BAŞ MƏŞQÇİ: “Yalnız qalib gəlmək haqda düşünürdük…”

İndiyədək U-23 milli komandamız yox idi. IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar komanda yaradıldı və AFFA rəhbərliyi baş məşqçi vəzifəsini mənə həvalə etdi. Buna görə assosiasiya rəhbərliyinə təşəkkür edirəm.

Etikxeber.az xəbər verir ki, bu sözləri IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışının qalibi olan Azərbaycanın U-23 milli komandasının baş məşqçisi Yaşar Vahabzadə deyib.

Mütəxəssis bildirib ki, bu vəzifəyə mənim təyinatıma əsas verən məqamlardan biri yaşla əlaqədar heyətə cəlb edilən futbolçuları yaxından tanımağım, onların əksəriyyətinin bir müddət əvvəl rəhbərliyim altında U-21-in rəsmi oyunlarında iştirak etməsi olub:

“AFFA tərəfindən komandanın hazırlıq keçməsi üçün hər cür şərait yaradılsa da, vaxtımız az olduğundan və ölkə çempionatı davam etdiyindən cəmi iki dəfə qısamüddətli təlim-məşq toplanışı təşkil etdik. Turnirin əsasnaməsinə görə, heyətə 23 yaşdan böyük 3 futbolçu cəlb edə bilərdik. Bu seçimi edərkən əsas millinin baş məşqçisi Robert Prosineçki ilə məsləhətləşdik. Yığmanın üzvləri – Ağabala Ramazanov və Ruslan Abışovun U-23-ə kömək etməsinə şərait yaratdığına görə baş məşqçiyə təşəkkür edirəm”.

Püşkatma nəticəsində ən güclü rəqiblərin millimizlə eyni qrupda yer aldığını vurğulayan Y.Vahabzadə sonra bildirib.

“Oyunlar zamanı da bunun şahidi olduq. Təbii ki, yarışa qatılan zaman komandanın qarşısına konkret hədəflər qoyulmuşdu. İlk işimiz yarımfinala yüksəlmək idi. Oyunlar komandamızın buna hazır olduğunu göstərdi. Düzdür, 7 futbolçunun milliyə digərləri ilə müqayisədə gec qoşulması birinci oyunda öz sözünü dedi. Amma tədricən problemlər aradan qaldırıldı və sonrakı oyunlarda gücümüzü göstərə bildik. Mayın 8-dən 21-dək olan müddətdə 5 oyun keçirdik ki, onlardan da 3-ü süni meydançada baş tutdu. Futbolçulardan yüksək fiziki hazırlıq tələb olunurdu. Üstəlik, əsas heyətdə çox dəyişiklik etmirdik, bir-iki əvəzetməyə əl atırdıq. Final oyununda Vüqar Mustafayevin meydana çıxmaması zədəsi ilə bağlı idi. Hətta oyun öncəsi məşqdə onu bir də yoxladıq, amma ağrıları meydana çıxmağa imkan vermədi. Halbuki özü də oynamağı çox istəyirdi” – deyə, baş məşqçi əlavə edib.

Y. Vahabzadə deyib ki, final oyununda yalnız qalib gəlmək haqda düşünürdülər:

“İşimizin öhdəsindən layiqincə gəldiyimizə görə futbolçularımıza, məşqçi heyətinə, komandaya ilk gündən dəstək olan azarkeşlərə, AFFA rəhbərliyinə təşəkkür edirəm. Prezident İlham Əliyev idmançılarla görüşdü, onları təbrik etdi. Dövlətimizin başçısından xoş sözlər eşitmək sevindiricidir. Ölkəmizdə idmanın inkişafı üçün yaratdığı şəraitə görə Azərbaycan Prezidentinə minnətdaram”.

Etikxeber.az

Read Previous

Təhlükəsizliyin təmin olunmasına hərbçilər cəlb ediləcək- BÖYÜK BRİTANİYADA

Read Next

Mançesterdə terrakt törədən Salman Abedinin kiçik qardaşı və atası həbs edildi – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir