Sosial şəbəklər məsələsi parlamentin yenidən gündəmində – YENİLƏNİB

Spiker yaz sessiyasının ilk iclasında deputatlara irad tutdu

Fevralın 1-də  Milli Məclisin (MM)  növbəti-2019-cu il yaz sessiyası öz işinə başlayıb.

Etikxeber.az  xəbər verir ki,  spiker Oqtay Əsədov çıxışında qeyd edib ki, Milli Məclis prezident İlham Əliyevin apardığı xarici və daxili siyasəti yüksək səviyyədə müdafiə edib:

“Belə ki, Qanunvericilik bazası möhkəmləndirilib.  Hesab edirəm ki, yaz sessiyası da məhsuldar və səmərəli olacaq”. O, bildirib ki, bir çox qanun layihələri , o cümlədən, baş bazirin, ombudsmanın, bələdiyyələrlə bağlı ədliyyə nazirinin müavininin və insan alverinə qarşı milli koordinatorun hesabatı dinləniləcək.

Qeyd edək ki, spiker iclasın elə ilk balanğıcında deputatlara iradını bildirib: “ Hələ sessiyaya bu gün başlamışıq. Zalda 115 nəfər var. Amma səsvermədə diqqətli deyilsiniz və iştirak etmirsiniz. Xahiş edirəm, diqqətli olun”.

Sonra parlamentin komissiyalarının tərkibində dəyişikliklər edilib.

Belə ki, MM-in İntizam komissiyasının və Hesablayıcı komissiyasının yeni tərkibi təsdiq edilib.

İntizam Komissiyasının tərkibinə Ağacan Abıyev,  Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa ilə yanaşı, yeni üzvlər – Malik Həsənov, Sevinc Hüseynova, Hikmət Məmmədov, Pərvin Kazımzadə, Fəzail İbrahimli də daxil edilib.

Kamran Nəbizadə komissiyanın tərkibindən çıxarılıb.

Qeyd edək ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, İntizam komissiyasının üzvlərinin sayı 7-dən 11-ə artırılıb.

Qanunverici orqanın Hesablayıcı komissiyasının isə tərkibi isə olduğu kimi qalıb. Belə ki, komissiyaya Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Xanhüseyn Kazımlı, Rafael Hüseynov, Zahid Oruc, Mixail Zabelin və Sədaqət Vəliyeva daxildir.

Vahid Əhmədov:  Bank sistemi tam çökə bilər

Deputat  Vahid Əhmədov  “Əmanətlərin tam sığortlanması  haqqında” qanunun vaxtının uzadılmasınə təklif edib.

O, çıxışında vurğulayıb ki, bu qanun  2016- ci ildən tətbiq edilməyə başlanılıb: “ Əmanətlərin tam sığortalanmasınının müddəti cari ilin mart ayında başa çatır. Bu müddətin uzadılması yeni qanun qəbul edilməli, ya müvafiq qanuna dəyişikliklər edilməlidir. Əgər bu müddət uzadılmasa, Azərbaycanın bank sistemi çökəcək. Bankları da əmanətçiləri də bu vəziyyətdən çıxarmaq lazımdır. Yoxsa bu banklara  növbəti böyük zərbə olar”.

Deputat erməni terrorçusuna abidə qoyulması məsələsinə toxundu 

Deputat Əflatun Amaşov isə Gürcüstanda  Azərbaycan torpaqlarının işğalında iştirak etmiş cinaytkar erməni terrorçusunun abidə ucaldılması məsələsinə toxunub.

Ə. Amaşov parlamentdə qeyd edib ki, Azərbayacanla Gürcüstanın yüksək qonşuluq əlaqələri olsa da, buna qarşı hələ də fəaliyyət göstərən əks qüvvələr var: “Əmiəm ki, Gürcüstan hakimiyyətinin bundan xəbəri tam mənada yoxdur.  Amma həmin qüvvələr yenə də iş başındadırlar. Hələ 2006- ci ildə Axalkalakidə başqa bir erməni terrorçusuna heykəl qoymuşdular. İndi isə bu addımı atdılar. Həmçinin Nəriman Nərimanovun Marneulidəki abidəsinə qarşı hörmətsizlik edildi. Ona görə də hesab edirəm ki, bunlar tezliklə aradan qaldırılmalıdır”. 

Spiker öz növbəsində  məsələylə bağlı Gürcüstan hökuməti ilə danışıqlar aparıldığını qeyd edib: “Bizim Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat verib. Mən əminəm ki, gürcü hökuməti də bu məsələni diqqətdə saxlayıb məsələni həll edəcək”.

***

Zahid Oruc: Şəhidlər Xiyabanı aksiya məkanı deyil

Deputat Zahid Oruc  çıxışı zamanı daha çox  Şəhidlər Xiyabanının siyasi aksiya meydanına çevrilməsi cəhdlərinə qarşı etiraz edib.

Onun sözlərinə görə, Şəhidlər Xiyabanı millətin qürur və and, sükut yeridir: “Həmin məkana heç bir halda aksiya məkanına çevirmək olmaz. Kimlərsə də bu müqəddəs məkanı aksiya yerinə çevirmək istəyirlərsə,  çox böyük səhv edirlər. Onlara da ən böyük cəzanı şəhidlərin ruhu verəcək”.

Millət vəkili sosial şəbəkələrin tənzimlənməsini istəyir

Deputat Sahib Alıyev sosial şəbəkələrin qanunla tənzimlənməsinin tərəfdarıdır.

O, hesab edir ki, təkcə onlayn media deyil, həmçinin sosial şəbəkələr də qanunla tənzimlənməlidir: “Ya bununla bağlı ayrıca qanun qəbul olunmalı, ya da mövcud qanunvericiliyə dəyişikliklər edilməlidir. Çünki xüsusilə bu gün sosial şəbəkələrdə təhqirlər baş alıb gedir”.

Deputat onlayn media ilə bağlı təklif irəli sürdü

Deputat Fazil Mustafa onlayn media ilə bağlı  yeni qanun layihəsinin hazırlanmasını təklif edib. 

O, bunu indiki mövcud situasiya ilə əlaqələndirib: “ Hesab edirəm ki, buna indiki dövrdə ehtiyac var və qanun  layihəsinin hazırlanması sürətləndirilməlidir”. Həmçinin, çıxışında böyük Azərbaycan mütəfəkkiri Əhməd bəy Ağaoğluna heykəl ucaldılmasını  təklif edib. O, bildirib ki, bu il Ağaoğlunun 150 illik yubileyi tamam olur: “Hesab edirəm ki, bu heykəl Gürcüstanda azərbaycanlılar yaşayan bölgədə ucaldılmalıdır. Bu, elə bizim  Gürcüstandakı indiki situasiyaya, yəni, erməni terrorçusuna qarşı heykəl ucaldılması məsələsinə ən böyük etirazımız olardı.  Bu məsələdə ümumi sözlərlə kifayətlənmək olmaz”.

Siyavuş Novruzov: Söyüş söyürlərsə, biz də onun qarşılıqlı cavabını verməliyik

“Bunlarınkı ancaq söyüşdür. Söyüş söyürlərsə, biz də onun qarşılıqlı cavabını verməliyik. Bəzən deyirlər ki, bu  Siyavuş Novrzuovun, Bahar Muradovanın, Ziyafət Əsgərovun işidir. Amma bu 125 deputatın işidir”.

Bunu da çıxışında deputat Siyavuş Novruzov bildirib. O, qeyd edib ki, kimsə sosial şəbəkədə nəsə paylaşır: “Başqaları da altında söyüşünü yazıb çıxıb gedir. Bütün cəmiyyəti də bir-birinə qatırlar. Bunlar mənəvi terror yolunu seçiblər. Bu yolla istəyirlər ki, hansısa yenilik tətbiq etsinlər. Ancaq bu, onların ağlının məhsulu deyil.  Onları xaricdən idarə edənlərin ağlının məhsuludur. Bzii ümumi qlobal yolumuzdan döndərmək mümkün deyil.  Bəli, onlayn, sosial şəbəkələrlə bağlı məsələ tənzimlənməlidir. Azərbaycanda sosial problemlər həll olunduqca, bunlar tamamilə təşvişə düşürlər.  Elə şəhid ailələri ilə bağlı məsələ həl edildi. Bu gün onlar başa düşməlidir ki, Azərbaycanla bu dillə danışmaq mümkün deyil. Mən hesab etmirəm ki, Azərbaycanda kimsə dövlət nümayəndələri  xaricdəkilərə  xəbər ötürür. Mən kiminsə Azərbaycan dövlətindən xəbər ötürməyinə inanmıram. Bu gün komanda birdir.  Hələ biz uzun müddət  bir yerdə olub buna qarşı mübarizə aparacağıq”.

Əli Hüseynli: Qanunvericilkdə heç bir problem yoxdur, sadəcə, onun tətbiqi ilə bağlı işlər görmək lazımdır

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə  həmkarlarının sosial şəbəkələrlə bağlı məsələnin tənzimlənməsi ilə bağlı çıxışlarına şərh verərkən deyib ki,  2016- ci  ildə Cinayət Məcəlləsinə 149-1 maddəsi əlavə edildi. Bu maddə internet resurslarında təhqirlərlə bağlıdır:

“Buna görə cərimə və azadlıqdan məhrumetmə cəzası var. Ancaq qanunun tətbiqində boşluqlar var”.  O, ölkə başçısının şəhid ailələri ilə bağlı qərarlarına diqqət yönəldib : “Təbii ki bu problemin araşdırılması ilə bağlı  zaman tələb olunurdu. Amma baxın internetdə radikal müxalifətin nümayəndələri  necə davranır? Onlar şəhid ailələrini təhqir edir və deyir ki, nə üçün prezidentlə əl görüşdünüz və onlarla şəkil çəkdirdiniz. Azərbaycanda bu qədər şəhid olmasının günahı 1992-ci ildə hakimiyyətdə olanlardır.  Ona görə hesab edirəm ki, sosial şəbəkələrdə yayılan təhqirlə bağlı qanunvericilkdə heç bir problem yoxdur, sadəcə, onun tətbiqi ilə bağlı işlər görmək lazımdır”.

Məsələyə müdaxilə edən spiker qeyd edib ki, MM qanunları müfəssəl işləyir, ancaq sonra onların tətbiqində problemlər çıxır: “Hüquq siyasəti və dövlət quruculuğu  komitəsinə tapşırmışam ki, bu məsələyə yenidən baxaq. Nəsə tədbir görmək lazımdır ki, belə təhqirlər aradan qalxsın. Mən xaricdə yaşayanları demirəm. Daxildəkilərə bəs nə deyək? Milli Məclisin deputatlarına nə gəldi yazırlar. Bizim mentalitet yol vermir ki, belə təhqirlər olsun”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

 

 

Read Previous

Deputatdan “Azəriqaz”a sərt ittihamlar….

Read Next

İki deputata vəzifə verildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir