Ailənin iki övladından biri…Evin tək övladı… İki qardaşdan biri…Ramil Babayev və Elməddin Hüseynzadənin Şəhidliyindən, Adəm Əliyevin torpağa tapşırılmasından bir il ötür-MƏZARLARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMLƏRİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (5)

Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən ikisinin Şəhid olduğu, ikisinin torpağa tapşırıldığı gündür.

Kürdəmirin ilk İkinci Vətən Müharibəsi Şəhidi-MAXE Adəm Əliyev 2020-ci ilin 28 sentyabr tarixində Şəhid olub, bir gün sonra, 29 sentyabr tarixində Kürdəmir rayon Şəhidlər Xiyabanında dəfn olunub.

Kürdəmirin digər İkinci Vətən Müharibəsi Şəhidi-peşəkar hərbçi, Baş leytenant Ramil Babayev isə sentyabrın 29-da Şəhidlik məqamına yüksəlib.

Üç tələbə yoldaşı…Üç can dostu…Üç Şəhid-RAMİL, TƏRLAN VƏ CAVİD… – FOTOLAR

Ancaq uzun müddət onun nəşi tapılmayıb, nəşini ancaq 4 ay iki gündən sonra əldə etmək mümkün olub və bu ilin yanvarın 31-də Kürdəmir Şəhidlər Xiyabanında dəfn edilib.

Eyni zamanda, bu gün Bərdənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan, evin-ailənin tək övladı, anası tərəfindən təkbaşına böyüdülən MAXE Elməddin Hüseynzadənin həm Şəhid olduğu, həm torpağa tapşırıldığı gündür.

Elməddin Hüseynzadə sentyabrın 29-da Şəhid olub və elə həmin gün axşam saatlarında Bərdə rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Bu gün həm Adəm Əliyev, həm Ramil Babayev, həm də Elməddin Hüseynzadənin məzarları ziyarət olunacaq, məzarları üzərinə gül dəstələri düzüləcək, ruhlarına dualar oxunacaq.

Həmçinin, Şəhidlərlə bağlı ailələrinin yaşadıqları evdə anım mərasimləri keçiriləcək.

Həm ziyarət, həm də anım mərasimlərində adları çəkilən Şəhidlərin ailə üzvləri, yaxınları, qonşuları, yerli sakinlər, digər bölgələrdən olan Şəhid ailələri və digər şəxslər iştirak edəcəklər.

Sonda Şəhidlərin adına ehsan süfrələri açılacaq.

Qeyd edim ki, Ramil Babayev evli, iki övlad atası, Adəm Əliyev və Elməddin Hüseynzadə isə subay olub.

Həmçinin, Adəm Əliyevin anası və qardaşı hələ də kirayədə yaşayır…

Allah hər üç Şəhidimizin ruhunu şad, məkanını cənnətlik etsin, ailələrinə, əzizlərinə səbr versin!

00:03

***

Bir azdan, səhər 9-10 radələrindən Şəhidlərin məzarlarının ziyarəti başlayacaq.

Şəhiz məzarlarının ziyarəti təxminən 1 saat, 1 saat yarım davam edəcək.

Ziyarətdən sonra, 11-12 radələrindən isə anım məarasimləri başlayacaq.

07:07

***

Şəhid Adəm Əliyevin anım günü ilə bağlı Kürdəmir rayon Şəhidlər Xiyabanındakı məzarının ziyarəti səhər saat 10:00-dan başlayaraq, 12:00-a qədər davam edib.

Ziyarətdə Şəhidin anası Akifə xanım, qardaşı Arif Əliyev, rayon sakinləri, Kürdəmirdən, Ağdamdan, Neftçaladan, Masallıdan, Salyandan, Beyləqandan və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, Qazilər, hərbçilər, din xadimlər, Kürdəmir rayon rəhbərliyi və digər şəxslər iştirak ediblər.

Ziyarət zamanı Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, eyni zamanda, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Həmçinin, Şəhidin məzarı başında çıxışlar edilib, Adəm Əliyev və cəmi Şəhidlərin Qələbə və Zəfərimizdəki rolundan bəhs olunub.

Ziyarətdən sonra “Leyli” şadlıq sarayında Şəhidlə bağlı anım məarasimi keçirilib, adına ehsan süfrəsi açılıb.

***

Saat 12:00-dan başlayan anım mərasimi isə təxminən 4 saat davam edib.

Anım mərasimində bir daha Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra çıxış üçün Şəhidin anası Akifə xanıma söz verilib.

Şəhid anası belə bir gündə onları tək buraxmadıqları üçün mərasim iştirakçılarına, Şəhid ailələrinə minnətdarlığını bildirib.

O, eyni zamanda övladı ilə Fəxr etdiyini, Qürur duyduğunu bildirib.

Sonra Kürdəmir rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Ağəli Kərimli, o cümlədən, Şəhid ailələri, Şəhid anaları, AĞ Partiyanın rəhbəri, Şəhid qardaşı Tural Abbaslı və digərləri çıxış ediblər.

Onlar bir daha qeyd ediblər ki, Qələbə və Zəfərimizə görə, Şəhidlərə minnətdardırlar.

Məhz Şəhidlərin, Qazilərin, Vətən sevdalılarının sayəsində tarixi Qələbə və Zəfər əldə edilib, 44 günə 32 illik münaqişəyə son qoyulub, Ermənistan diz çökdürülüb.

Qeyd olunub ki, ona görə heç kimin Şəhidləri unutmağa haqqı yoxdur.

Mərasimdə Şəhidlərə, Vətən həsr olunmuş mahnılar, şeirlər səsləndirilib.

Sonda Şəhidin adına ehsan verilib.

16:40

***

Hazırda Adəmgildəyəm…

Ailənin iki övladından, iki qardaşdan biri olan və anası tərəfindən kirayələrdə təkbaşına böyüdülən Adəm İkinci Vətən Müharibəsindən bir az öncə yenidən Orduya gedib, MAXE kimi fəaliyyətə başlayıb…

MAXE kimi də İkinci Vətən Müharibəsinə, döyüşlərə qatılıb…

Və döyüşlərin ikinci günü, sentyabrın 28-də Kəlbəcər-Murov istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi isə bir gün sonra Kürdəmir Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

Kürdəmirin ilk İkinci Vətən Müharibəsi Şəhidi olan Adəm ölümündən, Şəhidliyindən sonra 3 medalla təltif olunub…

***

Adəm sənətə, yaradıcılığa çox meylli və böyük arzuları, xəyalları olub…

Təəssüf ki, ömrü kimi, bir çox arzuları və xəayalları da yarımçıq qalıb…

Amma ən böyük arzusu, Vətən torpaqlarının işğaldan azad edilməsi arzusu gerçəkliyə, reallığa çevrilib…

Qarabağı, Vətən torpaqları 27-28 ildən sonra, cəmi 44 günə işğaldan azad olunub…

Və məhz Adəm kimi İgid, Qəhrəman, Dastan yazan Vətən sevdalılarının sayəsində.

Ruhu, ruhları qarşısında baş əyirəm, baş əyirik!

Daim qəlblərdə, qəlbimizdədirlər!

17:17

***

FOTOLAR:

17:39

***

Saat 20:05…

Adəmgildən çıxıb, ailəsi ilə sağollaşıb digər Nur üzlü Şəhidimiz Ramil Babayevgilə, Qəhrəmanlıq dastanı yazan İgidimizin ailəsini ziyarətə gedirəm…

Ramilin valideynlərinə-anası İlhamə xanıma, atası Taqət kişiyə, qardaşı Röyala, basına və digər yaxınlarına bir daha başsağlığı verir, bir daha onlara Allahdan səbr diləyirəm…

Ziyarətim təxminən 40 dəqiqə çəkir…

Və ziyarətimi başa vurub yenidən Bakıya yol alıram…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“İyul hadisələrindən, Polad Həşimov və İlqar Mirzəyevin Şəhidliyindən sonra özünə gələ bilmirdi, deyirdi ki, müharibə başlasa, hamıdan qabaq döyüşlərə atılacaq və…”-ŞƏHİD BİLAL QƏNBƏROVUN ANASI GÜLTƏKİN XANIM… – FOTO-VİDEO – YENİLƏNİB – (2)

Read Next

Teymur Rəcəbov Çempionlar Turunda Aronyana-QALİB GƏLDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir