İki qız atası, iki medallı Şəhid Emin Ağazadənin-BU GÜN 31 YAŞI TAMAM OLDU…-FOTOLAR

Bu gün daha bir Şəhidin- İsmayıllının Kürdmaşı kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Emin Valik oğlu Ağazadənin doğum günüdür.

Emin Ağazadənin bu gün 31 yaşı tamam olur və bu, onun Cənnətdəki ikinci ad günüdür.

Etikxeber.az xəbər verir ki, Emin Ağazadə 1991-ci ilin mart ayının 22-də İsmayıllının Kürdmaşı kəndində sadə bir ailədə anadan olub.

Orta təhsilini başa vurduqdan sonra 2009-cu ildə həqiqi hərbi xidmətə yollanıb.

2010-cu ilin noyabr ayında hərbi xidmətini başa vurub və evinə, ailəsinə dönüb.

İkinci Vətən Müharibəsinə könüllü şəkildə yollananlardan olub.

2020-ci ilin oktyabrın 25-i gecəsi Laçın istiqamətində yoldaşları ilə birlikdə ön cəbhəyə gedərkən maşında vurularaq sol ayağından qəlpə yarası alıb və Şəhidlik məqamına yüksəlib.

Nəşi iki gün sonra, oktyabrın 27-də Kürdmaşı qəbiristanlığında dəfn olunub.

Şəhidliyindən sonra “Vətən uğrunda” “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Emin həm də ailəli, iki qız atası olub.

İkinci qızı Emiliya Şəhidliyindən 4 ay sonra dünyaya gəlib.

Böyük qızının adı isə Mələkdir.

Cənnətdəki ikinci ad günü ilə bağlı bu gün, 22 mart tarixində Şəhidin məzarı ziyarət olunub.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, İsmayıllıdan olan Şəhid ailələri iştirak ediblər.

Ziyarət zamanı Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Mövludu, Cənnətdəki ikinci ad günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

34 yeni yoluxma-7 ÖLÜM…

Read Next

Ailənin tək və subay oğlu, 21 yaşı tamam olan Fərid Əliyevin cənnətdəki ikinci ad günü: ŞƏHİDİN VALİDEYNLƏRİNİN ARZUSU REALLAŞACAQMI? – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir