Qarabağ münaqişəsinin həllinə dəstək verməliyik – FRANSALI DEPUTAT

RUMIN EKSPERTDƏN QALMAQALLI SÖZLƏR…

Biz 200 il əvvəl Azərbaycana məxsus olmuş ərazini tələb etmirik.

Etikxeber.az-ın xəbərinə  görə, bunu bu gün Milli Məclisdə (MM) keçirilən  “Azərbaycan Avropa məkanında” adlı konfransda Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev bildirib.

“Düzdür, Fransa ATƏT-in Minsk Qrupunda Avropa İttifaqını təmsil etmir. Amma son 2 ildə Avropa İttifaqı 5 qətnaməsində Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını tanıyıb. Düşünürəm ki, Fransanın da münasibəti bundan fərqli deyil”-deyən C. Feyziyev bildirib ki, Avropada bu münaqişəyə fərqli münasibət yoxdur: “Sadəcə, Avropada erməni lobbisi və ayrı-ayrı fərqli mövqedə olan qruplar var. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Bir sıra Almaniya və Fransa şirkətləri 25 ildir ki, Azərbaycanda fəaliyyət göstərir. Azərbaycan yüksək səviyyədə beynəlxalq əməkdaşlıq həyata keçirir. Azərbaycan yeni münasibəti Avropa İttifaqından gözləyir. Azərbaycan əraziləri işğal altındadır və hücuma məruz qalır. Avropa İttifaqı məsələyə kifayət qədər ədalətli yanaşmalıdır. Biz 200 il əvvəl Azərbaycana məxsus olmuş ərazini tələb etmirik. 200 il əvvəl İraqın, Suriyanın şimalı Azərbaycan ərazisi idi. İndi müasir Azərbaycanın ərazisi var və bütün bəşəriyyət İkinci Dünya Müharibəsindən sonra hazırkı  sərhədləri qəbul edib. Biz həmin sərhədlərin qəbul edilməsini istəyirik. Biz Avropanın Dağlıq Qarabağ münaqişəsinə həllində ədalətli mövqe tutmasını istəyirik. Münaqişə səbəbindən Cənubi Qafqazda hazırda ən pis durumda olan ölkə Ermənistandır. Çünki münaqişə səbəbindən Ermənistana böyük sərmayələr qoyulmur. Biz Avropa İttifaqı ilə münasibətlərin inkişaf etməsini istəyirik. Eyni zamanda bu axşam sizə yaxşı futbol matçı izləməyi arzu edirəm”.

Avropa Parlamentinin (AP) Fransadan olan üzvü Emerik Şopard Azərbaycanın həqiqətən tolerant ölkə olduğunu vurğulayıb: “Biz həmçinin Qarabağ münaqişəsinin həllinə dəstək verməliyik. Mən tarixçiyəm, Azərbaycan çox maraqlı tarixə malikdir. Biz sizdən çox şey öyrənməliyik”.

MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropanın Azərbaycana münasibətini yalanlar üzərində qurmamalı olduğunu vurğulayıb: “Ermənilər çox güclü lobbi hərəkatına malikdirlər. Fransa, İngiltərə və digər ölkələrdə böyük lobbiləri var. Ona görə də biz həqiqətlərimizi çatdırmaq üçün inkişafa, biznes uğurlarına diqqət yönəltdik. Biz artıq Dağlıq Qarabağ münaqişəsinə görə yox, iqtisadi inkişafa, beynəlxalq tədbirlərin, böyük idman yarışlarının keçirilməsinə görə diqqəti cəlb edirik”.

Rumıniya Ticarət-Sənaye Palatasının üzvü Afanasi Tyudor isə çıxışında qalmaqallı fikirlər səsləndirib.

O, əvvəlcə Qarabağ məsələsinin “qarışıq məsələ” olduğunu iddia edib. Sonra iddia edib ki, Azərbaycan Qarabağı azad edərsə, işğalçı dövlət olacaq: “Siz deyirsiniz ki, Qarabağ sizindir. Amma o ərazilər hazırda Ermənistanın nəzarətindədir. Əgər siz Qarabağı işğaldan azad etsəniz, onda işğalçı kimi tanınacaqsınız, işğalçı kimi qəbul edəcəksiniz…”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Qarabağla bağlı Kazan prinsipləri ətrafında danışıqlar gedir – RUSİYALI POLİTOLOQ

Read Next

“Bunun heç yeri deyildi…” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir