Biganəlik, məsuliyyətsizlik və ədalətsizliklə üzləşən daha bir Vətən sevdalısı-4 MEDALLI, BƏDƏNİNDƏ HƏLƏ DƏ QƏLPƏLƏR QALAN FUAD SALMANOVUN HAQQI TANINACAQMI, ONA HAQQ ETDİYİ MÜNASİBƏT GÖSTƏRİLƏCƏKMİ, ƏLİLLİK DƏRƏCƏSİ VERİLƏCƏKMİ? – FOTOLAR

Fuad Müşviq oğlu Salmanov…

2001-ci ilin 3 fevral tarixində Bakı şəhərində anadan olub…

Ailənin 3 övladından biridir…

Fuad orta məktəbi bitirdikdən bir müddət sonra, 2019-cu ilin iyul ayının 1-də hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…

Əvvəlcə Ağcabədi istiqamətində yerləşən “N” saylı hərbi hissədə qulluq edib, sonra ön xəttə-Füzuli istiqamətinə göndərilib…

Və İkinci Vətən Müharibəsi zamanı Əsgər kimi döyüşlərdə iştirak edib…

Füzuli, Xocavənd, Şuşa istiqamətlərində döyüşüb, vuruşub…

Müharibənin ikinci günündə, sentyabrın 28-də düşmən tərəfindən atılan ağır artilleriya nəticəsində yaralanıb…

20 gün Bakı şəhərində hərbi hospitalda müalicə alıb…

Sonra yenidən cəbhəyə, döyüşlərə yollanıb…

Suşa istiqamətində ağır döyüşlərdən birində kəllə-beyin travması alıb, danışıq, nitq qabiliyyətini itirib, Füzulidə yerləşən “N” saylı hərbi hospitalda 10 gün müalicə alıb…

Və hərbi hospitaldan çıxdıqdan sonra Hadrutda yerləşən hərbi hissəyə qayıdıb, sonra isə Xocavənd istiqamətinə yollanıb…

Daha sonra isə Ordudan, hərbi xidmətdən təxris olunub…

Müharibədə göstərdiyi şücaətlərə görə Ali Baş Komandan tərəfindən 4 medalla-“Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

Yeri gəlmişkən, Fuadın qardaşı 2016-cı ilin Aprel döyüşlərinin iştirakçılarından olub…

Fuad həm də subaydır…

***

Amma çox təəssüflər olsun ki, ötən müddət ərzində Fuada heç bir dəstək, heç bir köməklik göstərilməyib…

Səhhətində hələ də ciddi problemlər yaşansa da, ayağında qəlpələr qalsa da, Müdafiə Nazirliyinin Hərbi-Tibbi Komissiyası tərəfindən şəhadətləndirilməyib, sənədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasına göndərilməyib…

Hələ də ona əlillik dərəcəsi verilməyib…

Çox təəssüfedici, çox üzücü və qəbuledilməz bir durum…

Artıq cəmi 19 yaşında Vətən uğrunda döyüşlərdə iştirak edən, yaralanan, ölümlərdən dönən, Qarabağın işğaldan azad edilməsində, tarixi Qələbə və Zəfərimizdə rolu olan bir gəncə, Vətən sevdalısına qarşı bu cür laqeyd, biganə, etinasız, məsuliyyətsiz və ədalətsiz yanaşma aradan qaldırılmalıdır…

Ona artıq Haqq etdiyi münasibət göstərilməli, necə deyərlər, Haqqı tanınmalı, əlillik dərəcəsi verilməlidir…

Eyni zamanda, digər aidiyyatı dövlət qurumları tərəfindən də Fuada maddi və mənəvi yardım edilməli, dəstək göstərilməlidir…

O, küsdürülməməli, incik salınmamalıdır…

Heç kimin, heç bir dövlət qurumunun, heç bir məmurun buna haqqı yoxdur…

Məmurlar, qurumlar artıq baş verənlərdən, yaşananlardan dərs çıxarmalıdır!

Allah özü Vətən sevdalısı, Qazi adını çoxdan Haqq etmiş Fuada, onun problemlərinin həllinə kömək olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bələdiyyələrin fəaliyyətinə dair illik məruzə-MM-Ə TÖVSİYƏ EDİLDİ

Read Next

Arif Həşimov AMEA prezidenti vəzifəsini-İCRA EDƏCƏK…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir