“İnformasiya sahəsində məcəllələşdirmə istiqamətində təklifimi gündəmdə saxlayacağam və…”-BƏHRUZ MƏHƏRRƏMOV YAZ SESSİYASINDA QALDIRACAĞI, TƏKLİF EDƏCƏYİ MƏSƏLƏLƏRDƏN, HƏLLİNİ GÖZLƏYƏN PROBLEMLƏRDƏN DANIŞDI

Milli Məclisin (MM) 2021-ci il yaz sessiyasıda insan hüquq və azadlıqlarının səmərəli təmini üçün qanunvericiliyin daha da təkmilləşdirilməsinə ciddi diqqət yönəldəcəyəm. Xüsusən, anlayışı geniş nəzərdə tutulduğu üçün təcrübədə çətinliklərə və fərqli şərhlərə səbəb olan, habelə sui-istifadələrə yol açan müəyyən maddi və prosessual normalar var ki, onlara mütləq yenidən baxılmalıdır. Bu mənada Mülki və Mülki Prosessual, Cinayət və Cinayət Prosessual məcəllələrində, habelə, Ailə Məcəlləsində dəyişikliklərlə bağlı layihələrim var. Həmçinin, pulsuz hüquqi yardımla bağlı hazırda hökumətlə və Avropa İttifaqı ilə birgə layihəmiz var, onun üzərində işləyirik.

Bunu Etikxeber.az-a özəl açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib.

Qeyd edib ki, bundan başqa, İnformasiya sahəsində məcəllələşdirmə istiqamətində təklifini gündəmdə saxlayacaq. 

“Əlbəttə, əsas prioritetimiz seçicilərimizin problemləri olacaq.

Bilirsiniz, bəzən bu kimi fikirlər səslənir ki, bütün diqqət “Böyük qayıdış”a yönəlməlidir. Mən bununla tam razıyam, amma eyni zamanda, o, qənaətdəyəm ki, biz bölgələrimizin də potensialından “Böyük qayıdış” üçün istifadə etməliyik. Məsələn, 30 ildən çoxdur baxımsız qalmış “Bolqarçay” su anbarını bərpa etməklə, habelə, Biləsuvarın suvarma infrastrukturunu yeniləməyə vəsait ayırmaqla biz Biləsuvarı inkişaf etmiş, zəngin bir bölgəyə çevirə, bu rayonun potensialından Qarabağın bərpasında istifadə edə bilərik.

Biləsuvar necə ki, insan potensialı ilə Birinci və İkinci Qarabağ müharibəsində var gücü ilə iştirak edib, şəhidlər verib, qaziləri canlarını qoyub, biz arzu edirik ki, iqtisadi potensialımızla da Qarabağın bərpasında hər kəsdən daha artıq iştirak edək. Bunun üçün rayonun minimum problemləri, o cümlədən,  suvarma məsələsi həll edilməlidir. Bundan əlavə, məlumdur ki, rayonda ən əsas problemlərimizdən biri məşğulluqla bağlıdır və düşünürəm ki, suvarma problemini həll etməklə, biz əhalinin böyük qismini məşğul təbəqəyə çevirə bilərik. Bundan başqa, içməli su, qazlaşma, elektrik enerjisi təminatı, habelə, rabitə-internet təminatındı problemlərimiz var, daxili yollarımızla bağlı görüləcək işlər var, bərpaya və yenidən tikintiyə ehtiyacı olan 16 məktəbimiz, bağçalarımız, tibb məntəqələrimiz mövcuddur.

İnşallah, bunları zamanla gündəmə gətirəcəyəm.

Ümumiyyətlə, hər birimiz üçün hər şeydən öncə dövlətçilik maraqları gəlməlidir və bu mənada, Azərbaycanın post-müharibə dövrü artan nüfuzu, güclənən mövqeyinin qorunması naminə Prezident İlham Əliyevin mövcud siyasi xəttinin dəstəklənməsi, seçicilərimizin bu xətt ətrafında daha sıx birliyinin təmini üçün siyasi fəaliyyətimizi gücləndirəcəyik. Həmçinin,  cənab Prezidentin siyasi xəttinə və qarşımızda qoyduğu yol xəritəsinə uyğun olaraq, istənilən səviyyədə qanun pozuntuları, vətəndaşların hüquqlarının tapdalanması hallarının qanuni və ədalətli araşdırılması istiqamətində səylərimizi artıracağıq.

Habelə, rayonda siyasi fəal qüvvələrlə əməkdaşlıq mühitinin gücləndirilməsi, yad ünsürlərin sosial problemlərdən faydalanaraq, insanları ideoloji olaraq zəhərləməməsi, dövlətdən narazı salmaması, dövlətçilik yolundan məqsədli olaraq sapdırmaması üçün bu istiqamətində profilaktik işimizi gücləndirəcəyik”-deyə, millət vəkili sözlərinə əlavə edib.

14:37, 28 yanvar

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Elnurun, Elvinin, Asifin də-HAQQI TANINACAQMI?

Read Next

Dahi Öndər Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından-137 İL ÖTÜR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir