“Ermənistan indiki şəraitdə müharibədən sonra yaranmış situasiyanın şərtlərini nəzərə almağa məcburdur”-MİLLƏT VƏKİLİ

Bu gün dünyada gedən proseslər sülhün və təhlükəsizliyin nə qədər həyati əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyir. Bu mənada hesab edirəm ki, Ermənistan indiki şəraitdə müharibədən sonra yaranmış situasiyanın şərtlərini nəzərə almağa məcburdur.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması nəinki hər iki ölkənin xalqlarının maraqlarına cavab verir, eyni zamanda, regionun gələcəyi üçün yeni perspektivlər açır.

Ramin Məmmədov qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda yeni əməkdaşlıq formatı təklif edib:

“Bu təşəbbüsün reallaşdırılması üçün bütün imkanlardan istifadə etmək vacibdir. Ermənistanın sülh sazişini imzalamaqdan imtina etməsi, kommunikasiyaların açılmasını gecikdirmək cəhdləri zaman itkisindən başqa bir şey deyil. İndiki halda isə zaman daha çox Ermənistanın əleyhinə işləyir. Çünki bu ölkənin iqtisadi tənəzzüldən xilas olması üçün kommunikasiyaların açılmasına, nəqliyyat əlaqələrinin bərpasına başqa ölkələrdən daha çox ehtiyacı var”.

Millət vəkilinin fikrincə, Azərbaycan-Ermənistan sərhədinin müxtəlif istiqamətlərində, eyni zamanda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində atəşkəsi pozulması Ermənistanın müharibənin faktiki nəticələrini hələ də düzgün qiymətləndirə bilmədiyini göstərir:

“Hər bir müharibə ölkənin yalnız hərbi qüdrətini deyil, eyni zamanda, onun iqtisadi imkanlarını, cəmiyyət və dövlət arasında qarşılıqlı anlaşmanın, etimadın miqyasını ifadə edir. Bu baxımdan, Ermənistanın indi hansı durumda olduğunu izah etmək o qədər də mürəkkəb məsələ deyil. Reallıqlar göz önündədir. Ona görə də Ermənistanın siyasi qüvvələri, o cümlədən mövcud hakimiyyəti cəmiyyəti daha çox sülhə hazırlamalıdır, nəinki müharibəyə. Ancaq bəzi hallarda biz bunun əksi olan təşəbbüslər, açıqlamalar müşahidə edirik”.

Ramin Məmmədov bildirib ki, 30 il ərzində Ermənistan cəmiyyətinə təlqin olunan “yenilməz erməni ordusu” mifini Azərbaycan Ordusu 44 gün ərzində tamamilə məhv edib. “Qəhrəman erməni əsgəri”, “Görkəmli erməni sərkərdələri” kimi tezislər artıq bütün inandırıcılıq gücünü itirib:

“Hesab edirəm ki, Ermənistanda siyasi dairələr, media, ictimai rəyə təsir imkanları olan qüvvələr bu yeni vəziyyəti nəzərə almalıdır. Ermənistan cəmiyyətinin indi daha çox həqiqətləri bilməyə, öz ölkəsinin imkanlarını, hərbi və iqtisadi potensialının miqyasını düzgün qiymətləndirməyə ehtiyacı var”.

Deputat qeyd edib ki, Azərbaycan ordusu 44 günlük müharibədə Ermənistana ciddi bir dərs verib:

“Bu dərsdən doğru nəticə çıxarmadan, əməkdaşlıq və inkişaf üçün açılan yeni imkanları praqmatik bir formada təhlil etmədən Ermənistanın gələcəyi haqqında doğru qərarlar qəbul etmək mümkün olmayacaq”.

Read Previous

“Koreya şirkətlərini azad edilmiş torpaqlarda icra olunacaq layihələrə dəvət etmişik…”-İLHAM ƏLİYEV – FOTO

Read Next

“Demokratiyanın üz qabığı seçkilərdir”-MƏZAHİR PƏNAHOV – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir