Çini Azərbaycan üçün vacib və önəmli edən nədir? – RƏYLƏR

Dünyanın 3 supergücündən biri olan Çin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Bu ölkə BMT Təhlükəsizlik Şurasının veto hüququna malik 5 dövlətindən biri və birincisi olaraq, hər zaman Qarabağ məsələsində Azərbaycanı müdafiə edir, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi prinsipi çərçivəsində həllinə dəstək verir, eyni zamanda, Azərbaycan da daim “Vahid Çin” mövqeyindən çıxış edir. 

Azərbaycanın dövlət başçısı, Ümummilli Lider Heydər Əliyevin ikinci hakimiyyəti dövründə ilk səfər etdiyi ölkələrdən biri də məhz Çin olub. Bu tarixi səfər 1994-cü ilin martında baş verib və bununla da iki ölkə arasında əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoyulub, ölkə Prezidenti İlham Əliyev dövründə də bu əlaqələr uğurla davam etdirilib, etdirilməkdədir. Həmçinin, Çin Cənubi Qafqaz ölkələri arasında ən çox Azərbaycanla əməkdaşlığa üstünlük verir, üç respublika arasında ən çox Azərbaycanla ticarət və əməə dövriyyəsinə malikdir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında əməkdaşlıq inkişaf etdikcə iki ölkənin münasibətləri daha da genişlənir”-deyən E.Səlimov bildirib ki, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında iqtisadi, nəqliyyat, sənayə, kənd təsərrüfatı, sahələrinin qarşılıqlı inkişafı ilə əlaqədar bir sıra sənədlər imzalanıb.

Onun sözlərinə görə, Prezidentimiz cənab İlham Əliyevin Çin Xalq Respublikasında keçirilən “ Bir kəmər, bir yol” beynəlxalq forumda iştirak etməsi, Çin Xalq Respublikasının Sədri cənab Si Cinpinlə görüşü və bu görüş zamanı imzalanan mühüm əhəmiyyətə malik sənədlər ölkəmiz arasındakı əməkdaşlığın inkişafına xidmət edir.

“Çin Komminist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Taonun başçılıq etdiyi nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi əlaqələrin inkişafına böyük təkan verəcək. Bakıda keçirilən “Si Cinpinin yeni dövr Çin səciyyəvi sosializm ideyası” mövzusunda konfransda da vacib məsələlər müzakirə olundu. Qədim İpək yolunun bərpası, Asiya ilə Avropanı birləşdirən nəqliyyat dəhlizi Çinin Avropaya çıxışını daha da yaxınlaşdırmaqla iqtisadi inkişafını sürətləndirəcək. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji əməkdaşlıq uğurla davam edəcək. Bir sözlə, Azərbaycan-Çin əlaqələri sağlam təməllər üzərində inkişaf etməkdədir və bundan da qazanan yalnız dövlətlərimiz, xalqlarımızdır”-deyə, deputat qeyd edib.

çin-sefir-son

cinpin-əliyev-2

sktr-1

kamilla-13

Millət vəkili Kamilə Əliyeva da hesab edir ki, Azərbaycan-Çin münasibətləri, əlaqələri çox mühüm və strateji önəm daşıyır.

Onun qeyd etdiyinə görə, ümumiyyətlə, qloballaşan, təhlükələrin, təhdidlərin, riqslərin artdığı bir dünyada, dünya düzənində dövlətlər və xalqlar arasında ikitərəfli əlaqələrin və əməkdaşlığın sürətləndirilməsi, möhkəmləndirilməsi, yüksələn xətt üzrə inkişafı olduqca vacibdir və əhəmiyyətlidir.

Bu baxımdan, millət vəkili hesab edir ki, Azərbaycanla Çinin ötən 28 ilərzində keçdiyi yol, xüsusilə də, 1994-cü ilin əvvəllərindən yeni inkişaf mərhələsinə qədəm qoyan əməkdaşlıq, tərəfdaşlıq münasibətləri hər iki dövlətin, Azərbaycan və Çin xalqlarının mənafeyinə xidmət edir.

“Bu gün bizim qarşımızda duran və həllini gözləyən ən vacib və deyərdim ki, yeganə problem Qarabağ problemidir. 31 ildən artıqdır davam edən bu münaqişə ötən illər ərzində hələ də həllini tapmayıb və öz ədalətli, müsbət çözümünü gözləyir. Bu münaqişənin həllində böyük dövlətlərin, dünyadakı proseslərin gedişatına birbaşa təsir etmək gücünə malik ölkələrin dəstəyinə böyük ehtiyac var. Çox təəssüflər olsun ki, bu gün elə bir dünyada yaşayırıq ki, haqlıdan daha çox, haqsızın, güclünün yanında dayanırlar. Belə olan bir reallıqda da həm haqlı, həm də öz ədalətli mövqeyi ilə güclənən tərəf olaraq, Qarabağ münaqişəsinin həllində böyük dövlətlərin mütləq əməli və səmimi dəstəyinə nail olmalıyıq.

Çin də dünyanın 3 supergücündən, həmçinin, veto hüququna malik olan beş dövlətindən biridir. Çin kimi bir dövlətin Qarabağ məsələsində dəstəyi də bizim üçün çox önəmlidir. Çox sevindirici haldır ki, Çin də hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib, münaqişənin həllində ədalətli mövqedən çıxış edib. Odur ki, belə bir dəstəyin edilməsi böyük siyasi və diplomatik uğurdur və münaqişənin ədalətli həllinə müsbət töhfə verə biləcək amillərdəndir.

Bu baxımdan, istər dövlətlər və hökumətlarası əlaqələrin, istərsə də hər iki ölkəyə rəhbərlik edən iqtidar partiyalarının qarşılıqlı əlaqələrinin, əməkdaşlıq münasibətlərinin gücləndirilməsi mühümdür, vacibdir, əhəmiyyətlidir. Bu, hər birimizin xeyrinədir və milli mənafelərimizə, dövlətçilik maraqlarımıza tam uyğundur”-deyə, K. Əliyeva sonra bildirib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az 

Read Previous

“Hədəfim dünya çempionatında qızıl medal qazanmaqdır” – FESTİVALIN QIZIL MEDALÇISI

Read Next

50 nəfərlik ilk Milli Şura – SONUNCU ÇAĞIRIŞ ALİ SOVETİN ÜZVLƏRİ HARADADIR? – NÖVBƏTİ YAZI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir