“O, hər zaman Azərbaycan insanının, Azərbaycan vətəndaşının yanındadır”-KAMİLƏ ƏLİYEVA YAZDI

Hər bir toplumu, kütləni Xalqa, Millətə çevirən onun parlaq, işıqlı zəka sahibləri, öndə gedən layiqli övladlarıdır.

Bu sarıdan Azərbaycan xalqını bəxti gətirmişlərdən saymaq olar.

Çünki Azərbaycan xalqının hər bir dönəmində, hər bir tarixində, hər bir yüz illiyində onun neçə-neçə layiqli oğul və qızları, övladları bu xalqın yolunda özlərini şam kimi əridiblər, işıq, nur, mayak olublar, onu inkişafa, tərəqqiyə doğru aparıblar.

Azərbaycan xalqının belə layiqli övladlarından, parlaq zəka sahibi olan Vətən sevdalılarından biri də Birinci vitse-prezidentimiz, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, keçmiş həmkarımız – hərçənd ki, ona keçmiş, eks demək olmaz, o, daim, əbədiyyən MİLLƏTİnin VƏKİLİdir – Mehriban xanım Əliyevadır.

Mehriban xanım Azərbaycanın ən tanınmış ziyalılar ailəsindən-Paşayevlər və İmanquliyevlər nəslindəndir.

Həm də 20-ci əsrin ən böyük Tarixi Şəxsiyyətlərindən, ikinci müstəqil Azərbaycanın qurucusu və memarı olan Ulu Öndərimiz Heydər Əliyev-Əliyevlər ocağının təmsilçisi, nümayəndəsidir.

Mehriban xanım həm əsl Azərbaycan qızı, həm əsl Azərbaycan xanımı, həm əsl Azərbaycan anası, həm əsl  Azərbaycan ziyalısı, həm də əsl dövlət və siyasət adamıdır.

Bütün bu yüksək və ali keyfiyyətlər hamısı Mehriban xanımda var və Mehriban xanımda birləşib, təcəlla edib.

Bütün bunları Mehriban xanım öz istedadı, öz bacarığı, öz titanik və yorulmaz, Azərbaycan naminə fəaliyyəti ilə bir ömür sığdıra, sığışdıra bilib.

Mehriban xanım eyni zamanda, Qalib Azərbaycanın Qalib və Müzəffər Ali Baş Komandanı, Azərbaycanı son 18 ildə sözün əsl və həqiqi mənasına Qələbələrdən Qələbələrə, Zəfərlərdən Zəfərlərə aparan, Qarabağına, işğaldan azad olunmuş torpaqlarına qoşuvduran Liderlər Lideri-ölkə Prezidenti cənab İlham Əliyevin ən yaxın, ən sadiq, ən etibarlı silahdaşıdır.

Onlar qoşa qanad kimi addımlayır və hər addımları ilə də Tarix, Dastan yazır, Azərbaycanın imzasını imzalar içində tanıdırlar.

Elə məhz bu səbəbdəndir ki, cəmi 4 il yarım  öncə ölkə Prezidenti Birinci vitse-prezidenti vəzifəsinə Mehriban xanımı təyin etdi və bu, adi, sıradan, təsadüfi təyinat deyildi, həm də güvən, etimad və etibar idi.

Ölkə Prezidenti bilirdi və əmin idi ki, bütün sahələrdə, bütün məsələlərdə, üzərinə, çiyinlərinə düşən bütün ağır və məsuliyyətli işlərdə hər zaman etimadı doğruldan Mehriban xanım bu çətin vəzifənin də öhdəsindən tam layiqincə gələcək, ona olan etimadı bir daha doğruldacaq.

Son 4 il yarımda yaşananlar, baş verənlər, şahidi olduqlarımız, Mehriban xanımın parlaq fəaliyyəti də deyilənlərin əyani sübutu və təsdiqidir.

Hər bir məsələdə, hər bir vəzifədə olduğu kimi, bu ali dövləti vəzifəsində də Mehriban xanım hər zaman Azərbaycan insanının, Azərbaycan vətəndaşının yanında oldu və bu gün də yanındadır.

Xüsusilə, son bir il yarım ərzində dünyanı başına almış koronavirus adlı bəlanın Azərbaycana, Azərbaycan xalqına təsirlərinin önlənməsində, o cümlədən 44 günlük tarixi İkinci Vətən Müharibəsi günlərində və ondan sonra Qarabağımızda, işğaldan azad olunmuş yurd yerlərimizdə başlanan Dirçəliş, Böyük qayıdış hərəkatında Mehriban xanımın rolu, fəaliyyəti misilsiz və ölcüyəgəlməzdir.

Mehriban xanım koronavirus pandemiyası “çağırılmamış üzlü qonaq” kimi ölkəmizə ayaq açan gündən dəfələrlə Azərbaycan xalqına müraciət, çağırış etdi, hər kəsi elliklə bu bəlaya qarşı mübarizədə birgə, həmrəy olmağa səslədi, öz addımları, davranışları ilə, tibbi maskadan istifadə etməklə və sosial məsafəni hər addımında gözləməklə, nümunə, örnək oldu.

Hər zaman Şəhid ailələri və Qazilərə həssas münasibəti ilə seçilən, fərqlənən Mehriban xanım İkinci Vətən Müharibəsi günlərində də Vətənin, Qarabağın azad olunması yolunda sağlamlıqlarını itirmiş,  qurban vermiş Vətən övladları, Qazilərlə bir araya gəldi, onlara bir ana, bir bacı şəfqəti göstərdi, göz yaşları axıtdı.

Çünki başqa cür də ola bilməzdi, çünki Mehriban xanım Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoməramlı səfiri kimi çoxdan özünü dünyanın rəhm, mərhəmət, şəfqət simvolu olaraq tanıtmış və təsdiq etmişdir.

Təşəbbüsçüsü, icraçısı, dəstəkçisu olduğu sosial-humanitar layihələrlə Mehriban xanım nəinki Azərbaycanda, onun hüdudlarından çox-çox uzaqlarda-qayğıya, mərhəmətə, şəfqətə, dayağa, köməyə ehtiyacı olanların ürəklərini fəth etmiş, onların qəlblərində özünə taxt ucaltmışdır.

Bu, hər birimizin qüruru, hər birimizin iftixar hissidir.

Qürur duyur, İftixar hissi keçiririk ki, dünyada mərhəmət və şəfqət simvoluna çevrilmiş Mehriban xanım məhz bizim-Azərbaycanın, Azərbaycan xalqının qızı, övladıdır.

Odur ki, İkinci Vətən Müharibəsi günlərində də, tarixi Qələbə və Zəfərimizdən sonra da Mehriban xanım hər bir kəsin qəlbini fəth etməkdə, hər bir vətəndaşın, hər bir insanın yanında olmaqda davam etdi və bu gün də şərəfli missiyanı layiqincə davam etdirməkdədir.

Heç təsadüfi deyil ki, xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsi olan Mehriban xanım Əliyevanın ölkə daxilində həyata keçirdiyi humanitar missiyası dövlətimiz tərəfindən yüksək dəyərləndirilmiş və Mehriban xanım Azərbaycanın ən ali dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülmüşdür.

Xarici ölkələrin ali dövlət mükafatları sırasında isə xüsusi olaraq bunları qeyd etmək olar: Fransanın “Şərəf Legionu”, Rusiyanın “Dostluq” və “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Pakistanın “Hilal-e Pakistan”, Serbiyanın “Sreten”, Macarıstanın “Xidmətlərə görə” Komandor Xaçı, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenləri, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı, Krans Montana Forumunun Qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl medalı, Küveyt Dövlətinin Fəxri diplomu, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, “Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı.

Mehriban xanım Əliyeva, eyni zamanda, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru seçilmişdir.

Bəli, bütün bunlar Mehriban xanımın uğuru olmaqla, həm də Azərbaycan adına olan, Azərbaycan adına qazanılan uğurlar, nailiyyətlər, təltiflərdir.

Bəli, Mehriban xanım haqqında günlərlə, həftələrlə, saatlarla danışmaq, bəhs etmək olar, ancaq atalar məsəlimizdə də deyildiyi kimi, görünən dağa bələdçi nə lazım?!

Hər şey gözlər önündədir və hər bir məsələdə də Azərbaycan insanı, Azərbaycan vətəndaş baş xətt olaraq keçir.

Çünki Mehriban xanımın fəaliyyətinin baş xəttini insanlıq və Azərbaycan insanı təşkil edir.

Qarşıdan Mehriban xanımın növbəti doğum günü gəlir.

Bu əlamətdar gün münasibəti ilə Merhriban xanımı ürəkdən təbrik edir, ona şəxsi və ictimai-siyasi həyatında, fəaliyyətində növbəti uğurlar, nailiyyətlər, müvəffəqiyyətlər arzulayırıq.

Yaxşı ki, varsınız, yaxşı ki, bizimsiniz Mehriban xanım!

Doğum gününüz mübarək olsun, Allah Sizi, gözəl ailənizi və Azərbaycanımızı qorusun!

11:11

Kamilə ƏLİYEVA,

Millət vəkili, BDU-nun kafedra müdiri  

Etikxeber.az

Read Previous

İlham Əliyevlə Mehriban Əliyeva Bakıda yeni yaradılan “Gənclik” parkının-AÇILIŞINDA – FOTOLAR – YENİLƏNİB

Read Next

Konfrans Liqası: “Qarabağ” “Aberdin”ə qalib gəldi-QRUP MƏRHƏLƏSİNƏ YÜKSƏLDİ – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir