Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bir vaxtlar Məmməd Rahimlə eyni otaqda, eyni masa arxasında fotoaparatın obyektivinə baxan Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Xəlil İbrahim və neçə-neçə başqaları 1940-cı illərdə yox idilər. Yox eləmişdilər onları, əsərləri də adları kimi unudulsun deyə hər yerdən yığışdırılmışdı.
Ancaq həmin 1940-cı illərdə Nizami Gəncəvinin “Xəmsə”si ana dilimizə çevrilirdi, hansı məsnəvinin hansı şairə tapşırılması məsələsində yalnız istedadın səviyyəsi deyil, ədəbi nüfuzun, ictimai-siyasi çəkinin ciddi təsiri vardı. Və Səməd Vurğun, Rəsul Rza, Abdulla Şaiq, Süleyman Rüstəm, Mikayıl Rzaquluzadə ilə bir sırada Məmməd Rahimin də adı vardı, ona da “Yeddi gözəl” tapşırılmışdı.
Məmməd Rahim böyük ədəbiyyatın ovsununa hələ 1920-ci illərin əvvəllərində düşmüşdü. Xeyli sonralar, ahıl çağlarında xəyalən həmin günlərə qayıdaraq xatırlayırdı ki, 1922-də böyük qardaşı Yusifin toyunda bədahətən şeirlər söyləyən Əlağa Vahidi görəndə onun sözləri necə asanca ram edib asudəcə istənilən fikrə sarı yönəldə bilməsinə mat qalmışdı və ürəyində “nolaydı, İlahi mənə də belə bir şairlik qismət edəydi” arzulamışdı.
Vahid kimi, Rahim də abşeronlu olsa da, onun kimi şair-qəzəlxan olmadı.
Amma hər halda arzusuna yetişdi, böyük ədəbiyyatda öz yerini tutdu.
Rahimin mahnıya çevrilmiş məşhur bir şeirindəndir bu misra: “Hər aşiqin dövranı var”.
Dövran Rahimin dövranı idi. Ədəbiyyata gəldi, 1930-cu ildə 23 yaşındaykən “Arzular” adlı birinci kitabı işıq üzü gördü. Dövrə görə bir gənc şairdən ötrü bu, böyük nailiyyət idi. İlk kitab yol açdı, onun uğurlu işığı ilə Məmməd Rahim onillərcə irəlilədi, enişli-yoxuşlu, yaxşılı-yamanlı bir ömür və yol yaşadı.
Yarım əsrlik fəal ədəbi həyatı ərzində çoxlu kitabları nəşr olundu, Qərb, Şərq və rus ədəbiyyatından bolluca tərcümələr etdi, hələ 1957-ci ildə, qapılar açan bu adın ən üstün sənətkarlara verildiyi əyyamlarda “xalq şairi” titulunu qazandı, Sovet İttifaqının ali təltiflərinə layiq görüldü, Dövlət mükafatı aldı, şeirləri dərsliklərə daxil edildi, 1977-ci ildə dünyadan köçəndə onu ən seçkin ədəbi-ictimai xadimlərdən biri kimi Fəxri xiyabanda torpağa tapşırdılar.
…Vaxt Ələyi öz işindədir. Artıq Məmməd Rahimin nəsildaşlarından sağ qalan yoxdur. Gəncliyi Rahimin ixtiyar vaxtlarına təsadüf edən qələm sahiblərinin özləri oturuşmuş ağsaqqaldırlar. Onların xatirələrində hələ diridir Məmməd Rahim. Kitablarını vərəqləyirəm. Yazısının tərziylə, üslubuyla bu şeirlərin əksəri lap çoxdan dünənindir. Publisistik düşüncələrini, tənqidi məqalələrini oxuyuram. Kitabında çıxanları və 1930-cu illərin saralmış qəzetlərində qalanları. Əhməd Cavaddan, Müşfiqdən bəhs edən köhnə yazıları da qalır, bəraətdən sonrakı yazıları da.
Vaxtın Ələyi çox şeyləri sovurur. Lakin eyni qələmin dünən ittiham etdiyini sonra öydüyünü görəndə onu ibrət olaraq tarixin sabahındakılar üçün hifz edir ki, ibrət alsınlar…
Məmməd Rahim dövrünün övladı idi və siyasi mühitin diktəsiylə ürəkdənmi, yarıkönülmü, ya xala-xətrin qalmasın yazdıqlarına görə onu qınamıram. Zəmanə elə zəmanə idi. Qəlp sözlər, onsuz da, əvvəl-axır öz-özünə uçub gedir.
Məmməd Rahimi bu gün yaşadan onun zərif lirik düşüncələri, keyfiyyətli tərcümələri, bir zamanlar nə yaxşı ki, kağıza etibar etdiyi və ayrı-ayrı qələm ustalarımızın ömür yoluna işıq salan xatirələridir.
Bir də məlahətli səslərdə, unudulmaz ifalarda əbədiləşmiş nəğmələri.
Zənnimcə, bunlar yalnız indi, Məmməd Rahimin 110 yaşının tamam olduğu günlərdə deyil, elə bizim görəcəyimiz və görməyəcəyimiz sabahlar içərisində də diri, sevimli qalacaq…
Rafael Hüseynov,
Millət vəkili
Etikxeber.az