“Ehsanların tərəfdarı deyiləm, amma dəfn və yas mərasimlərinin keçirilməsi üçün müvafiq qaydada imkan yaradılmasını istərdik”-ŞEYXÜLİSLAM

Şuşada Cıdır düzündə “Xarıbülbül” festivalının keçirilməsi mənim üçün çox xoş oldu.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün jurnalistlərə aşıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.

Şeyxülislam Cıdır düzündə Nikol Paşinyanın bir vaxtlar rəqs etdiyini xatırladıb:

“Bu gün Prezident İlham Əliyevin iştirakı ilə Cıdır düzündə “Xarıbülbül” festivalının keçirilməsi mənim üçün çox xoşdur. Şuşada Zəfərimizə həsr olunmuş məscidin tikilməsinə başlanılması da böyük hadisədir. İnşallah, o məscid Vətənimizin tacı olacaq. Mən Allaha bizə belə bir qələbə nəsib etdiyi üçün dua edirəm. Bu qələbə Heydər Əliyev siyasəti, onun yolunun bəhrəsidir. Bu gün Heydər Əliyevin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə biz bu qələbəni qazana bildik. İlham Əliyev tarixdə bir fateh kimi qalacaq, min illər keçəcək, Azərbaycan xalqı bunu unutmayacaq. Allah nəsib etsin, tezliklə, məbədlərimizə, məscidlərimizə qayıdaq”.

Sonra “Mən məscidlərin açılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha 3 dəfə müraciət etmişəm, son zamanlar da müraciətim olub. Müraciətimə də hörmətlə yanaşıblar və vəziyyəti mənə izah ediblər. Bununla bağlı müzakirələrimiz davam edir”-deyən A. Paşazadə bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə də müraciət edib: “Məscidlərin açılması həm də bizdən asılıdır. Biz Operativ Qərargahın qaydalarına düzgün riayət etsək, yəqin ki, məscidlərdə ibadətlərimiz də bərpa olunacaq”.

QMİ sədri qeyd edib ki, evdə də ibarət etmək olar: “Başqa dinlərlə nisbətən İslam dinində başqa yerlərdə namaz qılmaq, ibadət etmək olar. Ancaq xristian, yəhudi dinində gərək konkret yerlərdə ibadət edəsən. Ona görə də bu vəziyyət onlar üçün daha çətindir”.

Şeyxülislam nəzərə çatdırıb ki, pandemiya dövründə müsəlman din xadimləri İnternet vasitəsi ilə dindarlara şəriət məsələlərini çatdırıblar, dini təbliğat davam edib:

“Ancaq bu gün evlənənlər evlənə, toy edə bilmir. Biz bu gün yaxınlarımızı istədiyimiz kimi mərasimlə dəfn edə bilmirik. Əlbəttə, mən ehsanların tərəfdarı deyiləm, amma dəfn və yas mərasimlərinin keçirilməsi üçün müvafiq qaydada imkan yaradılmasını istərdik. Dövr, həyat bizə məhdudiyyətlər qoyub. Biz nə qədər Operativ Qərargahın qaydalarına riayət etsək, məscidlər, məbədlər o qədər tez açılacaq, toylar olacaq”.

Etikxeber.az

Read Previous

“Ramazan bayramını Qalib Xalq olaraq qeyd edirik, müqəddəs torpaqlarımız artıq yağı tapdağında deyil, Qarabağdan azan səsi gəlir…”-MİLLƏT VƏKİLLƏRİNDƏN RAMAZAN TƏBRİKİ

Read Next

Bakıda 28°, bəzi bölgələrdə isə 32° isti olacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir