Prezident İlham Əliyev Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Etikxeber.az xəbər verir ki, Sərəncama əsasən Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 3,0 (üç) milyon manat vəsait ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Eyni zamanda, ölkə Prezidenti Şuşa şəhərində istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Şuşa şəhərində növbəti istilik mövsümündə 31 binanın isitmə və isti su ilə təmin edilməsi üçün qazanxanaların, binadaxili sistemlərin layihələndirilməsi, tikintisi və quraşdırılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1 milyon manat vəsait ayrılıb.
Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Etikxeber.az