“Kifayət qədər var-dövlət yığıblar və həmin var-dövləti qoruyub saxlamaq istəyirlər…” – VAHİD ƏHMƏDOV – YENİLƏNİB – FOTO

Azərbaycanlıların soyqırımının 101-ci ildönümü ilə bağlı martın 31-də Quba Soyqırımı Memorial Kompleksində konfrans keçirilir.

Etikxeber.az xəbər verir ki, anım mərasimi və konfrans Mədəniyyət Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.

Mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun və dini konfessiyaların nümayəndələri iştirak edirlər.

Konfrans iştirakçıları əvvəlcə mərhum dövlət başçısı  Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüblər.

Sonra Quba Soyqırımı Memorial Kompleksinin ərazisində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət olunub. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, ruhlarına dualar oxunub.

Konfrans iştirakçıları Quba Soyqırımı Memorial Kompleksində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən foto və kitab sərgisi ilə tanış olublar.

Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov açılış nitqində bildirib ki, konfransın məqsədi 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törətdiyi soyqırımının ağır nəticələrinin yenidən diqqət mərkəzinə çəkilməsi və bu barədə həqiqətlərin dünyaya çatdırılmasıdır.

Qeyd edək ki, konfransda mədəniyyət naziri Əbülfəs Qarayev, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, Milli Məclisin deputatları Vahid Əhmədov və Qənirə Paşayeva, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və başqaları məruzələrlə çıxış edəcəklər.

***

vahid-kamil-4

“Ölkədə sabitlik olmalı, insanların həyat şəraiti yaxşılaşdırılmalıdır. Bütün bunları nəzərə alan Prezident İlham Əliyev 6 aydır ki, çox ciddi siyasi, iqtisadi, institusional islahatlara, o cümlədən kadr islahatlarına start verib ”.

Bunu isə konfransda çıxışı zamanı  millət vəkili Vahid Əhmədov bildirib.

V. Əhmədov deyib ki, dövlət başçısı fərmanlar, sərəncamlar imzalayıb və bunlar həyata keçirilir.

Onun sözlərinə görə, bu islahatlar davam edəcək, o cümlədən, məhkəmə-hüquq sisteminin, o cümlədən media və digər sistemlərin yenidən qurulması prezidentin diqqətindədir:

“Burada da əsas məqsəd əhalinin həyat şəraitinin yaxşılaşdırılması, şəffaflığın təmin edilməsi, rüşvətxorluğun, korrupsiyanın aradan qaldırılmasıdır. Düzdür, bu islahatları həyata keçirmək o qədər də asan deyil,  xarici qüvvələrin Prezidentə təzyiqlər həddən artıq böyükdür. Biz bunu hiss edirik. Amma çox təəssüf edirəm ki, Azərbaycanda da belə qüvvələr mövcuddur, Prezidentin apardığı islahatların üzərinə kölgə salmaq, hətta mane olmaq istəyirlər. Mən o insanları da başa düşürəm.

Çünki uzun müddətdir ki, kifayət qədər var-dövlət yığıblar və həmin var-dövləti qoruyub saxlamaq istəyirlər. Amma mən hesab edirəm ki, Prezident kifayət qədər iradəli bir siyasətçidir və qarşısına qoyduğu məqsədlərə çatacaq. Mən sizi Azərbaycan xalqı ilə birlikdə Prezidentin apardığı islahatlara kömək etməyə, onu müdafiə etməyə çağırıram. Əgər biz Qarabağ məsələsini həll etmək. Erməni bu torpaqlardan qovmaq istəyiriksə, güclü dövlət qurmalıyıq. Əhali arasında təbliğat apararaq dövlət başçısının apardığı islahatlara dəstək verməliyik. Allah şəhidlərimizə rəhmət etsin”.

Etikxeber.az

 

Read Previous

“Taliban” terrorçuları Tacikistanla sərhəd olan “Aqanc-Xva”ya nəzarəti ələ keçirdi…

Read Next

“Bu nə dəhşətdir, İlahi?” – QƏNİRƏ PAŞAYEVADAN KƏSKİN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir