Heydər Əliyev Sarayında Tofiq Quliyevin xatirəsinə həsr edilən konsert oldu – FOTO

Yanvarın 31-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq Artisti Tofiq Quliyevin xatirəsinə həsr edilən “Könül nəğmələri” adlı konsert olub.

Etikxeber.az xəbər verir ki, Xalq artistləri Yalçın Rzazadə, Azər Zeynalov, Samir Cəfərov, Brilyant Dadaşova, Əməkdar artistlər Anar Şuşalı, Lalə Məmmədova, Abbas Bağırov, İnarə Babayeva, Fərid Əliyev, Almaz Orucova, Zakir Əliyev, Röya, Teymur Əmrah, İlqar Muradov və başqaları bəstəkarın yazdığı mahnıları ifa ediblər.

Tofiq Quliyev 1917-ci il noyabrın 7-də Bakıda dünyaya göz açıb. O, 1935-ci ildən Azərbaycan Dövlət Dram Teatrında (indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı) dirijorluğa başlayıb. 1939-cu ildə Niyazi ilə birgə ilk estrada orkestrini yaradıb. Həmin ildən başlayaraq Tofiq Quliyev Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Dram Teatrı, S.Vurğun adına Rus Dram Teatrı, M.Yermolova adına Moskva Dram Teatrı, Gəncə Dram Teatrı və A.Şaiq adına Kukla Teatrı üçün 30-dan çox tamaşaya musiqi yazıb.

1941-ci il sentyabrın 7-də Tofiq Quliyevin rəhbərliyi altında estrada orkestri Bakı Filarmoniyasında ilk konsert proqramı ilə çıxış edib və bununla da milli cazın əsasını qoyub. Orkestrin rəhbəri isə Azərbaycanın musiqi tarixinə estrada-caz musiqisinin banisi kimi daxil olub.

Tofiq Quliyev 40-dan çox filmə musiqi yazıb. O, 1958-1959-cu illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, 1961-ci ildən isə filarmoniyanın direktoru olub.

1998-ci ildə Tofiq Quliyev müstəqil Azərbaycanın “İstiqlal” ordeni ilə təltif edilib. Ordeni ona Ulu Öndər Heydər Əliyev təqdim edib.

Tofiq Quliyev 2000-ci il oktyabrın 5-də vəfat edib.

Etikxeber.az

Read Previous

Gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir – RƏCƏBLİ

Read Next

Masallı rayonunda 5 otaqlı ev yandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir