Bələdiyyələrin fəaliyyətinə dair illik məruzə-MM-Ə TÖVSİYƏ EDİLDİ

Fevralın 18-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Etikxeber.az-a verilən məlumata görə, onlayn formatda keçirilən iclası açan komitə sədri Siyavuş Novruzov gündəlik barədə məlumat verib.

Bildirib ki, iclasın gündəliyinə 3 məsələ – Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi və Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi ilə bağlı iki qanun layihəsi daxil edilib.

Əvvəlcə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə”ni müzakirəyə çıxaran komitə sədri bildirib ki, dövrün yeni çağırışlarına uyğun olaraq regional idarəetmə sahəsində həyata keçirilən tədbirlərin də yeni mexanizmlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu deyən komitə sədri bələdiyyə idarəçiliyi sahəsində uğurların qazanıldığını qeyd edib.

Sonra ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib ki, keçən il yerli özünüidarəetmənin inkişafı, bələdiyyə fəaliyyətində qanunçuluğa əməl edilməsi istiqamətində tədbirlər Ədliyyə Nazirliyinin diqqət mərkəzində saxlanılıb.

Vilayət Zahirov nazirliyə daxil olan 80359 bələdiyyə aktının, o cümlədən bələdiyyələrin fəaliyyəti ilə bağlı 4504 müraciətin araşdırılması ilə bağlı görülən müvafiq tədbirləri, aparılan təhlilləri deputatların diqqətinə çatdırıb.

Qeyd olunub ki, ötən dövrdə korrupsiya hüquqpozmalarına şərait yaradan hallar müəyyən edilərək onların aradan qaldırılması üzrə tədbirlər görülüb, bələdiyyələrin maarifləndirilməsi davam etdirilib, bələdiyyə işçilərinin peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılıb.

Bildirilib ki, yerli özünüidarəetmə sahəsində fəaliyyətin əlaqələndirilməsi istiqamətində Milli Məclislə sıx əməkdaşlıq aparılıb və bələdiyyələrlə bağlı deputatlar tərəfindən səsləndirilən təklif və fikirlər öyrənilib, onların nəzərə alınması üzrə tədbirlər görülüb.

Sənədin müzakirəsində Regional məsələlər komitəsi sədrinin müavini Elşən Musayev, deputatlar Səbinə Xasayeva, Kamran Bayramov, Əliabbas Salahzadə, Cavid Osmanov, Aqil Məmmədov, Səttar Möhbalıyev, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Əli Mehdiyev, “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin sədri Vüsal Mirzəyev, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov söz alıblar.

Çıxış edənlər bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması, nüfuzunun yüksəldilməsi, maliyyə dayanıqlılığının gücləndirilməsi ilə bağlı fikirlərini bildiriblər, bələdiyyələrin fəaliyyətinin aktual məsələləri ilə bağlı rəylərini səsləndiriblər.

Geniş fikir mübadiləsindən sonra deputatlar bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini Milli Məclisin müzakirəsinə tövsiyə ediblər.

Gündəliyin digər iki məsələsi – “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş) və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verən komitə sədri Siyavuş Novruzov qeyd edib ki, iclasa Gəncə şəhərini təmsil edən deputatlar da dəvət olunub. Gəncə şəhərinin inzibati ərazi bölgüsündə təklif olunan dəyişikliklərə əsasən, idarəetmənin təkmilləşdirilməsi məqsədilə şəhərin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılır.

Bələdiyyələrin siyahısına təklif olunan dəyişiklik də bununla əlaqədardır.

Qanun layihələrinin müzakirəsində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev (Gəncəni təmsil edir), deputat Kamran Bayramov təklif olunan dəyişikliklərlə bağlı fikirlərini səsləndiriblər.

Müzakirələrin sonunda hər iki qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.

İclasda Regional məsələlər komitəsinin üzvləri Nizami Cəfərov, Məzahir Əfəndiyev, Emin Hacıyev, Malik Həsənov, Tahir Rzayev, Gəncədən seçilmiş deputatlar Naqif Həmzəyev Müşfiq Cəfərov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov, həmçinin 20-yə yaxın şəhər, qəsəbə və kənd bələdiyyəsinin rəhbərləri və digər rəsmi şəxslər iştirak ediblər.

Etikxeber.az

Read Previous

Daha 3817 yeni yoluxma-DAHA 25 ÖLÜM…

Read Next

Biganəlik, məsuliyyətsizlik və ədalətsizliklə üzləşən daha bir Vətən sevdalısı-4 MEDALLI, BƏDƏNİNDƏ HƏLƏ DƏ QƏLPƏLƏR QALAN FUAD SALMANOVUN HAQQI TANINACAQMI, ONA HAQQ ETDİYİ MÜNASİBƏT GÖSTƏRİLƏCƏKMİ, ƏLİLLİK DƏRƏCƏSİ VERİLƏCƏKMİ? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir