan Azərbaycanın digər rayonlarını işğal etmək üçün yeni hərbi əməliyyatlara başladı. Cəbrayıl, Füzuli və Qubadlı işğal edildi. 1993-cü il oktyabrın 14-də BMT TŞ yenidən Dağlıq Qarabağ problemini müzakirəyə çıxararaq 874 saylı qətnamə qəbul etdi. Mahiyyət etibarilə bu qətnamə əvvəlkilərdən fərqlənmirdi. Burada da Ermənistanla Azərbaycan arasında yaranmış gərginlikdən, cəbhə bölgəsində hərbi əməliyyatların yenidən güclənməsindən, çoxsaylı insan tələfatından və Azərbaycan ərazilərinin işğal edilməsi faktlarından narahatlıq ifadə olunur, münaqişənin aradan qaldırılması istiqamətində ATƏM-in səyləri dəstəklənir, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı bir daha təsdiqlənirdi.

1993-cü ilin oktyabrında Ermənistanın beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə etinasızlığı özünü daha açıq şəkildə göstərdi. ATƏM sədrinin bölgədə səfərdə olduğu bir vaxtda Ermənistan silahlı qüvvələri Azərbaycanın Zəngilan rayonunu işğal etdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü il noyabrın 12-də qəbul etdiyi 884 saylı qətnamədə Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı pislənilir və işğalçı qoşunların həmin ərazilərdən, eləcə də Minsk Qrupunun iclasında razılaşdırılmış “BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 saylı qətnamələrini icra etmək üçün təcili addımlara dair yenilənmiş vaxt cədvəli”nə uyğun olaraq işğalçı qoşunların Azərbaycanın işğal edilmiş digər ərazilərindən çıxarılması tələb edilirdi. Bu qətnamələrin hər biri sonrakı illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı formalaşan beynəlxalq qanunvericiliyin əsas hüquqi bazasını təşkil etdi.

Qeyd etdiyimz kimi Heydər Əliyev beynəlxalq ictimaiyyətin diqqətini Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək üçün yorulmadan çalışırdı. Təkcə 1993-cü ilin yay aylarında Heydər Əliyev bununla bağlı bir neçə dəfə bəyanat vermişdi. Məsələn, 1993-cü il 2 iyul tarixli bəyanatında Heydər Əliyev ABŞ, Rusiya, Türkiyə dövlətlərinin, BMT, ATƏM və dünya ictimaiyyətinin diqqətini Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə intensiv hücumları ilə yaranmış vəziyyətə cəlb edərək onları təcavüzün dayandırılması üçün lazımi tədbirlər görməyə çağırmışdı. Bəyanatda Qarabağ məsələsinin sülh yolu ilə həll olunması üçün təşəbbüskar olduqlarına görə bu dövlətlərin səyi ilə BMT Təhlükəsizlik Şurasının 822 nömrəli qətnaməsinin həyata keçirilməsinin zəruriliyi bildirilmişdi.

İyulun 5-də verdiyi bəyanatda Heydər Əliyev münaqişənin gedişinə təsir göstərmək imkanlarına malik Rusiya, ABŞ, Türkiyə dövlətlərinə, beynəlxalq təşkilatlar – ATƏM və BMT TŞ-yə müraciət edərək Ermənistanın təcavüzünün dayandırılması və münaqişənin sülh yolu ilə həllinə nail olunması üçün yardım göstərməyə çağırmışdı.

İyulun 14-də isə verdiyi bəyanatda Heydər Əliyev o vaxt ATƏM-in Minsk konfransının sədri olan Mario Raffaellinin münaqişə regionuna gözlənilən səfərinin adi dezinformasiya – Ağdam inzibati rayonunu guya ki erməni qoşunlarının zəbt etməsi xəbəri ilə pozulmasından narahatlığını ifadə etmişdi.

Heydər Əliyev münaqişənin həlli, Ermənistanın işğal siyasətinin dayandırılması və beynəlxalq ictimaiyyətin səylərinin gücləndirilməsi üçün 1993-cü ilin iyul ayında iki dəfə BMT Baş katibinə məktubla müraciət etmişdi. Ulu öndərin Azərbaycan Ali Sovetinin sədri kimi hələ 1993-cü il iyulun 26-da BMT-nin Baş katibinə məktubunda deyilir: «Dağlıq Qarabağı öz ərazisinə birləşdirmək haqqında xəyanətkar qərarlar qəbul edilməsində ifadəsini tapan siyasi təcavüzdən başlayan və sonra emissarlar, terrorçular və silahlar göndərilməsinə keçən Ermənistan bu gün Azərbaycan torpağında genişmiqyaslı hərbi əməliyyatlar aparır, ATƏM-in və BMT-nin çağırış və qərarlarına, o cümlədən də işğal qüvvələrini Azərbaycandan çıxarmağı birmənalı tələb edən Təhlükəsizlik Şurasının 822 nömrəli qətnaməsinə məhəl qoymur. Erməni tərəfinin vasitəçinin qanuni tələblərinin yerinə yetirilməsindən tamamilə imtina etməsi, üstəlik, qeyri-məqbul şərtlər irəli sürməsi nəticəsində ATƏM-in həmin qətnamənin həyata keçirilməsinə yönəldilmiş səylərinə əngəl törədilmişdir. Ermənistan Respublikasının bu əməlləri nəticəsində Mario Raffaellinin bölgəyə əvvəlki səfərləri kimi axırıncı səfəri də BMT Təhlükəsizlik Şurası qətnaməsinin tezliklə həyata keçiriləcəyinə və qan tökülməsinin çoxdan gözlənilən dayandırılmasına bəslənilən ümidlər üçün heç bir əsas verməmişdir.

Dağlıq Qarabağda fəaliyyət göstərən erməni silahlı birləşmələrinin Ermənistan Respublikasına tabe olmadıqları barədə erməni tərəfinin dedikləri tamamilə əsassızdır. Bütün ağır silahların, döyüş sursatının, canlı qüvvənin göndərilməsini, habelə hərbi əməliyyatlara bilavasitə rəhbərlik edilməsini Ermənistan Respublikası ilhaq olunmuş Laçın rayonu vasitəsi ilə həyata keçirir. Ermənistan yaranmış fasilədən istifadə edərək, Raffaellinin missiyası getdikdən sonra yeni güclü hücuma başlamışdır. Həmin hücum zamanı Ermənistanın silahlı qüvvələri Ağdam şəhərini işğal etmişlər. Bu xəyanətkar hərəkət hələ heç başlanmamış olan sülh prosesinə sarsıdıcı zərbə endirmişdir. Bundan əvvəl Azərbaycan hökuməti Təhlükəsizlik Şurasına xəbərdarlıq etmişdi ki, prosesin uzadılması daha böyük fəlakətə gətirib çıxara biləcək təhlükəli vəziyyət yaradır. Indiki şərait BMT nizamnaməsinə uyğun olaraq Təhlükəsizlik Şurasına verilmiş səlahiyyətlər əsasında onun işə qarışmasını təkidlə tələb edir. Təcavüzkarın cilovlanmasına, qan tökülməsinin dayandırılmasına və işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsinə yönəldilmiş təxirəsalınmaz tədbirlər gərəkdir».

Heydər Əliyev BMT Baş katibinə növbəti məktubunu 1993-cü il avqustun 18-də göndərmişdi. Məktubda deyilirdi: «Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən 822 və 853 nömrəli qətnamələr qəbul edilməsindən artıq kifayət qədər vaxt keçmişdir. Lakin indiyədək heç bir əsər-əlamət yoxdur ki, Ermənistan Respublikası, Dağlıq Qarabağ ermənilərinin uydurma rəhbərliyi belə yüksək hörmətli beynəlxalq təşkilatın qərarını yerinə yetirmək niyyətindədirlər. Tamamilə aydındır ki, nəinki işğal olunmuş, yandırılmış və talan edilmiş Kəlbəcər və Ağdam rayonları, həm də digər Azərbaycan əraziləri tərk edilməmişdir. BMT Təhlükəsizlik Şurasının qərarlarına və bütün beynəlxalq hüquq normalarına təcavüzkar həyasızcasına məhəl qoymur. Füzuli rayonunda azərbaycanlılar yaşayan dinc kəndləri zəbt etməkdə və yandırmaqdadır, Füzuli şəhəri üzərinə güclü hücum əməliyyatı aparır, Cəbrayıl, Qubadlı istiqamətində ərazimizin içərilərinə doğru hücumu genişləndirir. Bərdə şəhərini və başqa yaşayış məntəqələrini ələ keçirməyə çalışır. Açıq təcavüz faktı o dərəcədə aşkardır ki, hər hansı əlavə faktlar gətirmək lüzumsuzdur, əminəm ki, onlar sizə BMT-nin Bakıdakı nümayəndəsi, bu yaxınlarda Füzulidə olmuş cənab Mahmud əl-Səidin məruzələrindən məlumdur. İzah olunanlarla əlaqədar xahiş edirəm, Təhlükəsizlik Şurası dərhal çağırılsın və təcavüzkarı dayandırmaq, qan tökülməsinə son qoymaq, Azərbaycan Respublikasının yüz minlərlə müdafiəsiz dinc sakinini qorumaq üçün, nəhayət, kəsərli və təxirəsalınmaz tədbirlər görülsün».

1993-cü ilin sentyabr ayının 10-da isə Heydər Əliyev ABŞ-ın Prezidenti Bill Klintona, Vitse-Prezidenti Albert Qora və Konqresin Spikeri Tomas Foliyə müraciət etmişdi. Müraciətində Heydər Əliyev demokratiya və azadlıq idealları, insan hüquqlarına və insanın əsas hüququ olan yaşamaq hüququna hörmət naminə ABŞ rəhbərliyini qan tökülməsinin və təcavüzün dayandırılmasında iştiraka çağırırdı.

Heydər Əliyevin beynəlxalq miqyasda Azərbaycanın maraqlarına zidd olan addımın atılmasına imkan vermədi (1994-1996-cı illər)

Atəşkəsin əldə edilməsindən sonra Heydər Əliyev bütün səviyyələrdə torpaqlarımızın işğaldan azad edilməsi üçün bütün səviyyələrdə mübarizə apardı. Ulu öndər bütün mötəbər qurumların platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etdi, onların potensialından istifadə etməklə problemin həllinə çalışırdı.

Bu baxımdan Heydər Əliyevin BMT tribunasından daha səmərəli istifadə etməsi diqqəti cəlb edir. Heydər Əliyev ilk dəfə 1994-cü il sentyabrın 29-da BMT Baş Məclisinin 49-cu sessiyasında çıxışında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini dünya icitmaiyyətinin diqqətinə çatdırmışdı.

Ulu öndər BMT-nin 50 illiyi yubileyi ilə əlaqədar BMT Baş məclisinin xüsusi təntənəli iclasında da diqqəti bir daha Dağlıq Qarabağ münaqişəsinə cəlb etmişdi. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığının yeddi ildən çoxdur ki, davam etdiyini deyən Heydər Əliyev bir daha bildirmişdi ki, bu təcavüz ölkəmizin Dağlıq Qarabağ bölgəsini qəsb etmək məqsədi daşıyır.

Sülh danışıqları isə ATƏM-in Minsk konfransı formatı çərçivəsində aparılırdı. 1994-cü ilin dekabrın 6-7-də ATƏM-in Macarıstanın paytaxtı Budapeşt şəhərində növbəti zirvə toplantısı keçirildi. Xatırladım ki, Budapeşt sammitinin nəticəsinə əsasən ATƏM ATƏT-ə çevrilib.

Budapeşt sammitində Heydər Əliyev Azərbaycanın sülh danışıqlarındakı mövqeyini beynəlxalq icitmaiyyətin diqqətinə çatdırdı, münaqişənin yalnız və yalnız respublikamızın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bəyan etdi.

Budapeşt zirvə görüşü ATƏM-in Heydər Əliyevin iştirakı ilə keçirilən ilk görüşü idi. Zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin intensivləşdirilməsi barədə qərar qəbul olundu. ATƏM dövlətlərinin başçıları nizamlamanın mərhələli xarakterini müəyyən edərək və ATƏM-in Minsk Konfransının həmsədrlərinə silahlı münaqişənin dayandırılması barədə saziş hazırlamağı tapşırdı. Saziş bütün tərəflər üçün münaqişənin əsas nəticələrinin aradan qaldırılmasını özündə əks etdirməli və Minsk Konfransının çağırılması üçün əsas olmalı idi. Görüşdə münaqişə zonasında sülhün təmin edilməsi üçün ATƏM-in çoxmillətli qüvvələrinin yerləşdirilməsi barəsində bir qərar qəbul olundu. Budapeşt sammitinin nəticələrinə əsasən 20 dekabr 1994-cü ildə Vyanada Ermənistan-Azərbaycan münaqişəsi üzrə ATƏT-in üzv ölkələrinin təyin etdiyi hərbi nümayəndələrdən ibarət olan Yüksək Səviyyəli Planlaşdırma Qrupu təsis edildi.

1995-1996-cı ilin sonlarına qədər Qərb, Rusiya və ATƏT-in danışıqlarda vasitəçiliyi Dağlıq Qarabağ məsələsinin həllində konkret nəticə vermədi. Bunun səbəbləri tərəflər arasındakı ziddiyyətlər, xüsusilə Rusiyanın bitərəflik bəyanatlarına baxmayaraq Ermənistanla hərbi ittifaqı gücləndirməsi və ABŞ və Minsk qrupunun isə danışıqlarda Azərbaycanı təmin etməyən təkliflər verməsi idi.

Bütövlükdə, 1994-1996-cı illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həlli istiqamətində hər hansı irəliləyiş baş vermədi. Yeganə nailiyyət isə Azərbaycan və Ermənistan arasında sadəcə atəşkəsin qorunub saxlanılması idi. Bununla belə xüsusilə qeyd edilməlidir ki, istər Heydər Əliyevin Azərbaycana rəhbərliyə başladığı 1993-cü ildə, istərsə də atəşkəsin elan edildiyi 1994-cü ildə respublikamızın beynəlxalq mövqeləri olduqca zəif idi. Buna baxmayaraq Heydər Əliyevin o dövrdə beynəlxalq miqyasda Azərbaycanın maraqlarına zidd olan addımın atılmasına imkan vermədi. Ulu öndər Ermənistanın dövlət səviyyəsində apardığı böhtanlara və yalanlara tutarlı cavablar verir və milli maraqlarımızın təmin olunmasına yönəlmiş qətiyyətli xarici siyasət yürüdürdü.

ATƏT-in Lissabon sammitində qəbul olunmuş tarixi qərar Ermənistan üçün ağır zərbə oldu

1996-cı il dekabrın 2-4-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində ATƏT-in növbəti zirvə toplantısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində respbulikamızın dövlət maraqlarının tam təmin olunduğu siyasi tədbir kimi tarixə düşdü.

Heydər Əliyev 1996-cı il 2 dekabr Zirvə görüşündəki nitqində Dağlıq Qarabağ münaqişəsi, erməni təcavüzü barədə ümumi məlumat verdi, Rusiyanın vasitəsi ilə atəşkəsin əldə edilməsini təqdir etdi. Azərbaycan rəhbəri atəşkəsin əhəmiyyətini Ermənistanla ikitərəfli danışıqlar kanalının yaradılması, hərbi əsirlərin və girovların qarşılıqlı azad edilməsi addımları ilə izah etdi. Heydər Əliyev 1996-cı ilin aprelində Lüksemburqda Ermənistan prezidenti və özünün verdiyi bəyanatı münaqişənin aradan qaldırılması istiqamətində mühüm addım hesab etdiyini də bildirdi: “Həmin bəyanat əslində tərəflərin silahlı münaqişəyə beynəlxalq prinsiplər və normalar əsasında son qoymaq əzmini nümayiş etdirən ilk Ermənistan-Azərbaycan sənədidir”.

Azərbaycan Prezidenti çıxışında Lissabon görüşündən əvvəl ATƏT üzvü olan dövlət və hökumət başçılarına göndərdiyi məktubda münaqişənin həlli üçün məşhur ümumi çərçivə qaydalarını-Lissabon prinsiplərini göstərdiyini söylədi və ATƏT prinsipləri, BMT nizamnaməsi və beynəlxalq hüququn ümumi qaydalarına uyğun hesab etdiyi bu müddəaları Zirvə toplantısı nitqində də elan etdi. Bunlar Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün tanınması, Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək özünüidarə statusunun verilməsi, Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi idi.Bu prinsiplər həm də ATƏT-in sədri Flavio Kottinin 1996-cı ilin fevralında münaqişə regionuna səfəri zamanı verdiyi təkliflərə də uyğun idi.

Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin göstərilən prinsiplər əsasında aradan qaldırılacağı təqdirdə mütərəqqi nəticələr verəcəyini ifadə edərək dedi: “Əminəm ki, münaqişənin BMT nizamnaməsi, ATƏT prinsipləri və beynəlxalq hüquq əsasında aradan qaldırılması az bir vaxt ərzində Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli möhkəm sülh yaranmasına imkan verəcək, erməni və Azərbaycan xalqları arasında xoş münasibətləri bərpa edəcək, Dağlıq Qarabağın bütün əhalisi üçün ən əlverişli şərait yaradacaqdır”.

Heydər Əliyev çıxışında Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsində məqsədini təcavüzün nəticələrini qanuniləşdirmək və Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq niyyəti kimi qiymətləndirdi və bütün bunlara yol verilməyəcəyini iştirakçı dövlətlərin başçılarına elan etdi.

Heydər Əliyev Ermənistan prezidentinə və xalqına da sülh çağırışları etdi, ATƏT üzvlərinin hamısını bütövlükdə Dağlıq Qarabağ məsələsinin həllinə kömək etməyə çağırdı: “Mən ATƏT-in Lissabon Zirvə görüşünün iştirakçısı olan dövlət və hökumət başçılarına üz tutub onlardan xahiş edirəm ki, Avropada sürəkli və viranedici münaqişələrdən biri olan Ermənistan- Azərbaycan münaqişəsinin tezliklə aradan qaldırılması üçün səylərini əsirgəməsinlər”.

Bütün bu çağırışlara baxmayaraq Ermənistan nümayəndə heyəti Heydər Əliyev tərəfindən irəli sürülən həmin prinsiplərin Lissabon bəyannaməsinin 20-ci maddəsinə salınmasına veto qoydu. Azərbaycan Prezidenti isə ATƏT-in Lissabon sənədinə bütövlükdə veto tətbiq edərək ABŞ nümayəndə heyətinə başçılıq edən vitse-prezident Albert Qorun təklifi ilə prinsiplərin ATƏT-in fəaliyyətdə olan sədrinin ayrıca bəyanatında səsləndirilməsinə nail oldu. ATƏT-in rəsmi sənədləri sırasına daxil olan bəyanatda bu müddəaların Zirvə görüşündə iştirak edən 53 ATƏT üzvü tərəfindən bəyənildiyi də göstərildi.

ATƏT sədrinin bəyanatından sonra Ermənistan nümayəndə heyəti də bəyanat verərək bununla razılaşmadığını elan etdi. Gələcək uğursuz danışıqların əsasını qoyacaq bu bəyanatda məsələnin həllinin hər şeydən əvvəl öz müqəddəratını təyinetmə prinsipi əsasında əldə oluna biləcəyi bildirildi. Rusiya nümayəndə heyətinin rəhbəri baş nazir Viktor Çernomırdin isə ATƏT sədrinin bəyanatı ilə razılaşdığını, münaqişənin məhz həmin prinsiplər əsasında tənzimlənməsinin mümkünlüyünü təsdiq etdi.

Ermənistanın etirazlarına baxmayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının baza formulu məhz bu görüşdə müəyyən edildi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev çevik və dəqiq diplomatik addımları ilə Azərbaycanın dünya birliyi tərəfindən müdafiə olunmasına nail oldu. Ermənistan Respublikası istisna olmaqla, ATƏT-in üzvü olan 53 Avropa ölkəsi Dağlıq Qarabağ probleminin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəklədi. Bu prinsiplər aşağıdakılardır: Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazi bütövlüyü, Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət statusunun verilməsi, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi. Bununla da münaqişənin sülh yolu ilə həlli üçün dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən ədalətli hüquqi bünövrə yaradıldı və vasitəçilərin vəzifələri müəyyən olundu.

ATƏT-in Lissabon sammitində qəbul olunmuş tarixi qərar Ermənistan üçün ağır zərbə oldu. Çünki sammitin yekun qərarında Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından, qaçqın və məcburi köçkünlərimizin öz doğma yurdlarına qaytarılması məsələlərindən söhbət gedirdi. Ən əsası, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının baza formulu məhz bu görüşdə müəyyən edildi. Belə bir qərarın qəbul edilməsinə nail olmaqla ümummilli lider Heydər Əliyev Azərbaycanın dünya birliyi tərəfindən müdafiə olunmasını təmin etdi.

Heydər Əliyev 1993-2003-cü illərdə 80 ölkənin prezidenti, dövlət və hökumət rəhbərləri, xarici işlər nazirləri ilə 500-dən çox görüş keçirmişdi

Ümummilli lider Heydər Əliyev Qarabağ həqiqətlərini bütün dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışmışdır. Ümummilli lider istər dövlət başçıları, istərsə də xarici ölkələrdə olan Azərbaycan diasporunun nümayəndələri, iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərində Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması fikrini əsaslandırmış və buna da nail olmuşdu. Ulu öndər 1993-2003-cü illərdə 80 ölkənin prezidenti, dövlət və hökumət rəhbərləri, xarici işlər nazirləri ilə 500-dən çox görüş keçirmiş, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsini müzakirə etmişdi. Heydər Əliyev bu görüşlərdə müasir dünyanın siyasi sistemdə deklarativ deyil, real suverenlik məsələsini ön plana çıxarmalı olduğunu diqqətə çatdırır, erməni işğalçılarının qanlı əməllərini təkzibolunmaz faktlar əsasında ifşa edərək deyirdi: “Bizim xalqımızın böyük itkiləri olubdur. Biz bunları bilməliyik, gələcək nəsillər də bilməlidirlər ki, Azərbaycana qarşı bir daha belə xəyanətlərin, təcavüzlərin qarşısı alına bilsin”.

Azərbaycanın xarici siyasətində 1993-cü ildən sonra Avropa və Qərb istiqamətininin gücləndirilməsinin əsas məqsədlərindən biri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin çatdırılması və problemin ədalətli həllinə nail olmaq üçün beynəlxalq ictimaiyyətin dəstəyinə nail olunması idi.

Məsələn, Fransa ilə qurulan əlaqələr vaxtilə Azərbaycan həqiqətlərinin erməni lobbisinin dərin kök saldığı bu ölkədə geniş yayılmasına səbəb olmuşdu. Bu məsələdə Heydər Əliyevlə Fransanın 22-ci prezidenti (1995-2007) Jak Şirak arasındakı dostluq münasibətləri böyük rol oynamışdı.

Xatırladım ki, Fransa səfiri Azərbaycanda Türkiyə səfirindən sonra rəsmi fəaliyyətə başlayan ikinci diplomat olub (mart, 1992). Azərbaycan – Fransa münasibətlərinin ilkin mərhələdə nisbətən zəif inkişaf etməsinin səbəbləri o zaman Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinə görə hərbi – siyasi vəziyyətin gərgin olması, Fransanın isə Ermənistanla sıx əməkdaşlıq əlaqəsi saxlayan ölkə kimi qiymətləndirilməsi idi. 1993-cü ilin sonlarında Azərbaycan Prezidenti Heydər Əliyev Avropa ilə əməkdaşlıq siyasətinə Fransadan başlayıb. O, Azərbaycan prezidenti seçildikdən sonra (3 oktyabr, 1993) xaricə ilk rəsmi səfərini Fransa prezidenti Fransua Mitteranın dəvəti ilə bu ölkəyə edib. F.Mitteran Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıdığını bəyan etmiş, münaqişənin ATƏM konfransı çərçivəsində həllinin düzgünlüyünü bildirmişdi. F.Mitteran Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanda vəziyyətin daha gərgin olduğunu təsdiqləmiş və Fransanın evlərini və torpaqlarını itirmiş insanlara yardım göstərəcəyini demişdi.

Azərbaycan – Fransa tərəfdaşlığının dərinləşdirilməsinin davamı olaraq 1997-ci ilin yanvarında Heydər Əliyev prezident Jak Şirakın dəvətilə Fransaya iknci dəfə rəsmi səfərini etmişdi.13 yanvar 1997-ci ildə Yelisey sarayında Fransa prezidenti Jak Şirakla görüşündə Heydər Əliyev Fransanın ATƏT – in Lissabon sammitində Azərbaycanın təkliflərini müdafiə etdiyini xatırladaraq bundan razı qaldığını söyləmişdi. Həmin ildən etibarən Fransa, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçi olan ATƏT – in Minsk qrupunun ABŞ və Rusiya ilə birlikdə həmsədri kimi fəaliyyətə başladı.

Fransa prezidenti Jak Şirak Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün bütün imkanlarını səfərbər etmişdi. Xüsusilə qeyd edilməlidir ki, erməni lobbisinin bu ölkədə güclü olmasına baxmayaraq Fransanın rəsmi dairələri o dövrdə Azərbaycanla münasibətlərə kölgə sala biləcək addımlar atmamışdılar. Bütün bunların kökündə isə Heydər Əliyevlə Jak Şirak arasında dostluq münasibətlərinin dayanırdı.

2001-ci ildə birbaşa Jak Şirakın təşəbbüsü ilə Parisdə Azərbaycanın dövlət başçısı Heydər Əliyev və Ermənistanın prezidenti Robert Koçaryanın iki dəfə təkbətək danışıqları keçirilmişdi. Görüşlər nəticə verməsə də Jak Şirak Paris müzakirələrinin (2001, yanvar, mart) münaqşənin həlli üçün yaxşı əsas yarada biləcəyinə ümid etdiyini bildirmiş, istənilən razılaşmanın hər iki tərəf üçün məqbul olmasının vacibliyini bəyan etmişdi.

2002-ci ilin noyabrında NATO/Avroatlantika Tərəfdaşlıq Şurasının Praqa sammitində də görüşən Heydər Əliyev və Jak Şirak Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə etmişdilər. Həmin görüşdə Fransa prezidenti Heydər Əliyevə vasitəçilik fəaliyyətini davam etdirməyə söz vermişdi.

Jak Şirak verdyi sözə əməl edərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yüksək səviyyədə vasitəçilik fəaliyyətini davam etdirdi. 2006 – cı ilin fevralında Paris yaxınlığındakı Rambuye qəsrində Azərbaycanın dövlət başçısı İlham Əliyev və Ermənistan prezidenti R.Koçaryan arasında ATƏT – in Minsk qrupu həmsədrlərinin iştirakı ilə növbəti görüşün keçirilməsi də Jak Şirakın təşəbbüsü ilə baş vermişdi.

Həmin dövrdə Azərbaycanla ABŞ və Böyük Britaniya arasında olan xoş əlaqələr bu ölkələrin rəhbərləri ilə Prezident Heydər Əliyev arasında yaranmış dostluq münasibətlərində də öz əksini tapmışdı. Prezident İlham Əliyev bu ölkələrə rəsmi səfərləri zamanı ABŞ prezidenti Bill Klinton və Böyük Britaniyanın baş naziri Con Meycorla keçirdiyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsil həqiqətləri, Ermənistanın işğalçılıq siyasətini və bu siyasətin nəticələrini uğurla onların diqqətinə çatdırmışdı.

Heydər Əliyev danışıqlar prosesində Azərbaycanın milli maraqlarını qətiyyətlə təmin etdi

1997-1998-ci illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair Minsk Qrupunun Həmsədrləri tərəfindən üç təklif tərtib edilib. İlk iki təklif Ermənistan tərəfindən, son təklif isə Azərbaycan tərəfindən qəbul edilməyib. Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin “paket” (Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulurdu) həlli, 1997-ci ilin sentyabrında irəli sürdükləri ikinci təklif münaqişənin “mərhələli” (münaqişənin mərhələlərlə nizama salınması) həllindən ibarət idi. 1998-ci il noyabrın 9-da həmsədrlərin beynəlxalq hüquq normalarına zidd, həmçinin Azərbaycan üçün qəbul edilməsi mümkün olmayan üçüncü təklifi dünya praktikasında mövcud olmayan “ümumi dövlət” ideyasına əsaslanırdı. Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edilən “ümumi dövlət” təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon Zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşmanın göstəricisi idi.

Heydər Əliyev Fransa prezidenti Jak Şiraka 20 aprel 1999-cu il tarixli məktubunda bununla bağlı yazırdı: «Minsk qrupu həmsədrlərinin təmsilçiləri uzun sürən fasilədən sonra, görünür, danışıqlar prosesini yenidən canlandırmaq istəyi ilə 1998-ci il noyabrın 9-da Azərbaycan tərəfini çox məyus edən və danışıqların davam etdirilməsinə imkan yaratmayan sayca üçüncü təklifi irəli sürmüşlər. Bu təklif dünya praktikasında mövcud olmayan “ümumi dövlət” ideyasına əsaslanırdı və ATƏT-in iki sammitinin təsdiq etdiyi qərarlardan və prinsiplərdən irəli gələn əvvəlki mövqedən geri çəkilməkdən başqa bir şey deyildi. Bu təkliflər əslində Dağlıq Qarabağı respublika formasında dövlət ərazi qurumu kimi ayırır və ona uydurma “ümumi dövlət” çərçivəsində Azərbaycan ilə bərabər status verirdi. Həm də bu “ümumi dövlət”in Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində yaradılmalı olduğuna istinad edilməsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü üçün təminat yaratmır, əslində bunları pozur.

Mən belə hesab edirəm ki, vasitəçilərin düşünülməmiş hərəkətləri, şübhəsiz, nizamasalma prosesinə ciddi ziyan vurmuş və onu dala salmışdır. Bu da bizdə dərin təşviş və narahatlıq doğurur, xüsusən ona görə ki, bizim dəfələrə bəyan etdiyimiz kimi, Rusiya Federasiyası Ermənistan Respublikasını ciddi-cəhdlə silahlandırmaqda davam edir, Ermənistana qanunsuz yollarla 1 milyard ABŞ dolları dəyərində Rusiya silahları verilməsinin ardınca ona MİQ-29 təyyarələri və S-300 raketləri göndərilməsi buna aydın sübutdur.

Mənim əqidəmcə, həmsədrlər qətiyyət göstərməsələr, ABŞ, Rusiya və Fransa rəhbərliyi tərəfindən fəal tədbirlər görülməsə, Ermənistan-Azərbaycan münaqişəsini ədalətlə aradan qaldırılmasına nail olmaq mümkün deyildir. Lissabon sammitinin dünyanın 53 dövləti tərəfindən lehinə səs verilmiş üç prinsipinə sədaqət göstərilməsi xüsusi əhəmiyyət kəsb edir».

Ulu öndər Heydər Əliyevlə Ermənistan prezidentləri arasında bir neçə dəfə danışıqlar aparılmışdı. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanla keçirilən görüşlərdən sonra münaqişənin həlli istiqamətində irəliləyişlərin olduğu hiss edilmiş və azacıq da olsa ümidlər yaranmışdı. Lakin danışıqların məzmunu Ermənistandakı işğal siyasəti yürüdən qrupları narahat edirdi və onların təzyiqi ilə Levon Ter-Petrosyan 1998-ci ilin fevral ayında istefa verməli oldu.

Xatırladım ki, 1997-ci il sentyabrın 19-da Minsk qrupunun həmsədrləri münaqişənin mərhələlərlə aradan qaldırılmasını nəzərdə tutan yeni təklif, Lissabon sammitindən sonra ikinci təklif irəli sürmüşdülər. Həmin təklifə uyğun olaraq birinci mərhələdə, Laçın rayonu istisna olmaqla, Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarından kənarda yerləşən altı işğal olunmuş rayonun azad edilməsi, ATƏT-in sülhü qorumağa yönəlmiş əməliyyatının həyata keçirilməsi, qaçqınların azad edilmiş ərazilərə qaytarılması, habelə müharibə nəticəsində dağılan, Ermənistanın və onun tərəfindən işğal olunmuş Dağlıq Qarabağın həyat fəaliyyəti üçün zəruri olan kommunikasiyaların bərpa edilməsi nəzərdə tutulurdu. Bundan sonra ikinci mərhələdə tərəflər silahlı münaqişənin nəticələrinin aradan qaldırılmasının ardınca Azərbaycan Respublikasının ayrılmaz hissəsi kimi Dağlıq Qarabağın statusunu müəyyənləşdirməklə və onun təhlükəsizliyi üçün tədbirlər görməklə məşğul olmalı idilər.

1997-ci il oktyabrın 10-da Strasburqda Azərbaycan və Ermənistan iki ölkənin prezidentləri səviyyəsində 1997-ci ilin 19 sentyabr tarixli təklifləri əsasında danışıqlar prosesini davam etdirməyə razılıq vermişdilər ki, bu da münaqişənin ədalətlə aradan qaldırılmasına nail olmaq üçün danışıqlar prosesinin müvəffəqiyyətinə ümid etməyə imkan verirdi. Amma sonradan Ermənistanın prezidenti Levon Ter-Petrosyanın istefa verməsi və Ermənistanın yeni rəhbərliyinin öz mövqeyini sərtləşdirməsi bu ədalətli təməl üzərində danışıqların davam etdirilməsi imkanını puça çıxardı.

Heydər Əliyev və Robert Koçaryan 1999-2002-ci illərdə münaqişənin həlli məqsədilə ikitərəfli görüşlərini davam etdirsələr də son nəticəyə nail olunmadı. İstər Parisdə, istər İsveçrənin Cenevrə şəhərində, istər ABŞ-ın Ki-Uest şəhərində, o cümlədən Moskvada keçirilən danışıqlarda Heydər Əliyev bu danışıqların hər birində Azərbaycanın milli maraqlarını qətiyyətlə təmin etmiş və Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu və bundan sonra da Azərbaycan ərazisi olaraq qalacağını birmənalı şəkildə bildirmişdi. Danışıqlar qeyri-konstruktiv mövqedən çıxış edən Ermənistan isə işğal etdiyi Azərbaycan torpaqlarından siyasi alver vasitəsi kimi yararlanmağa çalışaraq Dağlıq Qarabağa ya müstəqillik, ya da ona bərabər olan status almağa çalışırdı.

Prezident İlham ƏLİYEV: «Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim»

Heydər Əliyevin ən böyük arzuları işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütölüyümüzün bərpası, bütün məcburi köçkünlərin doğma yurdlarına qayıtması idi. Heydər Əliyev Azərbaycanı daha güclü etmək, xalqımızın daha gözəl günlərini görmək istəyirdi. Ulu öndərin ruhu bu gün şaddır, çünki Azərbaycan bu gün onun ən layiqli siyasi davamçını İlham Əliyevin rəhbərliyi ilə öz tarixinin ən güclü dövrünü yaşayır. İlham Əliyevin Azərbaycanı gücləndirərək elə bir səviyyəyə çatdırdı ki, ordumuz Ermənistanın işğal siyasətinə son qoydu, torpaqlarımızı azad etdi. Bununla həm də ulu öndərin arzuları çin oldu, vəsiyyəti yerinə yetirildi. “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!”deyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il noyabrın 8-də Şəhidlər Xiyabanından xalqa müraciəti zamanı bildirmişdi.

Azərbaycan xalqı hər zaman Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edəcək. Xalqımız həm də ulu öndərə əbədi olaraq minnətdar olacaq.

Çünki bu Qələbənin təməli illər əvvəl Heydər Əliyev tərəfindən dövlətçiliyimizin və müstəqilliyimizin əsasları möhkəmləndiriləndə, tənəzzülün qarşısın alınanda, xarici neft şirkətləri ilə tarixi müqavilələr imzalananda, ordu quruculuğuna başlananda qoyulmuşdu.

Ziyad SƏMƏDZADƏ,

Millət vəkili, akademik

Etikxeber.az

Read Previous

Nəşi 4 ay 2 gündən sonra dəfn edilən, 3 medallı və 1 ordenli Baş leytenant-ŞƏHİD RAMİL BABAYEVİN CƏNNƏTDƏKİ YUBİLEY DOĞUM GÜNÜ: 30 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (7)

Read Next

Daha 1226 yeni yoluxma-DAHA 18 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir