MM-in iclası: ZAHİD ORUC QARAKƏND TERRAKTI İLƏ QARAHEYBƏT QƏZASINI EYNİLƏŞDİRMƏK CƏHDLƏRİNİ PİSLƏDİ, DÖVLƏT TURİZM AGENTLİYİNİN RƏHBƏRİ HOTEL XİDMƏTLƏRİNİN KEYFİYYƏTİNDƏN ŞİKAYƏTLƏNDİ, SPİKER İSƏ SABİR RÜSTƏMXANLININ FİKİRLƏRİNƏ ETİRAZ ETDİ – YENİLƏNİB – (4)

Bu gün, 14 dekabr tarixində Milli Məclisin (MM) növbəti plenar iclası keçiriləcək.

Etikxeber.az xəbər verir ki, iclasın gündəliyinə 17 məsələ daxil edilib.

Gündəlikdəki məsələlər bunlardır:

1. “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında” Sazişə və “2010-cu il 19 noyabr tarixli “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında Saziş”ə dəyişikliklər edilməsi haqqında” Protokola qoşulmaq barədə və “Əqli mülkiyyət sahəsində hüquq pozuntularının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında Sazişin xüsusi rəylə təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi. 

2. “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. “Müdafiə sənayesı sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının və “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).4. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi və Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanunlarının ləğv edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).6. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).7. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 8. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 9. “Turizm haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).11. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).12. “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).13. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

14. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).15. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 16. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 

17. “Media haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

00:00

***

MM-in növbəti iclası öz işinə başlayıb.

İclasa spiker S. Qafarova sədrlik edir.

11:00

***

Spiker öncə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) Türkiyənin İstanbul şəhərində keçirilən 15-ci konfransından danışıb.

Bildirib ki, Türkiyənin evsahibliyi etdiyi tədbirdə bir daha İkinci Vətən Müharibəsindəki Qələbəsi münasibəti ilə ölkəmiz, xalqımız təbrik edilib.

İƏT Pİ-nin son konfransını və bütövlükdə İstanbul səfərini uğurlu hesab edən S. Qafarova konfransdakı çıxışı və səfəri zamanı keçirdiyi görüşlərlə bağlı bir daha millət vəkillərini məlumatlandırıb.

11:07

***

MM-in İnsan hüquqları komitəsinin sədri Zahid Oruc son helikopter qəzasına toxunaraq, həmin hadisəni bəzi təxribatçı qüvvələrin terror hadisəsi kimi qiymətləndirməsini zərərli adlandırıb.

O, qeyd edib ki, 20 noyabr 1991-cı il Qarakənd terraktı ilə 30 noyabr 2021-ci il Qaraheybət helikopter qəzasını eyniləşdirmək, bunlar arasında paralellik aparmaq olmaz.

Komitə sədri həmçinin bildirib ki, hansısa terror hadisəsi və ya təxribatçı addımlarla Azərbaycanı güzəştlərə məcbur etmək mümkün deyil və olmayacaq:

“Millətimiz üçün çətin sınaq olan 30 noyabr tarixli vertolyot qəzası ilə bağlı hadisədən dərhal sonra yaranan 5 saatlıq informasiya vakuumunda dövriyyəyə atılan müxtəlif təxribatçı versiyalar təəssüf ki, bu gün də davam edir. Birincisi, heç bir əsas olmadan xarici dövlətlərə qarşı hücum edən, hadisəni sübutsuz terror adlandırıb yanlış hədəflər göstərən qüvvələr bizə düşmənlər qazandırmaqla millətimizin təhlükəsilziyinə xidmət etmirlər.Çünki hərbi Zəfərimiz Britaniya, Rusiya, İran və bir çox dövlətlər tərəfindən qəbul olunub, Soçi və Aşqabad görüşü, Türkmən qazının İran vasitəsilə alınaraq dünyaya çatdırılması mühüm regional-beynəlxalq hadisələr olsa da, vertolyot qəzasının səbəbləri kimi göstərilə bilməz. -İkincisi, Vətən müharibəsində və ötən bir ildə, eləcə də 16 noyabr tarixli sərhəd toqquşmasında əsir düşən erməniləri Azərbaycana terror zərbələri ilə geri almaq mümkün deyil.

Min kvadrat kilometrlərlə əraziləri qəhrəmanlıqla azad edən dövləti terror və təxribatlarla siyasi-hərbi güzəştlərə vadar edə bilməzlər. -Üçüncüsü, Vətən müharibəsindəki Qələbəmizə hücum məqsədilə “3000 şəhidin ölüm səbəbini sorğulamadınız, ona görə qəzada həlak olanların da haqlarını tələb etməyəcəksiniz” deyən əqidə sahibləri 44 günlük savaşda Ermənistanla birgə məğlub olanlardır.Bəli, düşmənçilikdən qazananlara böyük zərbə dəyib.Lakin Qələbəmizi möhkəmləndirməkdən bizi heç kəs çəkindirə bilməz. -Dördüncüsü, Silahlı qüvvələrimiz vahiddir. Onların rəhbərləri və bütün zabitləri, əsgərləri və bütün şəxsi heyəti, texnikası, texnologiyası vahid bir səngərdədir. Qəzasonrası Müdafiə Nazirliyi və Sərhəd Qüvvələri, o cümlədən bütün güc strukturları koordinasiyalı hərəkət ediblər, 44 gündə olduğu kimi, bir düşmənə qarşı eyni amalı daşıyırlar. Nəhayət,

1991-ci ilin Qarakənd terroru, Xocalı və Daşaltı əməliyyatları qanlı hadisələr olsa da 30 noyabr tarixli qəza ilə eyniləşdirilə bilməz. Çünki 30 noyabrda şəhid olanlar bir il əvvəl məhz həmin texnikalarla düşmənə öldürücü zərbələr vurublar və vertolyot sindromu, noyabr, Qarakənd, Qaraheybət faciə zənciri düzəltməyə ehtiyac yoxdur. 8 noyabr Səlnaməsi bütün tarixlərdə Zəfər ayı olaraq qalacaq və millətimizin taleyində nə baş versə də onun tarixi əhəmiyyəti dəyişməyəcək. Nəhayət, qəzadan sağ-salamat çıxan hərbçilərin yarğılanması, onların şok altında müsahibələrini şübhə ilə qarşılayanların halına acıyırıq.Ona görə də 10 noyabrla, 20 və 30 noyabrı paralelləşdirənlərin məqsədləri bəllidir. Belələrinin beyni “26 sentyabr”da qalıb. Ona görə də inanırıq ki, açıq informasiya siyasəti, ədalətli məhkəmə bütün təxribatçı rəy və ehtimallara aydınlıq gətirəcək, hərbi vertolyotlarımız daim qələbə uçuşlarını davam etdirəcəklər!

11:12

***

“Bu gün deputatların turizmlə bağlı səsləndirdiyi bir çox məsələlər “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərə alınıb”.

Bunu da iclasda “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

O, bildirib ki, turizmlə bağlı Strategiyada yer alan məsələlərin tez bir zamanda həll olacağına ümid edirlər:

“Turizm sektorunda lisenziya və icazələrin ləğvi iqtisadi fəallığı əhəmiyyətli şəkildə artırıb. Digər məqam turizm sektorunda istehlakçı hüquqlarının qorunması və xidmətin keyfiyyəti ilə bağlı problemdir. Hotellərin göstərdikləri xidmətlərin keyfiyyətində problemlər müşahidə edilir. Bu istiqamətdə də inkişafa nail olmaq üçün normativ bazanın yaradılması vacibdir. Yeni qanun turizm sektorunda davamlı inkişafı dəstəkləməlidir”.

Spiker isə deyib ki, deputatların qaldırdıqları məsələlərin həll olunacağına əmin olmaq istəyirlər:

“Deputatların təklifləri qəbul edilsə, bu, ancaq turizmin inkişafına dəstək olacaq”.

13:03

***

“Əhalinin bir hissəsinə az qala zorakılıqla təqaüdü kəsilir, onlar işsiz qalır”.

Bu barədə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.

O, bildirib ki, qanunlarla heç nəyi dəyişmək mümkün olmayacaq:

“Gurultulu adlar altında qanunu qəbul edirik, amma ortada heç nə yoxdur. Dolanışıq imkanı olmayan adam aylarla məşğulluq idarəsinə ayaq döyür, ortada da heç nə yoxdur”.

S. Qafarova da öz növbəsində S.Rüstəmxanlının fikirlərinə etirazını bildirib.

Qeyd edib ki, heç bir qanun burda gurultulu qəbul olunmur:

“Elə danışırsınız, guya hər yer dağılıb, ortada heç nə yoxdur. Necə yəni ortada heç nə yoxdur? Ölkədə bu qədər iş görülür. Bu qədər işlərdən sonra demək olar ki, heç nə ortada yoxdur?! Qanun layihəsinin qəbulu ilə insanların rifah halı yüksələcək”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Büdcə sistemi haqqında” yeni qanunvericilik aktına ehtiyac var”-ZİYAD SƏMƏDZADƏ PARLAMENTDƏ ÇIXIŞI ZAMANI BELƏ DEDİ

Read Next

Birmənalı qəbul edilməyən, etirazlara səbəb olan-“MEDİA HAQQINDA” YENİ QANUN LAYİHƏSİNİN MM-DƏ BİRİNCİ OXUNUŞDA MÜZAKİRƏLƏRİ BAŞLADI, ELMAN NƏSİROV SOSİAL ŞƏBƏKƏLƏRİN QANUNLA TƏNZİMLƏNMƏSİNİ TƏKLİF ETDİ, VAHİD ƏHMƏDOV “REKET JURNALİSTLƏR”İN ARXASINDA BƏZİ NAZİRLƏRİN DAYANDIĞINI DEDİ – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir